Şəfəqə Doğru » Mədəniyyət » Ramiz Əzizbəylinin qızı: "Atam narkozdan ayılmaya bilər, qərarsız vəziyyətdəyik"

Ramiz Əzizbəylinin qızı: "Atam narkozdan ayılmaya bilər, qərarsız vəziyyətdəyik"

Ramiz Əzizbəylinin qızı: "Atam narkozdan ayılmaya bilər, qərarsız vəziyyətdəyik"
Xalq artisti Ramiz Əzizbəyli artıq bir neçə gündür ki, xəstəxanaya yerləşdirilib.

Bir müddətdir, beyinin işemik xəstəliyindən əziyyət çəkən Xalq artistinin qızı Cəlalə Əzizbəyli atasının sonvəziyyəti ilə bağlı Sputnik Azərbaycan-ın suallarını cavablandırıb.
 
- Hazırda Ramiz Əzizbəylinin səhhəti necədir?
- Atam 5-6 ildir ki, ağır insult xəstəsidir. İflic olduğu üçün əməliyyat onun üçün riskli hesab edilir. Həkimlər də atamın son vəziyyəti ilə bağlı olaraq tez-tez məsləhətləşirlər. Onlar deyirlər ki, narkoz atam üçün risklidir, əməliyyatdan ayılmaya bilər. Lakin ayağında yaranan qanqrenin irəliləməsi də bizi çarəsiz qoyur. Bu səbəbdən əməliyyat olunub-olunmayacağı, hələ ki, bəlli deyil, qərarsızıq.
- Mədəniyyət Nazirliyi tərəfindən hansısa dəstək varmı?
- Hamının valideyni və yaxını var. Bizim üçün əsas məsələ atamızın tezliklə sağalmasıdır. Məsələnin maddi tərəfi o qədər də önəm daşımır. Nə qədər xərcimiz çıxıb, nə qədər çıxacaq, bu, bizi daha az maraqlandırır. Yaxşı-pis, hələ ki, öz hesabımıza xəstəxana, iynə-dərman xərclərini ödəyirik. Yəqin ki, nazirliyin bu məsələdən xəbəri yoxdur. Xəbərləri olsa, inanmıram ki, o cür böyük sənətkara dəstək göstərməsinlər. Biz də gedib qapılarını döyüb, deyəsi deyilik ki, "nəsə eləyin". Bundan öncə də xəstəxanaya yatırılanda, yəqin ki, nazirlikdən dəstək olub. Yaxşı insanlar, dost-tanşları var ki, onlar hər zaman bizim yanımızda olublar.
- Bu xəstəlik nə zamandan yarandı?
- Beyin damarları tıxanıq idi. Get-gedə beyin damarlarında tonuslaşma gedirdi. Damarlar zamanla kirəclənməyə başladı. Beyinin 60-70 faizində qan normal dövran edə bilmir. İllərdir ki, bu problem var. Bununla yanaşı, insult olmasına səbəb olan digər amil şəkərinin yüksək olmasıdır. Elə qanqrenə də səbəb şəkərinin yüksək olması idi. Çünki son zamanlar şəkəri, demək olar ki, düşmürdü. Səhhətini nəzarətdə saxlasaq da, şəkəri hər zaman yüksək olub.
- Neçə gün xəstəxanada qalacaq?
- Artıq iki gündür ki, xəstəxanadadır. Xəstəxanadan nə zaman çıxacaq, bunu bilmirik. Çünki ayağında qanqren yaranıb və o, sürətlə irəliləyir. Buna görə, həkim də deyib ki, əməliyyatsız mümkün deyil. Mütləq əməliyyat olunmalıdır.
- Ürəyi necədir, səhhətində başqa nəsə problem varmı?
- Ürəyi hər zaman sağlam olub. 10 ilə yaxındır ki, bağırsağında problemi var, ağırdır. Səhhətində problemləri çoxdur. Şəkəri çox yüksəkdir. Bəzən şəkəri 200-dən də artıq olur. Buna görə, artıq bir müddətdir ki, insulin qəbul edir.
- Hazırda arzu-istəyini ifadə edəcək durumdadırmı?
- Palatada, həkim nəzarətindədir. Danışır, sadəcə olaraq halsızdır, heydən düşür.