Koronavirus epidemiyası dövründə işsiz kimi uçotda olan şəxslərin 190 manatlıq sosial yardımla təmin edilməsi dövlətin və hökumətin sosial siyasətinin əsaslarından sayılır. Yardımın verilməsinə məsul edilən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu məqsədlə nə az, nə çox, düz 600 min vətəndaş müəyyən edib və hər ay büdcədən ayrılan toplam 114 milyon manatı sözügedən şəxslərə ödəyir. Yardımdan qıraqda qalan şəxslərə isə elə əsassız arqumentlərlə imtina edilir ki, necə deyərlər, əlin üzündə qalır. Təsəvvür edin, ailə qurmayan vətəndaşa bildiriş gəlir ki həyat yoldaşı işlədiyindən yardım ayrılması mümkün deyil! (?) O qədər "ağ elədilər” ki, imtinanın yeni variantını "kəşf etməyi” fikirləşdilər. Fikir verin, 30 ildir işsiz kimi ƏƏSMN yanında Məşğulluq Mərkəzində uçotda olan şəxsə yardım verilməsindən imtina edilir ki, adına aktiv əmək müqaviləsi var. Belədə iş yerinin itirilməsinə görə daha yüksək -250 manatlıq yardımla təmin olunma nəzərdə tutulsa da, işsiz və ya iş yerini itirən şəxs dövlətin və hökumətin sosial yardım paketindən qıraqda qalır . Özü də dövlətin əhalinin sosial müdafiəsinə təhkim etdiyi dövlət qurumunun əli ilə. Beləcə vətəndaş dövlətdən narazı salınır.
Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 18a-da yaşayan Səbinə Həsən qızı 30 ilə yaxındır Xətai rayonunda işsiz kimi uçotdadır. Statusu 190 manatlıq sosial yardım ayrılmasına əsas verdiyindən ötən ilin aprelində ƏƏSMN -ə "sms”lə müraciət etsə də, adına VÖEN olduğu bildirilərək imtina cavabı alıb. Bir ilə yaxındır ki, nə VÖEN "tapılıb” fərdi sahibkar kimi 250 manat verilir, nə də işsiz kimi 190 manat. Şikayətçinin ali dövlət və mərkəzi icra hakimiyyəti, hüquq-mühafizə orqanlarına, Ombudsmana müraciətlərinə isə ümumiyyətlə cavab verilməyib. Bir ildən sonra sosial yardıma ehtiyacı olan şəxsə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlının imzaladığı 23.12.2020 tarixli məktubla elə bir cavab verilib ki , ölkədə insan hüquqlarının qorunmasının gerçək mənzərəsini ortaya qoyur . Heç demə, OMBUDSMAN İNSAN HÜQUQLARINI YOX, MƏMURLARIN ÖZBAŞINALIQ "HÜQUQLARINI” QORUYUR! (?) Ombudsman Aparatı şikayətçinin müraciətini araşdırmaq üçün ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyinə tapşırıb və aldığı qanunsuz cavabı Konstitusiya Qanunu kimi qəbul edib ! (?) (Nə yaxşı, vətəndaş Qafqaz Müsəlmanları İdarəsinə müraciət etməyib, yoxsa cavab "Quran ayəsi” kimi sırınardı) Məşğulluq Agentliyi bildirib ki, şikayətçi xanım 07.04.2020 tarixdə ƏƏSMN-İN Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Məşğulluq” altsistemində işaxtaran kimi qeydiyyata alınıb və adına həmin MEİS -in "Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi olduğuna görə, "Məşğulluq haqqında” qanunun 4.1.1 maddəsinə əsasən məşğul şəxs hesab edilir. NK -nın 7 aprel 2020 tarixli 127 nömrəli qərarının 1-ci hissəsinə əsasən birdəfəlik ödəmə yalnız MAS-da ( "Məşğulluq Alt Sistemi” ) işsiz kimi qeydiyyata alınmış şəxslərə verilmişdir "
Diqqətli oxuyanlar açıq-aşkar "məşğulluq dələduzluğu”nu bəlirləməkdə çətinlik çəkməzlər. Qayğıya, diqqətə baxın : 07.04.2020 TARİXİNDƏ VƏTƏNDAŞ İŞSİZ KİMİ QEYDİYYATDADIR VƏ. .. 07.04.2020 TARİXLİ NK QƏRARI İLƏ QEYDİYYATDA OLMADIĞINDAN YARDIM VERİLMƏYİB! (?) Bunu necə başa düşmək olar? Belə çıxır, məşğulluq xidməti dələduzluqla məşğuldur? ! Vətəndaş həm işsizdir, həm də işləyir! (?) Dələduzluq faktını vətəndaşın şikayətindən sonra işsiz uçotundan çıxarılması da sübut edir. Bəyəm indiyədək koronavirus yox idi, deyə vətəndaş işsiz sayılırdı, indi "əmək müqaviləsi” üzə çıxdı? Kiminlə bağlanıb bu əmək müqaviləsi, fiziki şəxslə, yoxsa hüquqi şəxslə, yoxsa dövlət qurumu ilə? Niyə açıqlanmır? Bəlkə həmin işə götürən də indi yoxa çıxıb, yaxud pandemiya ilə bağlı işləmir, bunu niyə aydınlaşdırmırlar? Yəni belə çətindir ƏƏSMN, İqtisadiyyat Nazirliyinin Vergi Xidməti , hüquq mühafizə orqanları üçün bunu aydınlaşdırmaq? Vətəndaş 1 ildir işsiz-gücsüz, sosial yardımsız olduğunu bildirir, bir ildən sonra verilən cavaba baxın! Yenə də deyirik, adına əmək müqaviləsi olan şəxsə iş yerini itirməyə görə 250 manat ödənilməlidir! İndi İqtisadiyyat Nazirliyi və ya ƏƏSMN özü seçsin, vətəndaşa ya sahibkarlıq subyekti kimi 250 manat, ya da işsiz kimi 190 manat verilməsini təmin etsin!
Ombudsman Aparatına verilən cavabın sonunda ƏƏSMN yanında Dövlət Məşğulluq Agentliyi şikayətçiyə vakant iş yerlərini "e-sosial.az” hökumət portalında izləməyi də məsləhət görüb. Bu isə o deməkdir ki, "məşğulluq məmuru” vətəndaşın işləmədiyinə əmindir və üzərinə düşən məşğulluq xidmətindən imtina edir. Vətəndaş olmayan internet vasitəsilə portalda iş axtaracaqsa, bu yekəlikdə Dövlət Məşğulluq Agentliyinə nə ehtiyac var? Agentliyin saxlanılmasına çəkilən xərclə vətəndaşların sosial problemlərinin böyük bir hissəsi çözülə bilər. Bir çaları da vurğulamaq yerinə düşər ki, vətəndaş yardım istəyəndə ƏƏSMN altsistemində onun işləyib gəlir əldə etdiyi bildirilir, amma pensiya istəyəndə heç bir gəlirinin olmadığı bəlli olur! (?) Bu ikili standartın özü də açıq şəkildə dövlətin sosial paketindən sosial məmurların dələduzluqla yararlanmasını ortaya qoyur.
Məğrur Bədəlsoy
P.S.1. Qarşı tərəfin sosial özbaşınalıq mövqeyini əks etdirən 23.12.2020 tarixli Ombudsman Aparatının cavabı qoşulur.
2. Ombudsman insan hüquqlarının qorunmasında Konstitusiyanı əsas tutmalıdır, hansısa məmurun özbaşına cavabını yox!
Teref.az olaraq qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq!
Shafaqadogru.com Teref.az-a isdinadən bildirir.