Şəfəqə Doğru » Manşet » Gənci maşında diri-diri yandıranlar tapılmır - "Salman kənddə bir qızı sevirmiş"

Gənci maşında diri-diri yandıranlar tapılmır - "Salman kənddə bir qızı sevirmiş"

Gənci maşında diri-diri yandıranlar tapılmır - "Salman kənddə bir qızı sevirmiş"
Mayın 7-də, gecə Bərdə rayonu, Piyadalar kəndində qətlə yetirilən 24 yaşlı Bayramov Salman Tahir oğlunun əmisi Əli Bayramov Milli.Az-a müraciət edərək hadisə ilə bağlı aparılan işin gedişatından narazılığını və etirazını bildirib. Onun sözlərinə görə, kənddə hamı bu məsələdə 2 nəfərdən şübhələnir, amma dəqiq bilinmir: "Hadisə mayın 7-dən 8-nə keçən gecə olub. Qardaşım Tahir deyir ki, Salman kənddə bir qızı sevirmiş. Amma qızı sevən başqa bir nəfər də var imiş. Hətta 2-3 ay əvvəl onların arasında konflikt də olub, dalaşıblar. Hətta vaxtilə dalaşıblar, buna görə həmin oğlanı 10 gün saxlayıblar da. Mayın 7-də axşam isə kimsə uşağı gəlib çağırıb. Amma kimin çağırdığı dəqiq bilinmir. İki versiya var. Amma əsas versiya məhz sevdiyi qızla bağlıdır. Həmin gün uşağı öldürüb, sonra da maşında yandırıblar. Amma üstündən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də işin üstü açılmayıb. Elə bil nəyisə gizləmək istəyirlər. Hələ də deyirlər ki, gözləyin. Bu gün-sabaha salırlar. Polis idarəsində hətta qardaşıma Baş Prokurorluğa, Nazirlər Kabinetinə şikayət etdiyi üçün təzyiq də ediblər. Deyiblər ki, biz özümüz burada həll edə bilərdik. Görünür, nəyisə ört-basdır etmək istəyirlər. Hələ də məsuliyyətə cəlb edilən, həbs olunan yoxdur". Məsələ ilə bağlı Piyadalar kənd bələdiyyəsinin sədri Baxşeyiş Abdullayev də bildirib ki, hələ hadisənin üstü açılmayıb: "Hələ bununla bağlı konkret həbs olunan yoxdur". Bərdə Rayon Prokurorluğundan isə bildiriblər ki, istintaq hələ davam edir. Qeyd edək ki, mayın 7-dən 8-nə keçən gecə Bərdədə dəhşətli cinayət hadisəsi baş verib. Rayonun Piyadalar kəndinin sakini, 24 yaşlı Bayramov Salman Tahir oğlu kəndin qəbiristanlığına yaxın sahədə tanımadığı insanlar tərəfindən döyülüb. Həmin şəxslər S.Bayramovu ölümcül döydükdən sonra onu avtomobilinə qoyub, benzin tökərək yandırıblar. Həmin kənddən olan bir nəfər qəbiristanlığa çatanda avtomobilin yandığını görüb, inilti səsini eşidib. Həmkəndlisi Bayramovu maşından çıxararaq təcili tibbi yardım maşınının köməkliyilə xəstəxanaya çatdırıb. Həkimlərin lazımi tibbi yardımına baxmayaraq 1992-ci il təvəllüdlü Salman Bayramov xəstəxanada dünyasını dəyişib. Bələdiyyə sədri Baxşeyiş Abdullayev azvision.az-a açıqlamasında hadisənin iki səbəbdən baş verə biləcəyini deyib: "Salman kənddə qaz çəkmə işinə baxırdı. Çox bacarlıqlı oğlandır. Hadisənin iki səbəbə görə törədiliyi bildirilir. Birinci səbəb ondan ibarətdir ki, Salmanın xeyli mal-qarası olub. Həmin heyvanları satıb maşın almaq istəyirmiş. Onun mal-qaranı satdıqdan sonra üstündə 3-4 min manata yaxın pul olub. Ola bilsin ki, Salmanı pula görə bu hala salıblar. Hadisənin baş verməsinə digər səbəb kimi Salmanın həddindən artıq internetə maraqlı olması göstərilir. Deyilənə görə, Salman internetdə çox adama mesajlar yazırmış. Bəlkə də hansısa bir qıza mesaj göndərib. Nəticədə bu hadisələr baş verib. Bildiyimizə görə, hadisəni bizim kəndin sakinləri törədib. Amma onların kimliyi bilinmir. Yəqin ki, polis həmin şəxsləri tutandan sonra hadisənin dəqiq səbəbləri ortaya çıxacaq". Kənd sakinləri isə bildiriblər ki, hadisə qız üstündə baş verib. Belə ki, Salman Bayramov tanış olmaq məqsədi ilə bir qıza mesaj yazıb. Bundan xəbər tutan qızın qohumları onu cəzalandırmaq qərarına gəliblər. Hadisə də məhz bu səbəbdən baş verib.