Şəfəqə Doğru » Manşet » "Toyları başlarına dəysin, ömrü boyu ölkəni yıxa-yıxa gediblər"

"Toyları başlarına dəysin, ömrü boyu ölkəni yıxa-yıxa gediblər"

"Toyları başlarına dəysin, ömrü boyu ölkəni yıxa-yıxa gediblər"
Xəbər verdiyimiz Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyevin nəvəsinin toyu gündəmin əsas müzakirə mövzularından biri olub. 

Cəmiyyətdə və sosial şəbəkələrdə isə bu rəzalətə ziyalıların susmasına təəssüflənirlər və onların məsələyə münasibət bildirməsini tələb edirlər.

Moderator.az-ın əməkdaşı məsələylə bağlı bir neçə ziyalının fikrini öyrənib. İlk olaraq Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anara müraciət edib. Yazıçı bir ziyalı kimi məsələnin ona aid olmadığını bildirib:

"Mənim nə borcumadır Ramiz Mehdiyev nəvəsinə toy edib. Xahiş edirəm belə mənasız suallarla mənə müraciət etməyin”. 

Professor, tanınmış ictimai xadim Qulu Məhərrəmli isə saytımıza açıqlamasında baş verənləri ümumilikdə cəmiyyətə qarşı hörmətsizlik kimi qiymətləndirib:

"Mən belə hesab edirəm ki, kimliyindən, hansı vəzifəni tutmasından, ictimai nüfuzundan asılı olmayaraq qoyulmuş qaydalar hamı üçün eynidir. Əgər hamının qəbul etdiyi və əməl etdiyi qayda varsa, ona Ramiz Mehdiyev və qeyriləri də əməl etməlidir. Yəni Operativ Qərargahın qərarına görə toy və yas mərasimləri keçirmək qadağandır. Amma birdən-birə bu cür məlumatların yayılmağı sözün düzü təəccüblüdür. Mənə elə gəlir ki, hələ Ramiz müəllimin başında çox havalar qalır, yəni istisnalar onlar üçündür və sair. Əlbəttə ki, qəbulolunmaz haldır. Evlənənlər, nigah bağlayanlar var, amma bu cür dəbdəbəli toy etmək heç kimin ağlına gəlmir. Ona görə də bunu ümumi qanunsuz hal hesab edirəm, qaydaların pozulmasıdır, ümumiyyətlə, ictimaiyyətə hörmətsizlikdir və  buna belə soyuqqanlı baxmaq olmaz”.   

Tanınmış ictimai xadim, Tibb Universitetinin (ATU) dosenti Rəşid Mahmudov isə saytımıza açıqlamasında Ramiz Mehdiyevin nəvəsinin toyunun olmasından yox, dövlətimizin Rusiyada ayrılıb Türkiyəyə yaxınlaşmasından danışmağı vacib saydı:

"Bu cür kiçik amallarla məşğul olmayın. Toyları başlarına dəysin, ömrü boyu ölkəni yıxa-yıxa gediblər. Məqamdır, mən ölüb gedəcəm, oğul. Siyasi məsələlərə diqqəti artırıb milləti Türkiyəyə yönəldin. Ramiz Mehdiyev də və başqaları da ölüb gedəcək. Bu millət Türkiyəylə əlaqələrini möhkəmləndirib Rusiyadan birdəfəlik qopmalıdır. 1818-ci ildən bəri rus bizim torpaqları paylaya-paylaya gəlir. Ramiz Mehdiyev hökuməti tanımır, rusun adamıdır. Bəs Ramiz Mehdiyev nəvəsinə toy edəndə səlahiyyətli dövlət qurumları harda idi? Əgər söz deyə bilmiriksə, onda ölməliyik”.