Milli Məclisin maska taxılmamasına görə cərimələri təsdiqləməsi cəmiyyətdə qızğın müzakirələr səbəb oldu. Bəziləri bunu soyğunçuluq edir. Bu yolla hökumətin vətəndaşlara yardım üçün ayrılan pulların bir hissəsini geri qaytarmağa çalışdığını düşünürlər. Bir qisim vətəndaşlar isə o qənaətdədirlər ki, cərimə qərarının qəbulunun əsas günahkarları insanların özləridir.
Xatırladaq ki, Milli Məclisin İnzibati Xətalar Məcəlləsinə etdiyi dəyişikliklərə əsasən, epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə ediləcək. Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər 400 manat məbləğində cərimələnəcək.
Aydındır ki, qəbul edilmə səbəblərindən asılı olmayaraq, bu qərar koronavirusun yayılmasının qarşısının alınmasına yönəlib. Amma nəzərə alsaq ki, iki saatdan bir dəyişilməli olan tibbi maskanın bir ədədinin qiyməti 30 qəpikdir (maralıqıdr ki, bu qiymət ölkədə maska istehsalı kütləvi hal alandan sonra da düşmədi) və 2019-cu ilin 1 sentyabrında verilən qərara görə, ölkədə minimal əmək haqqı 250 manatdır, Milli Məclisin cərimələrlə bağlı verdiyi qərar bır sıra suallar yaradır.
Qeyd edək ki, birdəfəlik tibbi maska koronavirusdan hərtərəfli müdafiə etməsə də, virusun orqanizmə düşmə ehtimalını xeyli azaldır. Amma iki saatlıq istifadədən sonra həmin maskanın özü infeksiya mənbəyinə çevrilir. Təkrar qeyd edək ki, Azərbaycanda bir tibbi maskanın qiyməti 30 qəpikdir. Əgər tibbi maskanı gün ərzində, minimum 4 dəfə dəyişməlidirsə, onda bir şəxsə bir gündə 1 manat 20 qəpik lazımdır. Bir şəxs üçün bu məbləğ ayda 36 manat edir. Əgər bir ailədə iki nəfər taxmalıdırsa, aylıq maskaya ayrılacaq məbləğ 72 manat olur.
Maraqlıdır ki, nə Nazirlər Kabineti yanında Operativ Qərargah, nə də Azərbaycanda maska istehsalçıları xalqa izah etmirlər ki, nəyə görə koronavirusun ölkəyə yeni ayaq açdığı dövrdə defisit məhsula çevrilən və qiyməti 3 qəpikdən 30 qəpiyə qalxan maska, yerli istehsal işə düşəndən sonra qiymət sahəsində liderliyini saxladı?
İkinci sual da Nazirlər Kabinetinin cərimələrlə bağlı qərarına və əhalinin iqtisadi vəziyyətinə söykənir. Söhbət atəş xəttində, yəni sərhədyanı rayonlarda yaşayan əhalidən gedir. Düşmən tərəfdən periodik olaraq atəş altında olan əhali kənd təsərrüfat işləri ilə tam mənada məşğul ola bilmir, yəni qazancları da yoxdur. Bu insanlar işsizdir və onların yeganə qazanc yeri dövlətin verdiyi 190 manat məbləğində işsizlik müavinətidir. Və bu məbləğ insanların acından ölməməsi üçün güclə yetir.
Yeni cərimələr qərarına görə, bu insanlar da məcburi şəkildə tibbi maskalar almalı olacaqlar. Almasalar, 50 manat cərimə ediləcəklər. Bəs, bu insanlar neyləsinlər? Bəlkə Azərbaycan hökuməti bu halda Rusiya və ya Türkiyə təcrübəsinə müraciət etsin?
Qeyd edək ki, Rusiyada koronavirus yayılandan sonra uşaqları olan aztəminatlı ailələr, işsizlər və pensiyaçılara pulsuz maskalar paylandı. Qonşu Türkiyədə tibbi maskaların satışı ümumiyyətlə qadğandır. Maskanı simvolik məbləğ – bir lirə qarşılığında əvvəldən elektron qaydada "e-devlet” portalında sifariş verməklə, poçt vasitəsi ilə almaq olar.
Görəsən, bizdə heç olmasa, sərhədyanı kəndlərin əhalisini pulsuz maskalarla təmin etmək mümkündürmü? Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədovun AYNA-ya bu haqda deməyə sözü olmadı: "Bu barədə sizə heç nə deyə bilmərəm”.
Məlumdur ki, əgər mərkəzdən işarə yoxdursa, regionlardakı rəhbərlik heç bir təşəbbüslə çıxış etmir. Amma bizə məlum oldu ki, məsələn, atəş xəttində olan Tərtər rayonunun rəhbərliyi bu problemin həlli üçün mərkəzdən işarə gözləmir. Rayon İcra Hakimiyyətinin (RİH) nümayəndəsi Pərişan Orucovanın verdiyi məlumata görə, rayon ərazisində mütəmadi olaraq pulsuz maska paylanması aksiyaları keçirilir.
Təəssüf ki, Tərtərə qonşu Ağdam rayonunun rəhbərliyi qonşudan ibrət götürməyib. Ağdam RİH-in Ərazi idarəetmə şöbəsinin müdiri Mansur Quliyevin sözlərinə görə, sərhədyanı kəndlərdə tibbi maskaların paylanması nəzərdə tutulmayıb.
Ermənistanla sərhəd olan digər rayondan - Ağstafadan Milli Məclisə deputat seçilən Nizami Cəfərov də əhaliyə pulsuz maska paylanmasının tərəfdarıdır. Onun fikrini sərhədyanı rayondan olmasa da, Qubadan deputat Vahid Əhmədov da dəstəklədi.
Ümid edək ki, bu məsələ tezliklə deputatlar tərəfindən Nazirlər Kabineti qarşısında qaldırılacaq və öz müsbət həllini tapacaq. Nəticə olaraq, biz sərhədyanı rayonların əhalisinə pulsuz, digərlərinə isə daha ucuz qiymətlərlə maska əldə edilməsinə şərait yaradılacağının şahidi olacağıq. Axı Operativ Qərargahda işləyənlər də anlamalıdırlar ki, əgər insanın maska almağa 50 qəpiyi yoxdursa, onu 50 manat cərimə etməklə situasiya düzəlməyəcək. Qərarlar qəbul edərkən, arada məntiqə də əsaslanmaq lazımdır... //ayna.az//