İŞİD-in 7 terror aktının törətməsi nəticəsində 70-dən çox adam həyatını itirib.
Suriyanın Türkiyə sərhədində yerləşən Latakiya vilayətinin şimalında – Türkmən Dağı rayonunda ordu ilə müxalif qüvvələr arasında şiddətli döyüşlər gedir.
"Əl-Meydan” telekanalı xəbər verir ki, bu dəqiqələrdə ağır döyüşlər rayonun Əs-Sərraf qəsəbəsində gedir.
Türkmən Dağı rayonu Türkiyə üçün böyük önəm daşıyr. Çünki burada həm türk kökənli xalqlar yaşayır, həm də Suriyanın Türkiyə ilə sıfır nöqtəsidir. Ötən ilin noyabr ayında Rusiya Hərbi Hava Qüvvələrinə məxsus tayyərə məhz bu bölgədə Türkiyə qırıcısı tərəfindən vurulmuşdu.
Bundan başqa, hökumət qoşunları Suriyanın şimal-şərqində yerləşən Deyr-ez-Zor şəhərində isə İŞİD terrorçu qruplaşmasının hücumunu dəf edib.
Son məlumatlara görə, İŞİD terrorçuları Suriya rejiminin nəzarətində olan Tartus və Cəbələ şəhərlərində 7 terror aktı törədib.
SANA dövlət agentliyinin məlumatına görə, Latakiya vilayətinin cənubunda olan Cəbələdə avtobus dayanacağı, xəstəxana, elektrik yarımstansiyası və bir küçə 4 terror aktı həyata keçirib. Cəbələdəki terror hadisələrində 45 nəfərin həyatını itirdiyi bildirilir.
Tartus şəhərində isə avtobus terminalının qarşısında bomba ilə yüklənmiş avtomobilin partladılması, terrorçu-kamikadzenin isə özünü terminalın içərisində partlatması nəticəsində ən azı 33 nəfərin öldüyü qeyd olunur. Cəbələ və Tartusdakı terror aktlarında 120-dən çox adamın yaralandığı bildirilir.
İŞİD terrorçu qruplaşması 7 terror aktının məsuliyyətini üzərinə götürüb.