Həbsdə özünü asaraq intihar edən polkovnik Hacı Məmmədovun dəstə üzvlərindən biri kimi ömürlük məhkum edilmiş Kamil Sədrəddinovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətə baxılıb.
“Qafqazinfo”nun məlumatına görə, Qaradağ Rayon Məhkəməsində keçirilən iclasda müraciət təmin edilməyib.
Məlumat üçün bildirək ki, DİN-in Baş Cinayət Axtarış İdarəsinin sabiq şöbə rəisi polkovnik Kamil Sədrəddinov və digər dəstə üzvləri 2007-ci ildə ömürlük azadlıqdan məhrum ediliblər. Hacı Məmmədov sözügedən idarənin baş əməliyyat müvəkkili olub.
Xatırladaq ki, onlar "Azərnəqlsənaye" Dövlət Konserninin direktoru Nazim Paşayevin və onun sürücüsü Namiq Abbasovun, DİN Narkotiklərlə Mübarizə İdarəsinin şöbə rəisi Azər İsmayılovun oğurlanıb öldürülməsində, AFFA-nın vitse - prezidenti Fətulla Hüseynovun, Respublika Prokurorluğunun idarə rəisi Rövşən Əliyevin və s. şəxslərin qətlində, bir neçə şəxsin tamah məqsədilə oğurlanmasında təqsirli biliniblər.
Hacı Məmmədov 2017-ci ildə həbsxanada intihar edib. Prezidentin 2019-cu ildə imzaladığı əfv sərəncamı ilə Kamil Sədrəddinovun cəzası 20 ilə endirilib.