Son dövrlər Ermənistanda gedən proseslər göstərir ki, düşmən ölkə müharibəyə hazırlaşır. İşğalçı ölkədə "Müdafiə haqqında" qanuna dəyişiklik 70 yaşlı kişilərin orduya cəlbinə təminat yaradır. Paralel olaraq danışıqlardan yayınmaq, qanunsuz məskunlaşdırma, sərsəm bəyanatlar ermənilərin sülhün tərəfdarı olmadıqlarını göstərir.
Bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib,
O qeyd edib ki, ermənilərin sərsəm bəyanatları öz ağıllarının məhsulu deyil.
Millət vəkili işğalçıya kənardan dirijorluq edənlərin diktəsi ilə belə mənzərinin yarandığını bildirib: "Beynəlxalq ictimaiyyət Yaxın Şərq regionunda, Afrikanın şimalında, Aralıq dənizində və digər bölgələrdə gedən prosesləri yaxından izləyir. Heç kimə sirr deyil ki, yeni dünya düzəni formalaşır. Geosiyasi maraqlar, kommunikasiyalar, təbii resurslar uğrunda kəskin mübarizə gedir. Bu istiqamətlərdən biri də Qafqaz regionudur. Bu konteksdə iyul ayında baş verən təxribatlardan sonra qardaş Türkiyənin Azərbaycana açıq dəstəyi də düşmən və onu havadarlarını ciddi narahat edib”.
Deputat vurğulayıb ki, ölkəmizin güclənməsindən narahat olan, yaranmış vəziyyətdən təzyiq vasitəsi kimi istifadə etmək istəyən qüvvələr də mövcuddur: "Belə bir deyim var, sülh istəyirsənsə, müharibəyə hazır olmalısan. İstənilən halda biz həm diplomatik, həm iqtisadi, həm də hərbi müstəvidə savaşa hazır olmalıyıq. Qüvvələr nisbətində balans yaradılması üçün Türkiyə ilə hərbi əməkdaşlığın daha da yüksəlməsi olduqca vacibdir”.
Nəsib Məhəməliyev deyib ki, Gəncəni bombalamaq istəyənlərə Azərbaycan Ordusu tərəfindən cavab verilib və növbəti həmlədə də veriləcək.
Deputat separatçıların cəfəng bəyanatlarla Paşinyanın təxribatını davam etdirdiklərini qeyd edib.
Millət vəkili münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun səylərini gücləndirməsinin də vacibliyini önə çəkib. "Sergey Lavrovun açıqladığı masa üzərində olan sənəd "Madrid prinsipləri” və 2010-cu ildə qəbul olunmuş "Kazan sənədi"dir. Bu isə münaqişənin mərhələli həllini nəzərdə tutur”.Teleqraf