Şəfəqə Doğru » Manşet » “Rusiya Qarabağ məsələsində ədalətli siyasət yürütməsə, bundan ən çox özü ziyan çəkəcək”

“Rusiya Qarabağ məsələsində ədalətli siyasət yürütməsə, bundan ən çox özü ziyan çəkəcək”

“Rusiya Qarabağ məsələsində ədalətli siyasət yürütməsə, bundan ən çox özü ziyan çəkəcək”

Məlum olduğu kimi, prezident İlham Əliyev Yunanıstanın yeni təyin edilən səfiri ilə görüş zamanı həm Rusiyanın Ermənistanı silahlandırması, həm də Yunanıstanın işğalçı Ermənistanla hərbi əməkdaşlığından narahatlığını dilə gətirdi.

 

Hər iki faktla bağlı Azərbaycanın beynəlxalq təşkilatlar qarşısında  məsələ qaldırması, beynəlxalq hüquq normalarını pozaraq işğalçıya dəstək verən ölkələrin qanunsuz fəaliyyətini ifşa etməsi nə dərəcədə arzuedilən və faydalı olar?

 

Moderator.az-a açıqlama verən millət vəkili Nəsib Məhəməliyev bu yöndə ciddi addımlar atmağın vacibliyinə diqqət çəkdi:

 

"Ölkə Başçısı Yunanıstanın yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edərkən tam haqlı olaraq Rusiyanın Ermənistanı silahlandırması və Yunanıstanla Kiprin üçtərəfli hərbi əməkdaşlığından narahatlığını bildirdi.

 

Birincisi, Rusiya, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ konfliktinin nizamlanması üçün yaradılmış ATƏT-n Minsk qrupunun həmsədr ölkələrindən biri kimi, münaqişənin həllinə yönəlik addımlar atmalıdır. Heç olmasa, neytral mövqe tutmalıdır. Təəssüf ki, reallıqda bunun əksini görürük. Uzun illər ərzində işğalçını silahlandırmaqla,(əksər hallarda təmənnasız) maddi və mənəvi dəstək verir. İşğala haqq qazandırmaqla, Azərbaycanla arasında formalaşmış münasibətlərə kölgə salır, getdikcə özünə olan inamı itirir. Rusiya artıq dərk etməlidir ki, status-kvonun daha uzun müddətə saxlanılması üçün imitasiya dövrü bitdi.

 

Müasir zamanın tələbləri başqadır və Azərbaycan da müstəqil, inkişaf etmiş güclü dövlətdir. Azərbaycan xalqı da torpaqlarının işğalı ilə heç vaxt barışmayacaqdır. Əgər, münaqişənin həlli istiqamətində ədalətli siyasət yürütməsə, Azərbaycanı gələcəkdə itirə bilər və bundan ən çox ziyanı Rusiya çəkər.

 

Yunanıstana gəldikdə isə, onlar deyə bilər ki, Siz də Türkiyə, İsrail, Rusiya, Pakistan və digər ölkələrlə hərbi əməkdaşlıq edirsiniz. Bəli edirik. Fərq ondadır ki, Ermənistan, Azərbaycanın beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlərinə müdaxilə edib. Yəni hüquqi baxımdan işğala məruz qalan tərəf, Azərbaycandır. İşğalçını silahlandırmaq isə, işğala haqq qazandırmaq anlamına gəlir. Bu baxımdan Prezident İlham Əliyevin səfirin qarşısında qaldırdığı hər iki məsələ beynəlxalq hüqüq normalarına əsaslanır.

 

Hesab edirəm ki, Ermənistanla hərbi əməkdaşlıq məsələləri ilə yanaşı, Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ və ətraf ərazilərində fəaliyyət göstərən xarici şirkətlər, qanunsuz məskunlaşma, mədəni irsin məhv edilməsinə yönəlik bütün faktlarla bağlı beynəlxalq təşkilatlara davamlı müraciət etməliyik. Bu nəinki, arzu edilən, hətta olduqca vacibdir. Mütləq xeyri olacaq. Qaldırmamaq işğalla barışmaq deməkdir”.

 

Seymur ƏLİYEV