"Hərbçilərimizlə bağlı sizdən xahiş edirəm, heç bir dezinformasiyalara imkan verməyin. Mən o insanların arasındayam, elə hərbçilərimiz var ki, 2 gündür ayağındakı ayaqqabını belə, çıxarmır. Onlar düşmənə qarşı ən ağır cavabları da verirlər, ölüm-qalım mübarizəsinə də hazırdırlar”.
Shafaqadogru.com xəbər verir ki, bunu hazırda Tovuzda olan deputat Qənirə Paşayeva bildirib.
O qeyd edib ki, hamı dezinformasiyalara qarşı mübarizə aparmalıdır: "Bu məsələni bütün azərbaycanlılara, xaricdə yaşayan soydaşlarımıza çatdırın. Dondar Quşçu kəndini heç kim tərk etməyib. Bununla bağlı həqiqətləri duyurun. Biz hamımız bu kəndlərdəyik. O insanlar gülləni də görüblər və öz evlərindən bir addım da bir yerə gedəsi deyillər. Xalqımız dövlətimizə, Azərbaycan Ordusuna, Silahlı Qüvvələrimizə inanır. Burada baş verənlər təkcə Tovuzun məsələsi deyil. İşğalçı Ermənistanın təxribatının və onlara dəstək, cəsarət verənlərin arxasında nə dayandığını hamı bilməlidir. Bilməlidirlər ki, bu, çox böyük məsələdir. Bu günlərdə hamımızın birlik olması lazımdır. Dezinformasiyalara heç kim icazə verməməlidir. Sadəcə, rəsmi məlumatlara istinad edilməlidir”.