`O tamaşa hələ Azərbayacanda səhnəyə qoyulmayıb`
Shafaqadogru.com həmsöhbəti xalq artisti, Azərbaycan Teatr Xadimləri İttifaqının yaradıcılıq üzrə sədr müavini Hacı İsmayılovdur.
-Hacı müəllim, ilk olaraq əhvalınızı soruşmaq istərdim.
-Adam daima sevdiyi işlə məşğul olanda əhvalı yaxşı olur. Teatrda hər gün məşqlərim olur. Repertuarda olan altı-yeddi tamaşada iştirak edirəm. Desəm ki, evdən səhər çıxıb, bir də axşam qayıdıram, yəqin, inanmarsınız. Buna baxmayaraq, hər şey gözəldir.
Çatışmayan bir şey varsa, o da vaxtdır. Vaxt azlığından əziyyət çəkirəm. Həm Akademik Milli Dram Teatrında işləyirəm, həm də Azərbayacan Teatr Xadimləri İttifaqında Azərpaşa Nemətovun yaradıclıq üzrə müaviniyəm. Burada da tədbirlərimiz, yubileylərimiz olur. Eyni zamanda "Azdrama”da "Stullar” tamaşası hazırlanır. O tamaşa Azərbayacanda hələ səhnəyə qoyulmayıb. Çox maraqlı və çətin tamaşadır. İnşallah bu yaxında daxili baxış olduqdan sonra tamaşaçılar ona baxa biləcəklər.
-Bir müddət tamaşalarla yanaşı seriallara da çəkilirdiniz. İndi sizi nədənsə seriallarda görmürük.
-Seriallara keçən il çəkilirdim. Çəkilişlər artıq bitib. Daha çəkilmirəm. Dəvət etsələr belə, vaxtım olmayacaq. İşim o dərəcədə çoxdur. Hazırda teatrda məşqlər gedir. Cəlil Məmmədquluzadənin "Ölülər” tamaşasını təhvil verdik, dekabrın 16-17-də isə Cəfər Cabbarlının "Almaz” tamaşasını təhvil verəcəyik. Onun məşqləri gedir.
-Bu qədər işi bir araya sığışdırmaq həm fiziki cəhətdən, həm də psixoloji baxımdan asan deyil.
-İldə bir dəfə mütləq istirahət edirəm. Məzuniyyət vaxtı bir həftə ya Azərbayacanda, ya da ölkədən kənarda dincəlirəm. İstirahət mənə bir il kifayət edir ki, belə işgüzar olum.
-Gününüzün çox hissəsini oynadğınız rolların məşqinə sərf edirsiniz. Nəvələrinizə, ailənizə vaxt ayıra bilirsinizmi?
-Üç nəvəm var, Ülkər, Azər, Nigar. İnanın ki, iki aydır nəvələrimin üzünü görə bilmirəm. Uşaqlar mənim üzümə həsrət qalıblar. Amma imkan olan kimi telefonla danışırıq. Şəkillərimə baxırlar, mən onların şəkillərinə baxıram.
O gün kiçik nəvəmin yanına getmişdim. Məni görüb, çox sevindi. Ancaq məşqim olduğuna görə onu çox oynada bilmədim. Qapıdan çıxanda dedim, " babaya əl et”. Uşaq getdiyimi görəndə pis oldu.
-Yeri gəlmişkən, nəvələriniz üçün hansısa rolu canlandırmısınızmı?
-Onlar üçün elə bir rol oynanamışm. Azər və Ülkər məni aktyor kimi tanıyır. Nigar hələ kiçikdir, anlaya bilmir ki, bunun babası nə işlə məşğuldur. Məni ancaq baba kimi tanıyır.