Şəfəqə Doğru » Manşet » Beyləqan səhiyyəsində «dərisoyma» əməliyyatı - ŞİKAYƏT VAR

Beyləqan səhiyyəsində «dərisoyma» əməliyyatı - ŞİKAYƏT VAR

Beyləqan səhiyyəsində «dərisoyma» əməliyyatı - ŞİKAYƏT VAR
Oqtay Şirəliyevin səhiyyə sistemi artıq çat verməklə yanaşı, həm də nə qədər yarıtmaz olduğunu ortaya qoyub. Bir neçə gün əvvəl həkimin xəstənin xəstə deyil, sağlam ayağını kəsməsindən sonra ortaya çıxan mənzərə isə Azərbaycanda vətəndaşların can güvənliyinin təhlükə altında olduğunu təsdiq etməkdədir. 
JAM.AZ xəbər verir ki, Bakıda yaşanan bu olayların fonunda əyalətlərin durumunun nə qədər ağır olduğunu təxmin etmək elə də çətin deyil. Məsələn, bu yaxınlarda Zaqatalada həkim səhlənkarlığı səbəbindən körpənin dünyasını dəyişməsi, habelə digər rayonlarda yenə həkim səhlənkarlığı üzündən ana və körpəsinin ölməsi faktları vəziyyətin dəhşətli olduğunu ortaya qoyur. 

«Dərisi soyulan» atalar 

Beyləqan səhiyyəsində isə xəstənin sağ deyil, sol ayağının kəsilməsi halları yaşanmasa da, vətəndaşların dərisinin «soyulması» adi hala çevrilib. JAM.AZ xəbər verir ki, Beyləqan Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədovun qurduğu «düzən» o qədər dəqiq və səlist işləyir ki, rayon camaatı onu «pul axan arx» adlandırır. Çünki baş həkimin hədəfində vətəndaşın sağlamlığı deyil, onun cibindəki pulun qalınlığı maraqlandırır. 
Qeyd edək ki, Beyləqan Doğum Evinin baş həkimi Leyla Ağalarova «dərisoyanlar»dan biri hesab olunur. JAM.AZ-a verilən məlumatlara görə, xanım Ağalarova ata olanların «anasını ağlar qoymaq»da ad çıxarıb. Belə ki, uşaq dünyaya gətirən ananın əməliyyat xərci 700 manatdan başlayıb, 1000 manatda bitir. Palata pulu, dərman xərcləri, tibb işçilərini «görüm-baxım» etmək «adət-ənənələri» isə bir ayrı məsələdir. Camaatın dediyinə görə, bir uşağın dünyaya gəlməsi valideynlərə minimum 1500 manata başa gəlir. 

Ayaz Orucovun qohumu olmağın «üstünlüyü» 

Amma Leyla Ağalarovanın tək qazanc yeri doğumlar deyil, həm də abortlardır. JAM.AZ-ın əldə etdiyi məlumata görə, Doğum Evinin rəhbərinə müraciət edən qadınlardan 70-100 manat alınmadan onları ginekoloji masanın üzərinə çıxarmır. Və bütün bu prosesləri şəxsən özü həyata keçirir.
Qeyd edək ki, Leyla Ağalarovanın bu günə qədər Doğum Evində «ataman»lıq etməsinin səbəbi güvəndiyi adamlardır. JAM.AZ-ın dəqiqləşdirmələrinə görə, keçmiş deputat Ayaz Orucovla qohumluq əlaqələri Doğum Evi rəhbərini bir çox məsələlərdən əmin salıb. Elə bu səbəbdəndir ki, nə Səhiyyə Nazirliyinin, nə də digər qurumların onunla işi yoxdur. 

Fəxrəddin Quliyevin ərizə «alveri»

Beyləqan səhiyyəsində Əli Məmmədovun qurduğu düzənin bir parçasıda poliklinikadır. Şəhər Poliklinikasının müdiri isə Fəxrəddin Quliyevdir. Baş həkimlə yola getməyən Quliyevin də ayrıca biznesi var. 
JAM.AZ xəbər verir ki, Beyləqan Şəhər Poliklinikasında arayışın qiyməti 5 manatdan başlayıb, 20-30 manatda bitir. Rəqəmin dəyişməsi arayışın nə üçün lazım olmasından və onu kimin istəməsindən asılıdır. Yəni, imkanlı adam arayış almaq istəyirsə, bu zaman qiymət 50 manata qədər də arta bilər. 
Bayaq qeyd edik ki, Fəxrəddin Quliyevlə Əli Məmmədov yola getmirlər. Bunun səbəbi isə Quliyevin Beyləqanın baş həkimi olmaq həvəsi və istəyidir. Hazırkı baş həkim də bunu bildiyindən davamlı olaraq, onu «sancmaq»dan çəkinmir. 

Bifərasət oğulun sərgüzəştləri 

Hələ bir neçə gün əvvəl Fəxrəddin Quliyevin oğlunun videosunun yayıldığı barədə məlumat vermişdik. Bildirmişdik ki, borcluların çəkdiyi həmin görüntülərdə oğul Quliyevdən aldığı pulları geri qaytarması tələb olunur. Eyni zamanda, orada heç də xoş olmayan ifadələrdən istifadə olunur. 
JAM.AZ-ın məsələ ilə bağlı apardığı araşdırmalar zamanı bəlli olub ki, Fəxrəddin Quliyevin oğlu Fuad Quliyev atasının işlədiyi poliklinikada diş həkimi olaraq çalışırmış. O, tanıdığı qızıl alverçilərindən xeyli miqdarda qızıl götürərək, başqa qızıl satanlara sataraq, nağd pula çevirirmiş. Arada yaranan fərqlər bir tərəfə, götürdüyü qızılların pullarını da verməyən Fuad Quliyev axırda «dimdiyindən tora düşüb».
Deyilənlərə görə, poliklinkanın müdirinin oğlu həmin pulları qızılda uduzub. Və nəticədə, tək qızıl satanlara deyil, eyni zamanda qumar yoldaşlarına da külli miqdarda borclu qalıb. JAM.AZ-a verilən məlumatda vurğulanır ki, ata və oğul son olaydan sonra 6 min manat zərərə düşüblər. Amma bunun ilkin rəqəm olduğu deyilir. Bütün prosesdən isə Fəxrəddin Quliyev və Fuad Quliyevə qalan 25-30 min manata aldıqları «Prado» markalı avtomobil olub. İddia edilir ki, borc sahibləri həmin maşını tələb edirlər. 

Əli Məmmədovun pul yığan "konveyri"

Qeyd edək ki, Beyləqan səhiyyəsində yaşanan biabırçılıqlar bununla da bitmir. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Əli Məmmədov artıq Beyləqanda ən varlı şəxslərdən biri hesab olunur. JAM.AZ xəbər verir ki, buna səbəb onun mütəmadi olaraq bütün şöbələrdən və həkimlərdən, hətta tibb işçilərindən pul yığması, habelə tenderlərdən ciddi vəsaitlər qazanmasıdır. 
Məlumatlarda vurğulanır ki, Bakı, Bərdə və Beyləqanda bir neçə evi olan Məmmədovun, Fəxrəddin Quliyev və Leyla Ağalarovadan da hər ay haqq aldığı vurğulanır. Tender oyunlarından əldə edilən məlumatlara gəldikdə isə burada vəziyyət tamam başqadır. JAM.AZ xəbər verir ki, baş həkim özünə bir neçə şirkət yaradaraq, Mərkəzi Xəstəxana üçün inventarlardan tutmuş, ən kiçik detala qədər hər şeyin alqı-satqısını həyata keçirir. Düzdür, o, bunu təkbaşına etmir və məsələlərdə onun əsas himayəçisi kimi, Beyqəlanın icra başçısı Vaqif Abdullayev çıxış edir. 
Yazıda adları keçən tərəflərin də mövqeyini dərc etməyə hazırıq.