"Regionda hansısa virus təhlükəsi varsa, Azərbaycan da istisna deyil. Bu baxımdan, Çində yayılan "Korona” virusunun Azərbaycanda yayılma təhlükəsi var”.
Bunu Modern.az-a açıqlamasında Azərbaycan Tibb Universitetinin dosenti, respublikanın baş infeksionisti Cəlal İsayev bildirib.
O, qeyd edib ki, Çinlə olan iqtisadi əlaqələr fonunda təhlükə riski mövcuddur:
"Bizim Çinlə gediş-gəlişimiz çox olur, həm turistik, həm də ticarət məqsədilə. Əgər kimsə Çinə gedib, xəstələrlə təmasda olarsa, yoluxa bilər. Amma xəstələrlə təmas da, hər zaman yoluxmaya səbəb olmur. Bunun üçün sıx təmas lazımdır”.
Həkim virus təhlükəsi səbəbindən Çinlə iqtisadi əlaqələrə müvəqqəti məhdudiyyət qoyulmasının tərəfdarı deyil:
"Dünya bir-birilə əlaqədədir. Buna görə də sadəcə şəxsi gigiyena qaydalarına riayət edilməlidir. İnsanların yediyi qidaların texniki işlənməsinə nəzarət olmalıdır. Təmizlik mütləqdir, əllər tez-tez yuyulmalıdır. Çünki bu viruslar dezinfeksiyaedicilərə qarşı çox həssasdır”.
Baş infeksionistin sözlərinə görə, "Korona” virusu iki yolla yoluxur:
"Hava-damcı yolu ilə və fekal-oral mexanizmi, yəni ərzaq məhsulları, əl-ayağımızın toxunması ilə yoluxa bilər. Hava-damcı yolu ilə yoluxanda tənəffüs yolları xəsətliklərinə, xüsusilə ağciyər çatışmazlığına səbəb olur ki, bu da ölümlə nəticələnir”.
C.İsayev "virusun əlacı yoxdur” fikirlərinə də münasibət bildirib:
"Çində 1300-dən yuxarı adam bu virusla xəstələnib, cəmi 9 nəfər ölüb. Bu virusa yoluxan hamı ölmür. "Korona” virusunun 37 növü var, onun bir çox növləri çox yüngül xəstəliklər törədir və dünyada kəskin respirator virusların 4-9 faizi onun payına düşür. İndi böyük ajiotaj yaradan virusu "2019-cu ilin Korona virusu” adlandırıblar. Bu, virusun ağır gedişlə müşahidə edildiyi bildirilir, amma mən belə xəstə görməmişəm. Hazırda ölüm faizinin aşağı olmasına görə onu ciddi ölümcül virus kimi qəbul etmək düzgün deyil. Yadınızdadırsa, "Sars” virusu vardı, həm də "Korona”dan çox təhlükəli idi. "Sars” virusunun qarşısı alındı, çox güman ki, "Korona”nın da qarşısı alınacaq. Sadəcə o regiona gedən insanlar gigiyenik qaydalara əməl etməli, Çinə giriş-çıxışda diqqətli olmalıdırlar”.
Baş infeksionist zaman-zaman bu cür virusların xüsusi hazırlanaraq, yayılması fikirlərilə razılaşmayıb:
"Belə şey ola bilməz. Bu virus mövcuddur. 1965-ci ildə kəşf olunan virusdur. 2012-ci ildə "Korona” viruslara aid daha bir növ aşkar olundu, o da "Yaxın Şərq respirator sindromu ilə xəstəlik törədən” adlanır. Bu virus çox ağır gedişə malikdir. Hətta ölüm faizi 35 faizədək proqnozlaşdırılmışdı. Amma indiki "Korona” virusla yoluxmada hələlik ölüm faizi aşağıdır, hesab edirəm ki, tez bir zamanda virus da lokollaşdırılacaq”.