"Mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik”.
"Report” xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
O bildirib ki, hazırda Azərbaycanda bir neçə sahədə islahatlar gedir: "Həmkarlarımız çıxışlarında media sahəsində də islahatların aparılmasını səsləndirirlər. Bu fikirlərinə görə onlara təşəkkür edirəm, ancaq kimsə düşünməsin ki, mediamız zəifdir və jurnalistlərimizin peşəkarlığı aşağı səviyyədir. Əsla belə deyil”.
MŞ sədri qeyd edib ki, medianı daha da güclü görmək üçün ilk növbədə onların iqtisadi müstəqilliyini artırmalıyıq:
"Media varlı olmalıdır. Əgər media varlı olsa, daha azad, müstəqil və peşəkar olar. Bu da əsasən reklamla bağlıdır. Dünyada medianın gəlirlərinin 80 faizi məzh reklam vasitəsilə formlaşır. Azərbaycanda isə bu göstərici çox aşağıdır. Hətta demək olar ki, yoxdur. Bunun da obyektiv və subyektiv səbəbləri var. Kölgə iqtisadiyyatına, monopoliyaya qarşı mübarizənin gücləndiyi, şəffaflığın artdığı bir şəraitdə reklam bazarının genişləndirilməsi üçün yollar axtarmalıyıq. Eyni zamanda mediaya subsidiyaların, güzəştli kreditlərin verilməsini gündəmə gətirməliyik. Ən əsası isə çap məhsulları üzərindən ƏDV-ləri götürməliyik”.