Yanacağın bahalaşması ilk nəticəsini verdi. Bəzi topdansatış məntəqələrində bir kisə unun qiyməti artaraq 27 manatdan 33 manata yüksəlib. Təxminən 22 faizlik bahalaşmanın çörək və başqa un məhsullarının qiymətini də yüksəldəcəyi gözləniləndir. Əks halda, bu sektorda işləyən sahibkarlar müflisləşə bilər.
Amma qiymət artımına getmək heç də asan məslə deyil. Çünki ölkədə çörəyin qiyməti strateji məsələ sayıldığına görə dövlət qurumlarının ciddi nəzarəti altındadır. Gəncədə çörək istehsalı ilə məşğul olan Məmməd Qurbanov "Press Klub”a bildirib ki, yanacağın bahalaşması bilavasitə onların fəaliyyətinə ciddi təsir göstərir:
"Biz unu böyük dəyirmanlardan alırıq, əsasən Bakıdan gətiririk. Qiymət artana qədər bir maşın unun Gəncəyə gətirilməsi 200 manata başa gəlirdisə, indi 250 manatdır. Sürücünü qınaya bilmərik, dizelin qiyməti 30 faizdən çox artıb. Əvvəl kisəsini 27 manata aldığımız un indi 32-33 manatdır. Amma biz çörəyin qiymətini özbaşına artıra bilmərik. Əvvəla, bu qorxuludur, dərhal başımızın üstünü kəsib, süni qiymət artımında günahlandıraraq cərimələyəcəklər. İkincisi, qiyməti gərək bütün istehsalçılar eyni vaxtda qaldırsın, bu da mümkün deyil, biri razı olur, başqası qorxur”.
Hüseynov qeyd etdi ki, bir çıxış yolu qalır, o da çörəyin çəkisini azaltmaq. Amma son illər üst-üstə gələn qiymət artımlarında çörəyi o qədər balacalaşdırıblar ki, alıcı almaq istəmir. Başqa çarə isə yoxdur. Sahibkarın sözlərinə görə, dizelin, benzinin bahalaşması onların nəqliyyat xərclərini də artırıb. Çünki istehsal olunan məhsulu satış yerlərinə özləri paylayırlar:
"Gün ərazində şəhəri bir neçə dəfə dolaşırıq, bu da külli miqdarda yanacaq deməkdir, əvvəl günə 50 manat xərcləyirdiksə, indi 60 manata qalxıb. Bütün bunların hamısı çörəyin maya dəyərinin üstünə gəlir. İndi yazıq sahibkar necə etsin ki, 3-4 nəfərə iş versin və özü də ailəsinə bir tikə çörək apara bilsin…”
Məmməd Qurbanov bildirir ki, pandemiya dövründə bütün çörəkçilərin qazancı aşağı düşüb, xeyli sayda işçilərini ixtisar etmək məcburiyyətində qalıblar: "Restoranlar, kafelər işləmir, toy, yas mərasimləri də qadağan edilib. Əvvəl gündə 20 kisə unun çörəyini bişirib sata bilirdiksə, indi bu rəqəm 5-6 kisəyə enib. Onsuz da qazanc yox idi, qiymət artımı da belimizi qıracaq. Belə getsə, çörəyin qiyməti artmasa, mənim kimi əksər istehsalçılar bazardan çıxmaq məcburiyyətində qalacaqlar”.
Qeyd edək ki, Tarif Şurası yanacağın qiymətinin təsir etdiyi sahələrdə bahalaşmanın qarşısının alınması üçün sahibkarlara dövlət dəstəyi veriləcəyini açıqlayıb. Amma bu yardımın nədən ibarət olacağı, nə zaman və hansı mexanizmlərlə veriləcəyi məlum deyil. Aqrar sektor, istehsalçılar və nəqliyyat sahəsində çalışanlar isə artıq 5 gündür yanacağı yeni tariflərlə alırlar.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti isə bəyan edib ki, süni qiymət artımının qarşısını almaq üçün monitorinqlər həyata keçirilir.
Bəs, hökumət qiymət artımının qarşısını almaq üçün inzibati yollardan başqa hansı addımlar ata bilər?
İş adamı, iqtisadçı Nazim Bəydəmirli "Press Klub”a açıqlamasında bildirdi ki, ilin əvvəlində benzinin və dizel yanacağının qiymətinin bahalaşdırılması zəncirvari qiymət artımının anonsu idi. O hesab edir ki, belə bir dövrdə, yəni COVİD-19-un davam etdiyi şəraitdə qiymətlərin artırılması doğru deyildi:
"İqtisadiyyatın daraldığı, çeşidli səbəblər üzündən iş yerlərinin bağlandığı, insanların real gəlirlərinin azaldığı bir zamanda hökumətin birbaşa təbii inhisarında olan alətlərlə bahalaşmanı körükləməsi səhv idi və irəlidəki aylarda sosial vəziyyəti daha da kəskinləşdirəcək. Bir neçə gündür ki, KİV-də, sosial şəbəkələrdə unun qiymətinin bahalaşması və kisəsinin 33 manata çatması haqqında məlumatlar yayılır. Bunun səbəbi həm Rusiyada, yəni əsas buğda tədarük etdiyimiz ölkədə məhsulun qiymətinin qalxması, həm də Azərbaycanda taxıl istehsalının 2020-ci ildə 311 min ton aşağı düşməsi ilə əlaqələndirilir. Fevral ayından Rusiya taxılın ixracına görə əlavə rüsum almağı planlaşdırır və beləliklə, öz ölkəsindən ixracı azaltmağa çalışır, nəticə etibarı ilə bu da Azərbaycana gətirilən buğdanı bahalaşdıracaq”.
Bəydəmirli qeyd etdi ki, bunların fonunda Azərbaycan hökuməti yenə əvvəlki ritorika ilə danışır:
"Guya qiyməti sahibkarlar artırır. "Süni qiymət artımı” adı altında onlara qarşı reydlər təşkil olunacağı haqqında açıqlamalar gəlir. Bazar iqtisadiyyatında "süni qiymət artımı” anlayışı yoxdur və olmamalıdır, ona qarşı da administrativ mübarizə effektsizdir və sosializm təfəkkürünün məhsuludur. "Süni qiymət artımı”nı yaradan monopolistlərə xidmət edən gömrük siyasətidir, fiskal siyasətdir, onu da aradan qaldırmaq üçün ciddi institusional, struktur islahatları aparmaq lazımdır. Bu sırada ilk addım məmur sahibkarlığının ləğvi, inhisarçılığın aradan qaldırılması, hökumətin dinamikliyini təmin etmək üçün bir-birini təkrar edən qurumların birləşdirilməsindən keçir”.