Şəfəqə Doğru » Manşet » Azərbaycanda suyun qiymətini qaldırmaq istəyirlər – Bu, “tacir oyunu”dur

Azərbaycanda suyun qiymətini qaldırmaq istəyirlər – Bu, “tacir oyunu”dur

Azərbaycanda suyun qiymətini qaldırmaq istəyirlər – Bu, “tacir oyunu”dur
Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov Azərbaycanda su qıtlığının olması fikri ilə razılaşmır.



Ekoloq açıqlamasında bildirib ki, Azərbaycanda su probleminin olması ilə bağlı deyilən fikirlər həqiqəti əks etdirmir: "Azərbaycan 3 tərəfdən dağlarla əhatə olunub, dörd bir yanı dənizdir. Torpağın altında istənilən qədər su ehtiyatı var. Su problemi ilə bağlı deyilən fikirlər suyun qiymətinin artırılmasına xidmət edir. Bu isə müəyyən kommersiya maraqları güdür”.



Ekoloqun müşahidələrinə əsasən, son 7-8 il ərzində Bakı şəhərində və rayonlarda yağıntıların miqdarı azalıb: "Yağıntılar azaldıqca torpaqda olan nəmliyi günəş buxarlandırır. Yaranan su qıtlığı da quraqlıqla əlaqədardır. Əgər yağış yağmırsa, deməli, yeraltı su anbarları da dolmur”.



Telman Zeynalov ötən gün Neftçala rayonunda yaranan içməli su probleminə də toxunub.



Qeyd edək ki, Kürün deltasında ilk dəfə olaraq Xəzər dənizinin suyu çaya qarışıb. Nəticədə Neftçala şəhəri də daxil olmaqla, 6 qəsəbə və 3 kəndin içməli su problemi yaranmışdı.



Ekspert deyir ki, axın istiqamətinə görə, Kür Xəzərdən hündürdədir: "Dağlarda gedən aşınma nəticəsində sular Xəzərə çökür, Kürün səviyyəsi daha da enir. Buna görə də orada su qovuşması mümkün deyil. Neftçalada su qıtlığının yaranmasının yeganə səbəbi orda balıqçılıqla məşğul olan şəxslərin yeni su anbarları yaratmasıdır. Artezian quyuları qazdırıb quyuları su ilə doldururlar. Hesab edirəm ki, Prezident yanında vətəndaş cəmiyyəti şurası olmasa, problem həllini tapmayacaq”.



Ekspert gələcəkdə su qıtlığının olması ehtimalını da vurğulayıb: "Beynəlxalq təşkilatların proqnozlarına görə, 2080-2100-cü illərdə dünyada su qıtlığı yaranacaq. Sadəcə hazırda Azərbaycanda su qıtlığı ilə bağlı yayılan fikirlər çirkin şayiədən başqa bir şey deyil. Qalan su ehtiyatlarını nəzarət altına alıb butulkalara doldurub əhaliyə satmaq istəyirlər. Bu, "tacir oyunu”dur. Suya qənaət olunmalıdır, israfçılığa yol vermək olmaz”.Teleqraf