Müdafiə sənayesi naziri Yavər Camalov Nazirlər Kabinetinin iclasında aprel döyüşlərində ermənilərin əsas hədəfləri barəsində danışıb. Nazir qeyd edib ki, əslində, aprel müharibəsi onlarla tankdan ibarət erməni qoşun birləşmələrinin hücum edərək Yevlax - Mingəçevir istiqamətinə çıxmaq istəyi ilə başladı.
Azərbaycan peyk nəzarəti vasitəsi ilə bunu müəyyən etdi və erməni mətbuatının "kamikadze” adlandırdığı pilotsuz uçuş aparatları ilə düşmən hərbi dəstəsini məhv etdi. Nəticədə, 15-dən artıq erməni tankı yararsız hala düşdü.
Bununla bağlı açıqlama verən hərbi jurnalist Ramil Məmmədli bildirdi ki, ermənilərin əlində olan peyk uçuş aparatlarının həmin məsafəni qət edərək Mingəçevirə gəlməsi inandırıcı deyil:
"Qarabağın şimal hissəsi olan Gəncə, Mingəçevir və Yevlax Azərbaycanın əsas mövqelərdir. Düşmən istəyər ki, döyüşdüyü ölkənin iri iqtisadi və hərbi əhəmiyyət kəsb edən şəhərlərini məhv etsin. Amma inanmıram ki, ermənilər aprel döyüşlərində həmin şəhərlərə hər hansı bir raket zərbəsi endirmək niyyətində olublar. Çünki ordumuzun buna cavabı çox ağır və dağıdıcı ola bilərdi".