Kafe adı altında fəaliyyət göstərən həmin ünvanda, gündəlik minbir hoqqalara qol da qoyulur
Bərdə rayonu ərazisində "Ələkbərin kafesi” adı ilə məşhur olan ünvanın hansı yöndə fəaliyyət göstərməsindən, bəlkə də kimlərsə xəbərdardır, kimlərsə də xəbardar deyillər. Belə bir ünvanın fəaliyyət göstərməsi ümumilikdə rayonun, hətta bölgənin adına xələl gətirsə də, həmin ünvanda minbir hoqqalara qol qoyulması, iyrənc addımların atılması, həddi-hüdudu bilinməyən olayların baş verməsi və s. açıq-aydın şəkildə yerli hüquq-mühafizə orqanı əməkdaşlarının gözü qarşısında baş verməkdədir. Adsız fəaliyyət göstərən və ərazidə hər kəsin "Ələkbərin kafesi” adı ilə tanıdığı kafe, bu gün hər kəs üçün, xüsusilə də bərdəlilər üçün olduqca usandırıcı haldır. Çünki, kafe adı altında fəaliyyət göstərən həmin ünvanda, gündəlik minbir hoqqalara qol qoyulur.
Xoşagəlməz hal odur ki, adsız fəaliyyət göstərən bu kafedə baş verən olayları vaxtilə ictimailəşdirən, əmələ gələn fəsadların mahiyyətini aidiyyəti qurumların diqqətinə çatdıran KİV nümayəndələri, bəzən qınaq obyektinə də çevriliblər. Məsələn, problemlərin varlığı ilk əvvəl mətbu orqanlarda dərc olunub və tədbir görülməsi üçün, yaşanan olayların varlığına cavabdehlik daşıyan qurumların ünvanına sorğu məktubları da göndərilib. Çox keçməyib ki, qurum səlahiyyətliləri tərəfindən redaksiya rəhbərliyinin ünvanına şanlı cavablar verilib ki, "sadaladığınız problemlərin araşdırılması əraziyə cavabdehlik daşıyan rayonun polis şöbəsinə göndərilmişdir”. Verilmiş belə bir cavab məktublarından çox keçməyib ki, ərazi üzrə cavabdehlik daşıyan polis başbilənlərindən də oxşar cavablar verilib. Onlar da yazıblar ki, "tərəfimizdən aparılan araşdırmalar zamanı sadaladığınız faktlar öz təsdiqini tapmamışdır”. Əslində belə bir cavabların verilməsi olduqca gülünc, hər kəsdə ikrah hissi doğuran cavablar olur. Necə, bəyəm! İşıq üzü görən məqalələr, ünvanlanan sorğu məktubları, səslənən iradlar, əmələ gələn fəsadlar, baş alıb gedən həngamələr, ətraf ərazidə yaşayan sakinlərin davamlı etirazları və s. yalan olur, hansısa polis səlahiyyətlisinin yazdıqları düz olur?
Bəli, bu gün belə bir olayları eşitdikcə təəssüf hissi keçiririk və Bərdə polisinin, icra qurumlarının və digər cavabdehlik daşıyan vəzifə sahiblərinin əməllərini tənqid etməkdən də çəkinmirik. Çünki, ölkə rəhbərinin 06 fevral 2009-cu il tarixli 133 sərəncamına əsasən, "İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Fəaliyyət Planı” (2009-2013-cü illər üçün) ilə əlaqədar, Prezident Administrasiyasına aparılan mübarizənin nəticəsi ilə bağlı geniş hesabat təqdim olunmuşdur. 2014-2018-ci illəri əhatə edən, yəni qadınların cinsi istismarı və cinsi istismarına şəraitin yaradılmasının qarşısının alınması istiqamətində, yeni "Milli Fəaliyyət Planı” da imzalanmışdır. Qəbul olunmuş "Milli Fəaliyyət Planı”nda insan alverinin səbəbləri, ona şəraitin yaradılması, hallarının müəyyən edilməsi və aradan qaldırılması, insan alveri qurbanlarının hüquqlarının bərpası və sosial reablitasiyasının həyata keçirilməsi nəzərdə tutulsa da, nədənsə Bərdədə Ələkbər Abdullayevin, Şamil Qasımovun və yerli hüquq-mühafizə orqanı əməkdaşlarının əməllərində, irəli sürülən tələblərə əməl olunmadığı açıq-aydın görünür. Bu belə olduğu halda səbəb nədir ki, ortada müvafiq sərəncam və tələb olunan prinsiplər olsa da, hər iki şəxs və problemlərin varlığına cavabdehlik daşıyanlar nə sərəncamı sayırlar, nə də ki, onun prinsiplərini qəbul edirlər. Axı, hər kəs qanuna, onun aliliyinə hörmət etməli, necə deyərlər şərəfli vətəndaş borcunu yerinə yetirməlidir. Görəsən sahiblik etdikləri ünvanda qadınların cinsi istismarına şərait yaratmaqla, çox zaman vergidən yayınmaqla, gigiyenik qaydalara əməl etməməklə, işçilərlə əmək müqaviləsi bağlamamaqla, daha çox isə milli-mənəvi əxlaqımızı tapdaq altına atmaqla, ünvan sahiblərinin yerinə yetirdikləri "şərəfli vətəndaş” borcu budurmu? Bax, bu haqda düşünmək, belə bir olaylar haqda götür-qoy etmək lazımdır ki, əksər mətləblərdən xəbər tutmaq mümkün olsun.
Araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın.//gundemxeber.az/
Teref.info olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!Araşdırmamız davam edəcək. Bizi izləməyi unutmayın