Xəbər verdiyimiz kimi, həftəsonu Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXII beynəlxalq turnir keçirilib.
Shafaqadogru.com Milli.Az-a istinadən bildirir ki, bu turnirdə iştirak edən 31 güləşçidən altısı Ermənistan idmançısı ilə qarşılaşıb. Bu idmançılardan beşi erməni həmkarları üzərində qələbə qazanıb.
Belə ki, sərbəst güləşdə 61 kq çəki dərəcəsində mübarizə aparan Qalib Əliyev təsəlliverici görüşdə Qarik Barseqyanla qarşılaşıb və rəqibi üzərində 10:0 hesablı təmiz qələbə qazanıb. Lakin Qalib bürünc medalın qalibi ola bilməyib. O, amerikalı Co Kolona uduzub.
63 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Taleh Məmmədov yarımfinalda Slavik Qalstyandan aşkar fərqlə üstün olub. O, 7:0 hesabı ilə erməni idmançıya qalib gəlib. Taleh finalda üçüncü ukraynalı - Lenur Temirov üzərində də parlaq qələbə (9:0) qazanaraq çempion olub.
Avropa Oyunları və İslamiadanın qalibi Elvin Mürsəliyevin də yolu bürünc medal uğrunda görüşdə erməni idmançısı ilə kəsişib. 82 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçimiz Eduard Sarqsyana qalib gəlib. 3:3 hesabı ilə başa çatan görüşdə sonuncu xalı Elvin əldə etdiyinə görə bürünc medal da ona verilib.
97 kq çəki dərəcəsində çıxış edən yunan-Roma güləşçisi Orxan Nuriyevin ilk görüşü erməni idmançısı ilə olub. O, 1/8 finalda Vaqinak Minasyandan 5:3 hesabı ilə öndə olub. Orxan bürünc medal uğrunda görüşdə bu çəkidə mübarizə aparan digər azərbaycanlı Türmən Eyyubovun qisasını Belarusu təmsil edən Dağıstan ləzgisi Cavid Həmzətovdan çıxıb.
87 kq çəki dərəcəsində mübarizə aparan daha bir yunan-Roma güləşçimiz İslam Abbasov yarımfinalda Maksim Manukyandan üstün olub - 9:6. Lakin o, finalda meydan sahibi olan ukraynalı Yan Belenyuka uduzaraq gümüş medalla kifayətlənib.
Qeyd edək ki, yalnız Həsən Əliyev erməni idmançı qarşısında aciz qalıb. 77 kq çəki dərəcəsində mübarizə aparan yunan-Roma güləşçimiz bürünc medalı Karapet Çalyana 4:8 hesabı ilə uduzmaqla əldən verib.
Xatırladaq ki, Həsən Əliyevin Bakıda keçirilmiş Avropa Oyunlarının finalına gedən yolunu da erməni idmançı kəsmişdi. Üç il əvvəl 66 kq-da çıxış edən idmançımız Miqran Arutyunyanla görüşdə 3:0 öndə olsa da, yekunda 5:8 hesabı ilə uduzmuşdu. Buna görə Həsən Əliyev sosial şəbəkədə tənqid olunmuş, buna baxmayaraq, özünü toparlayaraq sonda bürünc medal qazanmışdı.