Tarif (qiymət) Şurasının son qərarı ilə ölkədə Aİ-92 benzinin və dizel yanacağının bahalaşmasından sonra ət və ət məhsullarının qiymətində də artım olacağı məsələsi gündəmə gəldi. İddia olunurdu ki, yanacağın bahalaşması nəqliyyat xərcini artırdığı üçün əsasən rayonlardan və idxal hesabına təmin olunan ətin qiymətləri də bahalaşacaq.
Rəsmi rəqəmlərə istinad etsək, ölkəyə idxal olunan ət daxili bazardakı satış qiymətlərindən dəfələrlə ucuzdur.
Belə ki, 2020-ci ildə ölkəyə ümumilikdə 43 948.45 ton ət idxal edilib. Dövlət Gömrük Komitəsinin ən çox idxal olunan məhsullar siyahısında yer alan məlumata görə idxal olunan ət 78 milyon 690 min 660 dollar dəyərində olub.
Bu isə o deməkdir ki, ölkəyə gətirilən ətin bir kiloqramı 1.7 dollara, yəni rəsmi məzənnə ilə 2 manat 89 qəpikdir. Yəni ölkəyə idxal olunan ətin hər kiloqramı məhz bu qiymətə rəsmiləşdirilir. Amma daxili bazarda ətin satış qiyməti hər kiloqram üçün 11-13 manat civarındadır. Əgər ölkəyə gətirilən ət 2.89 manata başa gəlirsə, niyə satış qiyməti bundan 4 dəfə çoxdur?
İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, həmin statistikaya gömrük rüsumları ödənilmədən olan qiymətlər salınır:
"Digər tərəfdən xaricdən gətirilən ətin böyük bir hissəsi satış üçün nəzərdə tutulmur. Əsasən dövlət ehtiyacları: ordunun istifadəsi, kolbasa və digər ət məhsullarının istehsalı üçün nəzərdə tutulur.
Burada maraqlı olardı ki, diri mal-qaranın qiymətlərinin açıqlanması olardı. Çünki diri mal-qara əsasən satış üçün gətirilir. Orada qiymət fərqinin bu qədər yüksək olması təbii ki, suallar doğurur.
Ya gömrük rüsumu müəyyən korrupsiya mexanizmləri vasitəsilər aşağı qiymətlərlə rəsmiləşdirilir, ya da topdansatış və ya pərakəndə satış ticarətində hansısa əl dəyişmələrlə əlaqədardır. Ona görə də Gömrük Komitəsi gətirilən ətin istiqamətlərini də daha ciddi şəkildə elan etməlidir.
Bildiyim qədər Hindistandan və başqa ölkələrdən konserv, kolbasa, ordunun təminatı üçün ət alınır. Onlar da eyni qiymətə alınır, yoxsa diri mal-qaranın qiyməti eynidir, bununla bağlı ayrıca açıqlamanın verilməsi daha yaxşı olar.
Amma ilkin olaraq insanda suallar yaranır ki, müəyyən sxemlər vasitəsilə qiymətlərin aşağı rəsmiləşdirilməsi baş verir və gömrükdə ola xroniki problemlər bu gün də davam edir”.