Şəfəqə Doğru » Manşet » Belarus: Avropa diplomatiyası bu səfər ehtiyatın tərəfində durdu

Belarus: Avropa diplomatiyası bu səfər ehtiyatın tərəfində durdu

Belarus: Avropa diplomatiyası bu səfər ehtiyatın tərəfində durdu

Avropa Birliyi bir daha göstərdi ki, siyasət bir incəsənətdir və Avropa onun beşiyidir. Siyasət dəqiq elmlərdəkindən fərqli olaraq, hər bənzər situasiyada bənzər reaksiya göstərmək gərəyinin olmadığı bir sahədir. İntellektli siyasət hər zaman işin kontekstinə görə hərəkət etmək ehtiyacı duydurur. Şərtlər bənzər olsa da, yerinə və zamanına görə reaksiyalar fərqli ola bilir, olmalıdır.
Avropa mediasından müşahidəm bu oldu ki, ilk başda ekspertlər cəmiyyətə və siyasət adamlarına bu mesajı verirlər, "ikinci Ukraynadan yayının”. Gecikmədən, Avropa diplomtiyasının şefi Josep Borrell də bu barədə ispan El Pais qəzetinə intervyüsündə eyni üslubda danışaraq "məsələyə Belarus hökuməti ilə birlikdə baxmaq lazımdır” deyib. Beləliklə, Avropa siyasi mövqeyini son təcrübələrdən dərs götürərək qoymaq istəyir (Ukrayna, Suriya prosesləri). Yəni daha realist və tədbirli davranmağı seçir. Başqa deyimlə, Avropa ehtiyat edir ki, Rusiya Belarusda da hansısa gərginlik yaradar. Bunun başa düşülən səbəbi odur ki, Rusiyanın Belarus itirməmək üçün verəcəyi cavab çox daha aqressiv ola bilər. Nəzərə almalıyıq ki, Ukraynadan fərqli olaraq Belarus Rusiya ilə hər mənada dəfələrcə daha yaxın bir ölkədir. Yada salaq ki, ötən əsrin sonlarında, Sovetlərin çöküşündən sonra qızışan Krım krizi(1991-1994) Ukrayna ilə Rusiyanın arasında xüsusi məsafə yaratmışdı. O zamanlar, danışıqlarla da olsa, Krım mövzusu həll olunmuş görünürdüsə də, Rusiya üçün 1994-cü ildə Budapeşt memorandumu imzalanarkən üstüörtülü şəkildəbərqərar edilmiş "Krım razılaşması”diplomatik bir məğlubiyyət sayılırdı. Çoxluğu rus olan bir bölgə niyə Ukraynanın əlində qalmalı idi ki ? Ukrayna tərəfdə də Rusiyanın Krımla əlaqəli tamahından xəbərsiz deyildilər. Bundan ötrü idi ki, hələ Kuçmanın dövründə, Rusiya ilə münasibətlər xeyli yaxşılaşsa da, Ukraynanın kampı "pan-amerikan”, üzü isə Qərbə yönəlik idi. Məsələn, GUAM-a (İnkişaf və Demokratiya Təşkilatı) üzv olmaq məhz həmin meylin nəticəsi idi. Hal bu ikən Belarusiya Rusiyanın bütün regional proyektlərinin bir nömrəli müttəfiqi kimi hərəkət edirdi, onun bir nömrəli yoldaşı idi, belə də qalır. Bundandır ki, Rusiya Belarusda hansısa bir "Qərb barmağı” görsə, kəskin aqressivlik göstərəcəkdir. Hər halda Rusiyanın belə bir təhdidə səssiz qalmasına indiyədək şahid olmamışıq.
Xatırlamaq lazımdır ki, Rusiya son inqilabdan sonra Ukraynada xüsusi aqressivlik göstərdi və Krımı Ukraynadan qopardı. Fəqət bu aqressivliyin səbəbi o deyildi ki, onsuz da onun təsirində olmayan bir ölkənin üzərində nüfuzunu bir az da itirirdi. Sadəcə olaraq Ukraynadakı inqilab Rusiya üçün yarım qalmış bir tamahı doyurmaq üçün bir fürsət idi. Ancaq, Belarusiyanı itirmək belə deyil, bu Rusiya üçün SSRİ-nin yıxılması şokunun kiçik bir versiyası kimi olar. Elə məhz bu onu çox aqressiv edər. Hələki sakit görünüş sərgiləsə də,Qərbin Belarusu demokratikləşdirməklə, daha da avropalılaşdırmağa çalışdığını görərsə, cavab Ukraynadakından çox daha ağır olar deyə təxmin edə bilərik.
Rusiyanın Sovetlərin dağılmasından sonra izlədiyi, "mənim olmayan yox olsun” strategiyası məlumdur. Çəkildiyi bütün ölkələrdə konflikt yaratdı. Gürcüstan, Moldova, Ukrayna, Azərbaycan... O zəif və parçalanmış halıyla.Demokratikləşmə yoluyla Qərbə yönələn, ya da Qərbə yönəlməklə demokratikləşmək istəyən hər post-sovet ölkəsində gərginlik yaratmağa çalışdı. İndi deyə bilərik ki, Belarus Rusiyanın nəzarətindən çıxıb, "pri-baltika” yolunu gedərsə, Rusiya əlində olan-qalan regional alyansın bir dirəyini sökülmüş sayacaq və cavab axtarışına girəcəkdir. Beləliklə də, əlindəki bütün mexanizmləri işə salaraq gərginliyi artırmaq və beynəxalq stresi yüksəltmək yoluna girəcəkdir.
Avropa bunu gözə almaq istəmir. Tək bir müharibə, tutaq ki, yeni bir Qarabağ müharibəsi 10 minlərlə mühacirin Avropaya axını ilə nəticələnə bilər. Belə bir müharibəni başlatmaq üçün isə hələ də rusların təsir imkanları var görünür. Təkcə bu yetərlidir ki, Avropa Belarusda utancaq diplomatiya izləsin.
P.S. Bütün bunlar Belarusdakı xalq iradəsiylə baş tutmaqda olan inqilaba kölgə salmır. Ancaq artıq düşünməliyik ki, Avropa inqilabşıların arxasında deyil və belarus xalqı bundan sonra Putin-Lukaşenko ittifaqı ilə tək başına mübarizə aparacaqdır.