Bu gün Bakı Ağır Məhkəməsində iş adamını qətlə yetirməkdə təqsirləndirilən 17 nəfərlik dəstə – Nurəddin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Shafaqdogru.com qafqazinfo-ya istinadən bildirir ki, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə cəza istənilib. Hakimlər kollegiyası zala daxil olarkən dini qruplaşmanın üzvləri "Hökm Allahındır” deyərək etiraz ediblər.
Prokuror çıxış edərkən zalda sakitlik yaranıb, təqsirləndirilənlərdən Fəxri Şirinzadə buna etiraz edərək digərlərindən söhbət etmələrini, məhkəmə iştirakçılarına qulaq asmamalarını deyib: "Qorxmayın, bunlar bizə heç nə edəsi deyillər. Söhbət edin, sakit dayanmayın. Bizi partladası deyillər, biz buranı partladarıq”.
Hakim F.Şirinzadəyə xəbərdarlıq edərək sakit dayanmasını istəyib.
Dövlət ittihamçısı çıxış edərək təqsirləndirilənlər – Nurəddin Xəlilovun ömürlük, Müşviq Mikayılov, Rəşad Həşimli, Əhməd Kərimov, Coşqun Kərimbəyli, Bahadur Məmmədov 20 il, Zaur Əliyev, Fəxri Şirinzadə, Rufiz Bəyimov 18 il, Pərviz Şıxəliyev, Rəşad Səfərəliyev, Xəlil Məmmədov, Şakir Məmmədov, Niyaməddin Xəlilov 16 il, Ceyhun Abdullayev, Ilqar Musayev, Anar Rzayevin 15 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Prokuror çıxış edərkən təqsirləndirilən şəxslər moizə oxuyublar.
Məhkəmə prosesi iyulun 4-də davam etdiriləcək.
Qeyd edək ki, DİN-in yaydığı məlumata görə, ötən il noyabrın 24-də Qəbələ şəhər sakini Vahid Vahabovun yaşadığı evdə meyidi tapılıb və faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.