Prezident İlham Əliyev fevralın 12-də Kürdəmirdə "ASAN xidmət” mərkəzinin açılışından sonra gənclərlə söhbətində Azərbaycanın hazırkı strateji hədəfləri, xarici siyasətdə mövqeyi və ölkəmizin risklərdən qorunması haqda növbəti dəfə çox mühüm açıqlamalar verib.
Aydındır ki, Prezidentin dediklərinə yalnız gənc nəslə yönəlmiş mesajlar kimi baxmaq olmaz. Prezident İlham Əliyev dünyada və regionumuzda yaranmış hazırkı mürəkkəb vəziyyətin ölkə əhalisinin də diqqətində olduğunun və bəzi haqlı narahatlıqlar yaratdığının fərqindədir. Bu səbəbdən Prezidentin açıqlamaları əsasən ölkəmizin yaranmış mürəkkəb münasibətlər sistemində sərgilədiyi mövqeyi aydın ortaya qoymağa hədəflənib.
Prezident aydın şəkildə bildirib ki, "Azərbaycanın strateji inkişaf yolu - milli dəyərlərin qorunması, müstəqilliyin möhkəmləndirilməsi, bundan sonra da heç kimdən asılı olmamaq, heç vaxt kiminsə iradəsi ilə idarə olunmamaq və uğurlu iqtisadi-sosial inkişafdır”. Əlbəttə, dövlət başçısının sadaladıqları yalnız siyasi inkişafın ana terminləri deyil. Bu, ilk növbədə son 17 ildə Azərbaycana rəhbərlik edən şəxsin siyasi iradəsinin ortaya çıxardığı nəticədir. İlham Əliyev bunları sadaladıqdan sonra əlavə edib: "Bu, bizim strateji xəttimizdir ki, dəyişməz olaraq qalır və qalacaq”.
Dövlət başçısı bu gün regionumuzda hamınıN narahatlıqla izlədiyi gərginlik haqda xüsusi qeydlər edib. Dövlət başçısı deyib ki, regionumuzda baş verənlər narahetvericidir, ancaq bununla bərabər, ölkəmiz qapalı şəraitdə yaşaya bilməz: "Dünyada, regionumuzda gedən proseslər əlbəttə ki, bizə də təsir göstərir. Əfsus ki, bu gün regionumuzda proseslər mənfi istiqamətdə gedir, biz bunu görürük. Yeni münaqişə, yeni qarşıdurma ocaqları, müharibələr, vətəndaş müharibələri - bütün bu mənfi meyllər, o cümlədən iqtisadi sahədə dünyada yaşanan böhran bizə də təsir göstərə bilər və göstərir. Ona görə biz dünyada gedən prosesləri yaxından izləyərək öz addımlarımızı, o cümlədən taktiki addımlarımızı buna uyğun atmalıyıq”.
Aydındır ki, Azərbaycan prezidenti cənub qonşumuz İran ətrafındakı prosesləri, həm bu ölkəyə, həm şimal qonşumuz Rusiyaya iqtisadi sanksiyaları, eləcə də postsovet məkanında davam etməkdə olan bəzi sərhəd münaqişələrini (məsələn, Rusiya-Ukrayna, Qırğızıstan-Tacıkistan) nəzərdə tutur. Eləcə də Prezident dünyanın ən müxtəlif ölkələrində gedən proseslərə işarə edərək Azərbaycanın buna uyğun siyasət qurduğunu deyir.
Dövlət başçısı qeyri-sabitlik olan ölkələrdə əsas təhdidləri daxili qüvvələrin törətdiyini açıq söyləməsə də, Azərbaycanla bununla bağlı vəziyyətdən razılığını gizlətmir, amma həm də təhlükə gözlənilə bilən nöqtələri dilə gətirir: "Nəzərə alsaq ki, ölkə daxilində nə siyasi, nə sosial, nə iqtisadi, nə fiziki risklər yoxdur - bütün mümkün olan problemlər kənardan gələ bilər”.
Dövlət başçısı "kənardan gələ bilən problemləri” qısa olaraq belə təsnifatlandırır: "Həm ideoloji təxribat, həm də ki, başqa təxribatlar”. PrezidentIN ideoloji təxribat dedikdə nələri nəzərdə tutduğuNU ehtimal etmək olar. Bu, həm də sırf dövlət təhlükəsizliyi məsələsi olduğu üçün yetkililəri adətən bu mövzuda heç vaxt açıq danışmır, çünki bunlara müvafiq strukturlar daima nəzarət edir. Təxribatlara gəlincə, bu həm ideoloji savaşların, həm dost olmayan ölkələrin təkcə kəşfiyyatlarının deyil, həm də siyasi dairələrinin, o cümlədən erməni lobbisinə bağlı uzantıların əməlləri kimi xarakterizə edilə bilər. Məhz bu səbəbdən dövlət başçısı Azərbaycanın əsas işinin nələr olduğunu açıqlayıb: "Ona görə biz ölkəmizi, sərhədlərimizi qorumalıyıq, informasiya sərhədlərimizi, mənəvi sərhədlərimizi elə möhkəm inşa etməliyik ki, heç bir kənar qüvvə bizim nə milli-mənəvi dəyərlərimizə, nə müstəqilliyimizə, nə də gələcək uğurlu inkişafımıza mane ola bilməsin”.
Dövlət başçısı sonrakı açıqlamasında həmin xarici təhlükələrin "üz konturlarını” da cızıb. Sitata diqqət edək: "Elə etməliyik ki, bizdən sonra gələn nəsillər, gənclər təxribatlara uymasınlar, bəzi beynəlxalq təşkilatların yalan məruzələrinə inanmasınlar. Onların arxasında çox ciddi siyasi maraqlar dayanır. Nə üçün Azərbaycan bəzi hallarda beynəlxalq müstəvidə təzyiqlərlə üzləşir? Çünki heç kimin qarşısında baş əymir və əyməyəcək. Heç kimin sözü ilə oturub-durmur və düz də edirik. Ona görə ölkəmizdə sabitlik, inkişaf, əmin-amanlıq var”.
Prezident yenə də konkret ad vermədən əlavə edib: "Baxın, başqa ölkələrə, onlar böyük dövlətlərin təsiri altına düşüblər. Onların gününə baxın, orada vətəndaş müharibələri, kütləvi itaətsizlik baş alıb gedir, siyasi və iqtisadi böhran davam edir. O ölkələr faktiki olaraq xarici idarəetmə altındadırlar və öz müstəqilliyini kiminsə sərəncamına veriblər”. Biz də xüsusi konkretləşdirmədən onu deyək ki, yalnız işğalçı Ermənistanın timsalında Azərbaycan prezidentinin nə qədər haqlı olduğunu görmək olar. Moskvanın(indi həm də Q ərbin) "əl uşağı” olan Ermənistan illərdir ki, nə "siyasi xaltasından”, nə iqtisadi asılılığın yaratdığı böhrandan qurtula bilir.
Dövlət başçısı "itaətkarlardan” danışdıqdan sonra diqqəti Azərbaycana yönəldir: "Amma biz ləyaqətli siyasət aparırıq. Mən həmişə demişəm ki, Azərbaycan dövlətinin taleyi xalqımızın əlindədir. Biz, nəhayət ki, müstəqil dövlət kimi yaşayırıq və heç kimdən asılı deyilik”.
Bu arada Rusiyanın "Kommersant” qəzetində Sergey Markedonovun Azərbaycanın daxili sabitliyi və iqtidarın xarici siyasəti haqda dərc olunan məqaləsi də (tərcümə strateq.az saytınındır) diqqət çəkir.
Markedonov yazır ki, istənilən postsovet dövlətində xarici siyasət amili daxili proseslərdə mühüm rol oynayır. "Lakin Azərbaycan ümumi cərgədə istisnadır. Həm Rusiya, həm ABŞ, həm Avropa İttifaqı, həm də İran və Türkiyə ilə birlikdə, ümumən hamısı və hər biri ayrı-ayrılıqda, Bakıdakı siyasi sabit dünyəvi hakimiyyətlə əməkdaşlıq etməyə maraq göstərir”. Politoloq yazır ki, Moskva üçün buradan "rəngli inqilablar” küləklərinin gözləməmə vacibdir, radikal cihadçıların simasında ümumi düşmən isə Rusiya və Azərbaycanı birləşdirir. Qərb isə Azərbaycanı etibarlı enerji tərəfdaşı kimi qəbul edir.
Rus politoloq qeyd edir ki, Türkiyə, İran, eləcə də Bakının Yaxın Şərqdəki digər tərəfdaşları Azərbaycanı sözünə sahib olan praqmatik oyunçu kimi görürlər.
Markedonov yazır: "Həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda baş verən bütün bu məsələlərdən alınan əsas dərs nədir? Bu, mövcud hakimiyyətin hələ də siyasi təşəbbüsə sahib olmasıdır. O, oyunu özünə maraqlı olan ssenari üzrə idarə edir”.
Markedonov Azərbaycanın daxili və xarici siyasətini bir neçə cümlə ilə olsa da, kifayət qədər obyektiv əks etdirməyə çalışıb. Azərbaycanın çoxqütblü xarici siyasət tərəfdarı olduğunu göstərib. Yeri gəlmişkən, ötən ay Prezident "Rossiya-24" kanalına müsahibəsində bu mövzuda öz mövqeyini açıqlayıb. Dövlət başçısı deyib ki, bu gün dünya məhz çoxqütblü dünya kimi inkişaf edir: "Bir neçə güc mərkəzi var. Lakin biz müsbət dinamikanı da görürük, əvvəllər bu cür sıx qarşılıqlı fəaliyyəti olmayan ölkələr bu gün demək olar ki, müttəfiqlər kimi hərəkət edir və regional sabitliyə böyük töhfə verirlər. Buna görə də çoxqütblü dünya artıq reallıqdır. Düşünürəm ki, bu meyllər getdikcə daha da möhkəmlənəcək. Bu, müsbət haldır, çünki bu, dünyada sabitliyə zəmanətdir. Burada təzə heç nə yoxdur. Biz bunu əsrlər boyu müşahidə edirik, sadəcə, müxtəlif intensivlik dərəcəsi ilə. Buna görə məsələ bunda deyil, bugünkü dünya nizamının konstruksiyası, o cümlədən beynəlxalq münasibətlərin konstruksiyası çoxqütblülüyü nəzərdə tutur. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin tərkibinə baxsaq, bu, artıq dünyanın çoxqütblülüyünün əksidir. Daimi üzvlərdən birinin razılığı olmadan heç bir qərar qəbul edilə bilməz. Buna görə də düşünürəm ki, ölkələr özləri üçün birqütblülüyü təmin etməyə çalışmamalı, əksinə, hamı üçün sərfəli olan əməkdaşlıq elementləri tapmalıdırlar”.
Nəhayət, yazını Prezidentin sözügedən tədbirdə etdiyi çıxışında sona saxladığımız sitatı ilə bitiririk. Prezident Azərbaycanın müstəqil siyasətindən danışarkən əminliklə bu sözləri deyib: "Nə qədər ki, mən bu vəzifədəyəm, Azərbaycan müstəqillik, azadlıq və inkişaf yolu ilə gedəcək”.
Fikrimizcə, bu həm daxili, həm xarici qüvvələrə xüsusi izaha ehtiyacı olmayan aydın mesajdır.
"Yeni Müsavat”