Şəfəqə Doğru » Manşet » Yoluxma artdı, deputatlar hərəkətə gəldi: “Həftədə bir dəfə test verirəm”

Yoluxma artdı, deputatlar hərəkətə gəldi: “Həftədə bir dəfə test verirəm”

Yoluxma artdı, deputatlar hərəkətə gəldi: “Həftədə bir dəfə test verirəm”

Ölkədə koronavirusa yoluxma sayı yenidən artıb. Artıq hər gün yoluxma sayı 500-dən artıq olur.

Belə olan halda Milli Məclisin deputatları mütəmadi olaraq koronavirus testindən keçirlərmi?


Modern.az mövzuya münasibət öyrənməyə çalışıb.


Deputat Tahir Kərimli bildirib ki, əvvəllər daha tez-tez test verirdi:

"Son bir ayda test verməmişəm. Ancaq hər bir qaydaya riayət edirəm”


Deputat Məşhur Məmmədov tez-tez koronavirus testi verən deputatlar arasındadır:

"Həftədə bir dəfə koronavirus testi verirəm. Düşünürəm ki, hazırki situasiyada bu, çox önəmlidir. Çünki virus yenidən yayılmağa başlayıb. Biz də diqqətli olmalıyıq. Ölkədə Vətən müharibəsi gedir. Maksimum dərəcədə ehtiyatlı olmalıyıq və virusun yayılmaması üçün nə lazımdırsa, etməliyik. Biz deputat olaraq seçicilərlə görüşür, hansısa mərasimlərdə iştirak edirik. Ona görə də tez-tez testdən keçməliyik”.


Deputat Sabir Hacıyev koronavirus testinə zərurət yaranmadığını qeyd edib:

"Əvvəla, test vermək üçün nəsə bir hal baş verməlidir. Əgər virusun heç bir əlaməti məndə yoxdursa, niyə tez-tez testdən keçəmliyəm?! Sadəcə olaraq qaydalara riayət edirəm. Tibbi maska taxıram, spirtdən istifadə edirəm. Həmçinin,  sağlamlığımın keşiyində dayanıram. İdmanla məşğul oluram”.


Deputat Əziz Ələkbərli də test verdiyini vurğulayıb:


"Bir neçə ay bundan əvvəl parlamentdə tez-tez deputatları test edirdilər. İndi də lazım olanda özüm test verirəm. Hesab edirəm ki, sağlamlıq üçün bu çox önəmlidir”.

 

Deputat Ceyhun Məmmədov da sağlamlığın vacibliyini xüsusi qeyd edib:

"Düşünürəm ki, indiki şəraitdə hər birimiz koronavirus testi verməliyik. Çünki virus yenidən yayılmağa başlayıb. Hər birimiz ehtiyatlı olmalıyıq. Ölkədə müharibə gedir. Hesab edirəm ki, deputatların tez-tez koronavirus testi verməsi daha vacibdir”.