"Bir neçə həftə öncə anamın təzyiqi qalxdı və burnundan qan gəlməyə başladı. Həkimə müraciət etdik. Müayinələrin aparılmasına baxmayaraq bizə konkret heç kim heç nə demədi. Məsləhət bildik ki, başqa həkimə aparaq. Özəl xəstəxanaların birinə müraciət etdik və bizə "tomoqrafiya olunmalıdı” dedilər. Kompüter tomoqrafiyasından sonra həkim bizə anamda ağciyər infeksiyasının ola biləcəyini bildirdi. Ancaq əmin olmayıb başqa həkimə müraciət etdik. O həkim də xəstənin bronxoskopiya olunmasını məsləhət bildi. Bronxoskopiya nəticəsində isə bizə anamın ağciyər xərçəngi olduğunu dedilər” – deyir Bakı sakini Sevinc Mehdiyeva.
Xanımın sözlərinə görə, son 1 aya yaxın müddətdə 15 həkimlə ünsiyyətdə olub. Valideynini müayinə edənlər isə Bakının ən yaxşı həkimləri olub: "Həkimin bizə anamın xərçəng olduğunu dediyi zaman yaşadıqlarımı təsəvvür edə bilməzsiniz. Həmin an bütün dünya başıma çökmüşdü. Biopsiya götürdülər və dedilər ki, 10 gün sonra gələrsiniz. Həmin 10 gündə isə anamın gözlərinə baxa-baxa məcbur gülürdüm. Ona heç nə hiss etdirməməliydim. 10 gün sonra biopsiyanın cavabını götürməyə tamamilə ümidsiz getdim və nəticəni əlimə alan zaman nə edəcəyimi bilmədim. Tez onkologiyada tapdığım həkimlərdən birinə cavabda nə yazıldığını soruşdum. Dedi ki, nəticəyə görə ananız xərçəng deyil. Yenidən bu diaqnozu qoyan həkimin yanına getdim. O bildirdi ki, yenidən bir də baxılmalıdır. İkinci dəfə nümunə götürdülər. Həkim yenidən diaqnozunda xərçəng qeyd etdi. Yenə də 1 həftə əzabla gözlədik. Nəhayət cavab gəldi. Yenə də eyni cavab idi. Hər hansısa xərçəng hüceyrəsinə rast gəlinməmişdi”.
S.Mehdiyeva deyir ki, sonda bir həkim taparaq ona müraciət ediblər. Müayinələrdən sonra anasının infeksiyaya yoluxduğunu və onun nəticəsində qanaxmanın baş verdiyini qeyd ediblər: "İndi 10 günə yaxındır ki, soyuqdəyməyə və infeksiyaya görə müalicə alır. Şükürlər olsun ki, hər şey qaydasındadır. Ancaq bu həkimlərin mənə yaşatdığını unuda bilmirəm. Hər gün özümə sual verirəm ki, günahım nə idi ki, mənim yaxınlarım bu ölkədə, bu səhiyyə sistemində belə həkimlərə möhtac olur? Bu gündən sonra hər hansı bir yaxınım xəstələndikdə birbaşa ya Türkiyəyə, ya da İrana üz tutmağı düşünürəm. Yoxsa bütün əzizlərimi bu həkimlər öldürəcəklər”.
Səhv diaqnoz ucbatından əziyyət çəkən təkcə Sevinc xanım və onun yaxınları olmayıb. Bununla bağlı hər gün sosial şəbəkələrdə müxtəlif insanlar başına gələni yazır, redaksiyamıza məktub ünvanlayırlar. Son olaraq hüquqşünas Aqil Layıcov da iyunun 18-də sosial şəbəkədə qeyd etdiyi statusunda buna bənzər hadisəyə toxunub. O qeyd edib ki, onun tərəfindən həkim səhlənkarlığı (malpraktis) ilə bağlı 4 iddia qaldırılıb. Hamısı da uğurla nəticələnib. "Yenə görürən odur ki, həkim terroru davam etməkdədir. Dünən yanıma bir valideyn gəlib. 3 yaşlı uşağına dələduz klinikalardan biri Hepatit C xəstəliyi diaqnozu qoyub. Ana və ata bu diaqnozdan sonra şəkərə tutulub. Sonra başqa klinikaya gediblər və bu dəfə uşağa ilik xərçəngi diaqnozu qoyulub. Ana və ata dərhal özlərini itirərək yıxılıb və bu zaman qadının qabırğası sınıb. Bu minvalla ana və atanın başına gəlməyən qalmayıb. Evlərini satıb uşaqlarını Almaniyaya aparıblar. Verilən diaqnoz isə sadəcə soyuqlama müəyyən edilib. Türkiyədə də soyuqlama diaqnozu qoyulub. Artıq ana, ata şəkər xəstəliyi tapıb və müflis olublar. Bununla bağlı məhkəməyə müraciət edəcəm. İctimai əsaslarla aparılan bu işə qoşulub dəstək etmək istəyənlər olsa, buyura bilərlər. Dostlar görünən odur ki, belə iddiaların sayı daha çox olmalıdır ki, bu bisavadlarla mübarizə aparaq və məsuliyyətə cəlb etdirək. Amma çox təəssüf ki, bu məsuliyyətsizliyin sayı atrmaqdadır”.
Hüquqşünas Aqil Layıcov Bizimyol.info-ya açıqlamasında bildirdi ki, artıq həmin məsələ ilə bağlı Suraxanı rayon Məhkəməsinə müraciət edilib: "Görünən odur ki, istənilən məhkəmə qərarlarının olmasına baxmayaraq lazımi addımlar atılmır. Həkim terroruna hələ də dövlət "yox” demir. Əslində qanunvericilikdə də bu sahədə boşluqlar var. Həkimlər də manevrlərdən istifadə edərək terrora davam edirlər. İstənilən halda qeyd olunur ki, əməliyyatlar və diaqnozlar ictimaiyyətə açıq olmalıdır. Digər tərəfdən, bizdə bu məlumatlar qıtdır, ictimaiyyətə açıq deyil. Tibbi praktiki səhiyyə işçilərinin – həkimlərin, əczaçıların işi ilə bağlı sertifikatlaşdırma qaydaları var. Bizdə isə necə gəldi hamıya sertifikat paylayırlar. Bunun da hansı mexanizmlə, hansı şəffaflıqla verildiyi bəlli deyil. Məhz bu səbəblər gələcəkdə pasiyentlərin hüquqlarının pozulmasına, yersiz ölümlərin artmasına səbəb olur. Elə klinikalar var ki, onların heç minimal şəraiti belə yoxdur. Buna baxmayaraq həmin klinikaların nəyə görə fəaliyyət göstərməsi, Səhiyyə Nazirliyinin və buna nəzarət edən digər qurumların hara baxması sual doğurur. Məsələn, "Medi Sina” klinikası vardı. Mütləq Elnarə Tofiq qızı kimi vətənə, millətə yararlı şəxsiyyət ölməli idimi ki, ondan sonra həmin klinikanın lisenziyası ləğv olunsun? Eyni zamanda həkimlər məsuliyyətə cəlb olunsun. Yəni bunu əvvəlcədən görmək mümkün deyildimi ki, bu fəlakətin qarşısı alınsın?”
A.Layıcov deyir ki, tibbi sığortanın tətbiq olunması belə heç nəyi dəyişməyəcək. Yenə həmin həkimlər xəstələri müalicə edəcək: "Tibbi sığorta səhiyyənin keyfiyyətini artırası deyil. Digər sığorta sahələri var. Bəyəm digər sığorta sahələri işləyirmi ki, tibbi sığorta da işləsin? Mən sabah tibbi sığortadan yararlanıb yenə gedib həmin həkimlərə müraciət edəcəm. Digər tərəfdən, demək lazımdır ki, həkimlərin təminatı da çox zəifdir. Belə olan halda həkimlər məcburdu bir neçə yerə parçalanmağa. Belə olduqda da həmin işin heç bir keyfiyyəti olmur. Həkimlərlə bağlı məhkəməyə də müraciət etdikdə onların işi əksər hallarda ekspertizaya göndərilir. Ekspertiza da 99 faiz öz həkimlərinin tərəfini tutur. Burada şəffaflığın olmaması faktı da var. Məhz şəffaflıq olmadıqda ekspertiza rəyi düzgün olmur. Bu da öz növbəsində həkimlərin məsuliyyətsizliyinə, bacarıqsızlığına, eyni zamanda onların savadsızlığına gətirən amillərdən biridir”.
Həkim Adil Qeybulla da deyir ki, diaqnostika məsələsində çətinliklər dünyanın hər yerində var: "Amerika Birləşmiş Ştatlarında metostatik formada tapılan onkoloji xəstələrdə mənbə müayinə ilə tapıla bilmir. Ancaq diaqnostikada bir də görürsünüz ki, hansısa bir xəstəliyin əlaməti olduqda həkimlər onu bir az daha şişirdərək konkret bir xəstəliyin üstünə gəlirlər. Son nəticədə görünür ki, bu birbaşa həmin xəstəlik deyil, ancaq ona apara biləcək bir yoldur və s. Əslində diaqnostik səhvlərin obyektiv səbəbləri də var. Məsələn, lazımi avadanlığın, şəraitin olması, xəstəliklərin bəzən atipik gedişi və s. bütün bunlar səhv diaqnostikaya gətirib çıxara bilər. Bir də subyektiv səbəblər var. Xəstənin anamnezinin düzgün araşdırılmaması, onunla kifayət qədər söhbətin aparılmaması, şikayətlərinə diqqətlə qulaq asılmaması kimi məsələlər də diaqnostik səhvlərə gətirib çıxara bilir”.
A.Qeybulla deyir ki, diaqnostik səhv xəstənin həyatı bahasına başa gələ bilər: "Xəstənin lazımsız müalicələr almasına gətirib çıxara bilər ki, bu da yolverilməzdir. Bu məsələdə fikrimcə, çıxış yolu budur ki, hər hansı bir diaqnoz qoyularkən beynəlxalq kriteriyalardan istifadə olunmalıdır. Bütün dünyada xəstələrin müayinəsi konkret protokollar üzrə aparılır. Əgər hansısa şikayəti olan xəstəni ürək xəstəsi kimi dəyərləndiririksə, onun konkret müayinə protokolları olmalıdır. Bu cür müayinədə hər şey əl altında olur. Məsələn, heç vaxt histolojik müayinə olmadan xəstəyə xərçəng diaqnozu qoyula bilməz. Hər hansısa şiş hüceyrəsi varsa, biz onu əvvəl tumor kimi yazırıq. Yeni törəmədən də toxuma nümunəsi götürülərək analizə göndərilir. Histologiya onu təsdiq etdikdən sonra onun xərçəng olduğunu demək mümkündür”.