Vaqif Abdullayev müəllimlərin 1200 manatını, tibb işçilərinin isə 450 manat pambıq pulunu ata malı kimi cibinə qoyub
Ölkənin ən çox adı qalmaqallarda və mənimsəmə faktlarında hallanan icra başçılarından biri olan Vaqif Abdullayev yer ittihamla üzləşib.
Belə ki, Beyləqan müəllimlərindən və tibb işçilərindən AzMedia.info-ya daxil olan məlumata əsasən Beyləqanın icra başçısı onların pambıqpulunu mənimsəyib və dədə malı kimi cibinə qoyub.
Saytımıza daxil olan şikayət məktubunda bildirilir ki, Beyləqan şəhər məktəblərinin müəllimləri və Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı məcburi şəkildə pambıq yığımına cəlb olunub. Onlara bildirilib ki, yığdıqları pambığın pulunu 15 qəpikdən alacaqlar. Şikayət məktubunda göstərilir ki, ağır hava şəraitində min cür əziyyətlə Beyləqan şəhər məktəblərinin müəllimləri 8 ton, Beyləqan Mərkəzi Xəstəxanasının tibb personalı isə 3 ton pambıq yığaraq, (cəmi 11 ton), təhvil veriblər. Bundan sonra isə müəllim və tibb işçiləri onlara yığdıqları pambığın pulunu istəsələr də, onlara deyilib ki, pambığın pulunu icra başçısı götürüb. Qeyd edək ki, 11 ton pambığın 0,15 manatdan qiyməti 1650 manat edib. Yəni faktiki olaraq Vaqif Abdullayev müəllimlərin 1200 manatını, tibb işçilərinin isə 450 manatını ata malı kimi cibinə qoyub.
Maraqlıdır ki, müəllim və tibb işçiləri pambıq yığarkən icra başçısı da yaxasına fartuk taxaraq pambıq yığarkən şəkil çəkdirib. Aşağıda təqdim etdiymiz həmin şəkil ölkə mətbuatında da dərc olunub.
Hadisənin şahidləri bildirir ki, Vaqif Abdullayevin pambıq yığması cəmi iki dəqiqə də çəkməyib. Başqalarının yığdığı pambıq fartukunu belinə bağlayan icra başçısı jurnalistə poza verdikdən sonra tarlanı tərk edib. Və bundan solnra öz hala malı kimi müəllimlərin və tibb işçilərinin yığdıqları pambıq pulunu alaraq cibinə qoyub.
Xatırladaq ki, bundan əvvəldə Vaqif Abdulayevin adı bənzər mənimsəmə hadisəsində hallanmışdı. MilliYol.az saytının yazdığına görə sentyabrın 6-da Vaqif Abdullayev Beyləqandan ali məktəblərə daxil olan tələbələrlə görüş keçirib. Bundan əvvəl isə icra başçısı Beyləqan Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovaya tapşırıq verib ki, tələbələrə hədiyyə almaq üçün hər bir məktəb direktorundan 200 manat alsın. Xuraman Rüstəmova da başçı səviyyəsində ona verilən tapşırığı vaxtında həyata keçirib və direktorlardan 11 min manatdan artıq pul toplayaraq topladığı pulları şəxsən özü Vaqif Abdullayevə təqdim edib. Və Xuraman xanım gözləyib ki, icra başçısı görüşdə doğurdan tələbələrə hədiyyə təqdim edəcək. Lakin görüş zamanı heç bir tələbəyə heç bir hədiyyə filan təqdim olunmayıb. İcra başçısı çıxış edərək tələbələri təbrik edib, onlara uğur arzulayıb və bəzi tövsiyyələr verib. Vəssalam. Görüş bitdikdən sonra isə bir çox direktorlar Xuraman Rüstəmovaya yaxınlaşaraq verdikləri pulu soruşublar və Xuraman xanım da öz növbəsində puları icra başçısına verdiyini bildirib.
Tələbələr üçün hədiyyə almaq adı altında direktorlardan pul toplayan və 11 min manatı mənimsəyərək tələbələri əliboş yola salan icra başçısı bu dəfə də müəllimlərin və tibb işçilərinin topladığı pambıq puluna tamah salıb. Bizim deyəcək heç bir sözümüz yoxdur.
Shafaqadogru.com AzMedia.infoya istinadən bildirir.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.