"Poliklinikalar və sahə həkimləri vasitəsilə bu iş həyata keçirilməliydi. Sahə həkimlərinin isə koronavirus haqda təsəvvürləri demək olar ki, yox səviyyəsindədir, onlara təlimlər keçirilməyib, dərman təchizatı yoxdur. Ona görə xəstələr də məcbur qalırlar ki, qohum-qonşudan tibb bacıları tapsınlar. Tibb bacıları isə evlərə getmək istəmirlər, yoluxmaqdan qorxurlar”.
Shafaqadogru.com xəbər verir ki, bunu həkim Ədalət Rüstəm deyib. O, bildirib ki, bu səbəbdən evlərdə xəstə müalicəsinə getməyə razı olan tibb bacıları yüksək qiymət tələb edirlər.
"Məsələn, bir sistemi qoşmaq üçün 30-40, hətta eşitdiyimə görə, bəzi hallarda 100 manat istəyirlər".
Doktor hesab edir ki, tibb bacılarının tələbini anlayışla qarşılamaq lazımdır: "Bu da təbiidir, özləri risk altındadırlar, xüsusi geyimləri yoxdur, maska ilə COVİD-19 xəstəsi ilə təmasda olanda yoluxa bilir, nəticədə baha qiymətə evlərə getməyə razılaşırlar. Digər tərəfdən isə evdə müalicə olunan xəstələr həddindən artıq çoxdur. Stasionar qəbul olunan xəstə sayı gündəlik 400 civarındadır. Rəsmi göstəricidə 400 nəfər ətrafında olan rəqəmlər bütün xəstələrin 20 faizini təşkil edir. Qalan 80 faizi gündəlik 3200-3500 xəstə deməkdir. Onlar yüngül və orta ağır xəstələrdir”.
Ə.Rüstəmin dediyinə görə, həmin xəstələr isə ya müalicə olunmaq istəmirlər, TƏBİB-ə və təcili yardıma müraciət etmirlər, ya da onlara deyilir ki, sizi sahə həkimləri evdə müalicə eləsinlər: "Bu cür koronavirus xəstələrinin gündəlik 3500 nəfər olduğunu hesablasaq, 20 günə 70 min koronavirus xəstəsi edir. Əvvəlki 10 günü də əlavə etsək, gəlib 100 minə çıxır. Bu da evlərdə 100 min xəstə edir. Bu qədər xəstəni poliklinikanın və sahə həkimlərinin qarşılamaq potensialı, gücü çatmır. Nəticədə həmin adamlar özləri həkim, tibb bacısı tapmağa məcburdurlar. Onların tapdıqları həkimlər isə telefon vasitəsilə müalicə yazır. Belə xəstələr ailəsi üçün təhlükə mənbəyinə çevrilirlər”.