Oktyabrın 9-da Moskvada Rusiya, Ermənistan və Azərbaycan Xarici İşlər nazirlərinin görüşündə Dağlıq Qarabağda humanitar məqsədlə müddətsiz atəşkəs razılaşdırıldı. Dörd bəndlik şifahi razılaşmada münaqişənin sülh yolu ilə həlli üçün danışıqların ATƏT-in Minsk Qrupunun hazırladığı baza prinsipləri əsasında bərpası da yer alıb.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin "Haber Global” televiziya kanalına müsahibəsində baza prinsipləri məsələsinə toxunub. Ölkə başçısı bildirib ki, Moskvada qəbul edilmiş bəyanatda humanitar atəşkəslə yanaşı, siyasi məqamlar da var: "Onlardan biri danışıqların, müzakirələrin bərpa edilməsi, baza prinsipləri əsasında substantiv danışıqların davam etdirilməsidir. Baza prinsipləri isə bizim maraqlarımıza cavab verir, çünki orada işğal edilmiş ərazilərdən erməni silahlı qüvvələrin çıxarılması nəzərdə tutulur. Orada göstərilir ki, birinci mərhələdə 5 rayondan, ikinci mərhələdə 2 rayondan erməni silahlı qüvvələri çıxarılır. Ondan sonra bütün məcburi köçkünlər əvvəl yaşadıqları bölgələrə qayıdırlar. Bu, o deməkdir ki, bizim məcburi köçkünlər Şuşaya da, Xankəndinə də qayıdacaqlar”.
Analitiklər isə bildirirlər ki, sözügedən baza prinsiplərində digər məqamlar da var ki, bunlardan da biri Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi ilə bağlıdır. Bölgənin yekun statusu ilə əlaqədar bir çox suallar qalmaqdadır.
Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli AYNA-ya deyib ki, hərbi əməliyyatların indiki şəraitində, bugünədək imzalanmış sənədlər, keçirilən görüşlər - hamısı əhəmiyyətini itirib. Onun sözlərinə görə, bu gün söhbət Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsindən gedir: "Əlbəttə, bu gün Prezident siyasi manevrlər edir. Bu manevrlər də hesab edirəm ki, uğurludur. Çox yaxşı olardı ki, 7 ətraf rayon döyüşsüz Azərbaycana qaytarılsın. Ondan sonra da Dağlıq Qarabağın statusu məsələsi müzakirəyə çıxarılsın. Amma Ermənistan tərəfi təxribatlarını davam etdirir, mülki əhalini atəşə tutursa, sülh danışıqlarının bərpası əhəmiyyətini itirir”.
"Minsk Qrupunun hazırladığı və Azərbaycanın da qəbul etdiyi baza prinsiplərində sülhməramlı qüvvələrin Dağlıq Qarabağa yerləşdirilməsi məsələsi var ki, bu, milli maraqlarımıza uyğun deyil. Hesab edirəm ki, ümumiyyətlə, bölgəyə sülhməramlıların gətirilməsi doğru deyil. Başqa çarə yoxdursa, əgər sülhməramlıların gəlməsi şərtdirsə, o zaman iki ölkənin sülhməramlıları olmalıdır. Yəni, bərabər sayla həm Rusiya, həm də Türkiyə sülhməramlıları yerləşdirilməlidir. Təbii ki, Dağlıq Qarabağın statusu tam müəyyənləşəndən sonra sülhməramlılar çıxarılmalıdır”, - deyə politoloq əlavə edib.
Dağlıq Qarabağın statusu məsələsinə gəldikdə isə, Hüseynlinin fikrincə, məsələ o halda müzakirə edilməlidir ki, 7 rayon bütövlükdə Azərbaycana qaytarılsın, məcburi köçkünlər yurd-yuvalarına dönsünlər: "Hazırda Azərbaycan Ordusu Ermənistanın hərbi texnikasının 80, şəxsi heyətinin 70 faizini məhv edib. İşğal olunmuş bir sıra yerlər azad edilib, bir neçə strateji yüksəkliklər azad olunub, rayonlara nəzarəti ələ keçirmişik. Bu gün düşmən ölkə çıxılmaz vəziyyətdədir. Ümumiyyətlə, indiki halda danışıqların bərpası yalnız Ermənistana sərf edir. Biz danışıqların bərpasına o zaman razı olmalıyıq ki, Ermənistan tərəfi konkret cədvəl versin. Orada göstərilsin ki, məsələn, noyabrın 2-də Kəlbəcərdən erməni silahlıları çıxarılacaq, noyabrın 5-də Laçından çıxarılacaq və s. Bu qrafikə də ciddi şəkildə əməl olunmalıdır”.
"Düşünürəm ki, ermənilər buna əməl etməyəcəklər. Söz versələr də, qrafikə əməl olunmayacaq. Biz bunları yaxşı tanıyırıq, bilirik ki, zorla çıxarılmasalar, öz xoşları ilə ərazilərimizi tərk etməyəcəklər. Bu baxımdan, məncə, hərbi əməliyyatlar davam edəcək, ətraf rayonlar tam nəzarətimizə keçəcək. Böyük üstünlüyə malik olduqdan sonra rəsmi Bakı Dağlıq Qarabağın statusu ilə bağlı danışıqlara oturacaq. Status məsələsi də separatçı rejimlə deyil, məhz Ermənistanla danışılacaq”, - ekspert vurğulayıb.
Politoloqun sözlərinə görə, Azərbaycan Dağlıq Qarabağdakı erməni vətəndaşlarının rəyini soruşacaq: "Əgər onlar istəyirlərsə, o zaman Azərbaycanın tərkibində muxtariyyətləri olacaq, adam kimi yaşayacaqlar. Yox, istəmirlərsə, o zaman da çıxıb Ermənistana gedəcəklər. Bunun başqa yolu yoxdur”.
Keçmiş dövlət müşaviri qeyd edib ki, referendum, öz müqəddəratını təyin etmə - bunlar hamısı boş söhbətlərdir: "Ermənilər bir dəfə öz müqəddəratlarını təyin ediblər, Azərbaycanın ərazisində dövlət qurublar. İkinci bir erməni dövləti Azərbaycan ərazisində qurula bilməz. Bunu Azərbaycan Prezidenti dəfələrlə bildirib. Ona görə də əməliyyatlar davam edəcək, etməlidir də. Çünki Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır”.