200 minlik məhkəmə iddiasının qabağında xalq artisti əl-qolunu sallayıb oturmaq fikrində deyil.
Xalq artisti Ramiz Məlik həmkarı Məleykə Əsədovaya qarşı məhkəməyə iddia ərizəsi verməyə hazırlaşır və artıq bununla bağlı müvafiq materialları toplayır.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Sputnik Azərbaycan-a Məlikin vəkili Türkel Süleymanlı məlumat verib.
Onun sözlərinə görə, Əsədovanın Məlikə qarşı məhkəmə prosesi artıq başlayıb. Noyabrın 22-də Nəsimi rayon məhkəməsində iş üzrə ilkin məhkəmə iclası keçirilib, lakin cavabdeh tərəfin vəkili prosesdə iştirak etməyib.
Xatırladaq ki, Azərbaycan Dövlət Dram Teatrının aparıcı aktyorları arasına düşən nifaq alması Məleykə Əsədovanın şortu, daha doğrusu zahiri görkəmi olub. Məlik aktrisanın ünvanına tənqid yağdıraraq bildirib ki, xalq artisti adını daşıyan şəxs sosial şəbəkələrə açıq-saçıq, eləcə də mini-şortikdə çıxmamalıdır. Onun sözləri Əsədovanı özündən çıxarıb və o, Ramiz Məliki məhkəməyə vermək qərarına gəlib.
Süleymanlı qeyd edib ki, Əsədova Məlikdən, şərəf və ləyaqətini təhqirinə görə 200 min manat məbləğində təzminat tələb edir. Aktrisa hesab edir ki, həmkarı onun şərəf və ləyaqətini alçaltmaqla yanaşı, işgüzar nüfuzuna da xələl gətirib və onu oxucuların qarşısında şantaj edib.
"Qeyd etmək lazımdır ki, Məlik Əsədovadan üzr istəyib və teatrda bu anlaşılmazlıq yoluna qoyulub. Lakin sonradan hər şey başlanğıc vəziyyətə qayıdıb. Əsədova Məlikin həyat yoldaşına zəng edərək onu və ərini təhqir edib, şiddətlə hədələyib. Onun qanunsuz hərəkətlərinə qarşı sübut kimi bizim əlimizdə səs yazısı və çap olunmuş materiallar var. Məlik sadəcə ona irad bildirib, o isə əvəzində Məlikin özünü və ailəsini təhqir edib" — deyə vəkil bildirib.
Ramiz Məlik geyiminə bildirdiyi iraddan sonra onun ailəsinə zəng edib narazılığını bildirən Əsədova haqqında növbəti dəfə daha kəskin ifadələr işlədib: "Mamedi bir günlük gətirib özünə toy etdin. Fahişə elə fahişədir. Səni bütün Azərbaycan tanıyır. Mən nə etmişəm ki? Sadəcə bir ağsaqqal kimi məsləhət gördüm ki, şortikdə şəklini paylaşma. Tərbiyəsiz sənsən 6 yaşın olanda atan ananı fahişəliyinə görə atıb getdi. Adamın nə qədər sponsoru olar?"
Məlik sonra Məleykə Əsədovadan onun ünvanına işlətdiyi sözləyə görə, üzr istəyib.
"Mən istəyirəm ki, bu söz-söhbətə birdəfəlik son qoyam. Son zamanlar əsəbi olmağım bəzi problemlərə səbəb olur. Xalq artisti Məleykə Əsədova ilə aramızda baş verən məlum hadisəyə görə çox təəssüf edirəm. Əsəbi olmuşam, dediklərim həqiqəti əks etdirmir. Məleykə Əsədova ilə bir neçə tamaşada tərəf müqabili olmuşam, illər boyu bir-birimizə hörmət etmişik. Onun haqqında statusu təhqir etmək üçün yazmamışdım. Sadəcə, anlaşılmazlıq olub. Məsələnin bu dərəcəyə gəlib çıxmasını düşünməzdim. Mən ona yaradıcılığında yeni uğurlar arzu edirəm. Məleykə, biz səninlə neçə illərin dostu olmuşuq. Anlaşılmazlıq olduğuna görə, bir-birimizi başa düşməmişik. Mən böyük kimi səndən üzr istəməyi özümə borc bilirəm", — deyə Məlik bildirib.
Lakin görünür, xalq artistləri məsələni sülh yolu ilə həll etmək niyyətində deyillər. Son sözü məhkəmə deyəcək.