Şəfəqə Doğru » Manşet » Gədəbəyin icra başçısı haqda daha bir iddia - Belə deyirlər...

Gədəbəyin icra başçısı haqda daha bir iddia - Belə deyirlər...

Gədəbəyin icra başçısı haqda daha bir iddia - Belə deyirlər...
Gədəbəy rayonunda əhalinin icra başçısından narazılığı günü gündən artmaqdadır. Xüsusən büdcə təşkilatlarında çalışanların narazılığ ən yüksək həddə çatıb.

Bu barədə "Gündəm-Xəbər”ə verilən məlumata görə, bir qrup orta məktəb müəllimi ölkə prezidentinin, birinci vitse-prezidentin və təhsil nazirinin rayonda yaranmış acınacaqlı vəziyyətə təcili müdaxilə etmələrini xahiş edirlər.

Müraciət müəllifləri bildirir ki, rayonda Heydər Əliyev mərkəzinin tikintisini bəhanə edərək icra başçısı Ramiz Yediyarov müəllimlərin əmək haqqından adam başına 100 manatdan pul yığdırır.

Ümummilli liderin adından öz maddi mənafeyi üçün istifadə edən bu şəxsin bu rəzalətin törədilməsi üçün seçdiyi məkan da cənab H.Əliyevlə bağlıdır.

Pulların yığılması üçün qərargah YAP rayon təşkilatının binası, qara kassa isə təşkilatın sədri Rüstəm Nağıyev olduğu iddia edilir.

Müəllimlər yazırlar: "Sizə müraciət edərək bildiririk ki, cənab H.Əliyevin ruhuna böyük ehtiramımız var.

Amma maddi imkanımız çox aşağıdır. 100 manat bir çoxumuzun əmək haqqının 50- 60 faizidir. Xahiş edirik bu biabırçılığın qarşısını alasınız”.

Ümumiyyətlə, Gədəbəy Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Ramiz Yediyarov yerli əhali üçün başağrısına çevrilib.

Onun rayona rəhbərliyi dövründə yerli məmurların özbaşına əməlləri vətəndaşların güzəranının pisləşməsinə, o cümlədən sosial problemlərin bir-birini əvəz etməsinə gətirib çıxarıb.

Xüsusən 2012-ci ildən etibarən rayonda məmur özbaşınalığı daha da dözülməz həddə çatıb. Rayonun əksər kəndlərində insanlar çox ağır şəraitdə yaşayırlar. İcra başçısı vəzifəyə keçən gündən bir dənə də olsun müsbət iş görməyib.

***

Gədəbəydə məmur özbaşınalığı ərşə dirənib. Gədəbəy Azərbaycanda qəhrəman rayon kimi tanınır. Ancaq burda təkcə icra başçısı yox, ayrı-ayrı məmurlar da vətəndaşlara "divan tutur”.

Məsələn, Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy rayon şöbəsində baş verən kütləvi "saxta staj” əməliyyatları davam edir.

Şöbənin işçilərində nazirlikdən gələn yoxlamanın "yola salınması” üçün külli miqdarda pul yığılması ilə bağlı bir qədər əvvəl məlumat yayılmışdı.

Məsələ ondadır ki, DSMF rayon şöbəsində yoxlama nə qədər başdansovdu aparılsa da, yoxlama aparanlar kifayət qədər nöqsan aşkar ediblər.

Belə ki, yoxlama aparanlar şöbə tərəfindən yüzlərlə saxta pensiya işi tərtib olunduğunu üzə çıxarıblar. Amma bu işlər ləğv olunmayıb.

İddialara görə, şöbədə yoxlama aparan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçiləri bu qanunsuz işləri "pullu” iş kimi şöbənin müdiri Məsud Məmmədova hədiyyə ediblər.

M.Məmmədov da sayı yüzlərlə olan bu işlərin pulunu dayandıraraq "rivizor dayandırıb” bəhanəsi ilə həmin pensiyaçılardan 300-500 manat civarında alıb, yenidən pensiya kartlarını aktiv etdirir.

***

Məsələ ondadır ki rayonda balaca uşaq da bilir ki, rayonu maliyyə idarəsinin rəisi Namiq Məmmədov idarə edir.

Bütün kadr məsələləri, obyektlərin sökülməsi, adamların əsas olmadan işdən azad edilərək yerinə N.Məmmədovun yaxınlarının təyin edilməsi, sadalamadığımız başqa işlər N.Məmmədovun birbaşa müdaxiləsi ilə həyata keçirilir.

Namiq Məmmədov rayona təzə təyin olunan başçını öz təsiri altına salmaq üçün birinci müavin Azər Bayramovun adından istifadə edir.

N.Məmmədov oturduğu məclislərdə, icra başçısının yanında qürrələnir ki, Azər müəllimin köməyi ilə rayonunun büdcəsini 40 milyon manat təsdiq etdirmişəm, bu qədər vəsait heç böyük şəhərlərə verilmir.

Məlumata görə rayon Maliyyə İdarəsinin müdiri Namiq Məmmədov sözün həqiqi mənasında «oliqarx» məmura çevrilib.

Namiq Məmmədov Maliyyə Nazirinin müavini Azər Bayramovla qohumluq münasibətlərindən istifadə edərək büdcə təşkilatlarına ayrılan vəsaitlərdən özünün istədiyi qədər «faiz» alır.

Namiq Məmmədovun maliyyə nazirinin müavini Azər Bayramovla isti münasibətlərindən ilk növbədə yaralanan icra başçısı Ramiz Yediyarovdur.

***

Belə ki, rayon icra başçısı bir çox cari təmirləri həyata keçirən kiçik şirkətlərin çoxunu maliyyə idarəsi rəisinin əmisi oğlu, Gədəbəy Mədəniyyət və Turizm şöbəsinin müdiri Ramiz Məmmədova həvalə etməklə özünə hər il yüz min manatlarla "xeyir” götürür.

İddiaya görə Namiq Məmmədov maliyyə nazirliyində Azər Bayramovun rəhbərliyi ilə fəaliyyət göstərən və ayrılan büdcə vəsaitlərindən faiz almaqla milyonlar qazanan "Gədəbəy qruplaşması” deyilən şəbəkənin regiondakı ən etibarlı və nüfuzlu şəxslərindən biridir.

Hətta bir çox rayonların maliyyə şöbəsinin müdirləri nazirlikdəki işlərinin "aşırılması” üçün Namiq Məmmədovun köməyindən istifadə etdiyi deyilir.

İddiaya əsasə ucqar bir rayonda məmur oliqarxa çevrilən Namiq Məmmədov daha böyük iddialara düşdüb.

Gədəbəy maliyyə idarəsinin müdiri Azər Bayramovun dəstəyi ilə icra başçısı Gədəbəyə, ya da yaxın rayonların birinə icra başçısı təyinatı almaq üçün bütün imkanlarını səfərbər edib.

Onun bu işdə əsas hamisi isə Azər Bayramov və "Gədəbəy qruplaşması”nın Bakıdakı fəal üzvlərdir.

***

Ramiz Yediyarov təqribən beş il bundan əvvəl icra başçısı vəzifəsinə təyin olunub. Onun həyata keçirdiyi idarəçiliyin mahiyyətinə nəzər saldıqda məlum olur ki, o, əvvəlki rəhbərlərdən fərqli bir idarəçilik həyata keçirməklə, Gədəbəyin tarixində bəlkə də "qara ləkə” buraxan yeganə icra başçısı olacaq.

Çünki o, vəzifəsinin icrasına başladıqdan az sonra, bütün gücünü yerli sahibkarlara qənim kəsilməyə yönəltdi ki, bu gün də onun atdığı addımların ağrı-acısı hiss olunmaqdadır.

Yəni, rayonun müxtəlif ərazilərində 43 nəfər sahibkara məxsus obyektlərin darmadağın edilməsinə dair ortada heç bir məhkəmə qərarı olmadığı halda, həmin obyektlərin viranedilməsi, açıq-aydın şəkildə Ramiz Yediyarovun hansı idarəçilik üsulu ilə idarəetməni həyata keçirdiyini göstərdi. Hələ bu azmış kimi onun vaxtilə gədəbəyliləri dilənçi adlandırması da, heç cür məntiqə sığmayan yanaşmasıdır.

Çünki Gədəbəy rayonu hələ sovet dönəmində də, bəlkə yeganə rayon olub ki, onun ərazisində bir kimsə dilənçiliklə məşğul olmayıb.
Odur ki, Ramiz Yediyarovun bu cür məntiqə sığmayan açıqlaması, nə onun daşıdığı vəzifəsinə, nə də ki, şan-şöhrətli adi ilə sayılıb-seçilən gədəbəylilərə şamil oluna bilməz.

Yəni, yaxın tariximizdə gədəbəylilərin hansı əqidəyə, hansı iradəyə sahib olduqlarını Ramiz Yediyarov bilməsə də, yəqin ki, geniş ictimaiyyət bilir.

***

Ramiz Yediyarovun icra başçısı təyinatından sonra, rayonun hansısa ərazisində bir metr olsun belə asfalt örtüyü vurulmayıb, bir ədəd olsun belə elektrik dirəyi basdırılmayıb.

Belə bir səbəblər üzündəndir ki, bu gün rayonun kənar əraziləri qalsın bir yana, hətta mərkəzi yolları da bərbad haldadır. Şəhərin mərkəzi küçələri isə, axşam saatlarında zülmətə qərq olur.

Amma, ötən illər ərzində sadalanan problemlərin həlli məqsədilə büdcədən külli miqdarda vəsaitlər ayrılsa da, heç bir halda hansısa bir iş görülməyib.

Ayrılan vəsaitlərin taleyinə gəlincə isə, onu deyə bilərik ki, həmin vəsaitlər Ramiz Yediyarovla rayonun maliyyə idarəsinə rəhbərlik edən Namiq Məmmədov tərəfindən "həzmi-rabedən” də keçirilib.

Ramiz Yediyarovun icra başçısı təyinatından əvvəl, əslən Gədəbəydən olan iş adamları rayonda bir ədəd avtovağzal, üç ədəd şadlıq sarayı, xəstəxana binası, məscid, üç məktəb binası və digər əhəmiyyət kəsb edən tikinti işləri apardıqları halda, bəs bu gün nələr baş verir?
Baş verən o olur ki, ötən illər ərzində heç bir sahibkar bir ədəd olsun belə tikinti işi aparmayıb.

Buna səbəb o olub ki, icra başçısının tətbiq etdiyi zülmün, rəzalətin, minbir haqsızlığın ucbatından sahibkarlar ya rayonu tərk ediblər, ya da ki, elə bir fantastik həddə "yükləniblər” ki, onlar atacaqları addımlardan çəkinməyə məcbur olublar.

***

Ötən 5 ildə talan etdiyi büdcə vəsaitləri bir yana, inşaasına 4 milyon manat vəsait ayrılan və açılışı cənab Prezident tərəfindən edilən "Halal QiDA” müəssisəsini xaraba qoyaraq avadanlıqlarını başqa rayonlarda kirayə verilib.

Həmin müəssisə onlarla adda yeyinti məhsulunun emalı və konservləşdirilməsi ilə məşğul olmalı idi.

Hazırda rayonda H. Əliyev mərkəzı və bayraq meydanı tikilir. Yediyarov gələn ilə öz vəzifəsində qalarsa 2017-ci ilin yekununda bu tikintiləri özünün uğurları kimi qeyd edəcək.

Amma deməyəcək ki, ulu öndərin adından istifadə edərək qazanc götürüb, idarə və müəssisə rəhbərlərindən tikinti adına külli miqdarda pul yığıb, həmin rəhbərlər də həmin pulları işçilərin əmək haqqından tutub.

Qeyd edək ki, Prezident Administrasiyasında struktur və kadr dəyişiklikləri icra hakimiyyətlərində də yeniliklərin olacağı zərurəti yaradır.
Növbəti rayon icra hakimiyyəti strukturlarına çatıb. Prezidencxtin islahatlar dalğası icra başçılarından bəzilərinin vəzifəsi ilə vidalaşması ilə nəticələnə bilər. Bu məlumatlar arasında deyilir ki, Gədəbəyin icra hakimi də vəzifəsindən azad oluna bilər.

Rayon icra hakimiyyətlərinə büdcələrini 30 faiz azaltmaq tapşırılıb. İri şəhərlərin büdcələrinin 25 faiz azaldılması nəzərdə tutulur.
Prezident Administrasiyasından gələn məxfi tapşırığa görə, büdcə qənaəti ixtisar adı olmadan aparılmalıdır. Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.