Astara rayon sakini, 1995-ci il təvəllüdlü Şahin Nabatzadənin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 24saat.org saytı həmin məhkəmədən özəl materialı təqdim edir:
Şahin Nabatzadə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Astara rayon şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb.
İttihama görə, Şahin Nabatzadə Cinayət Məcəlləsinin 330.1-ci (Rəisin hərbi xidmət üzrə öz vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun sağlamlığına yüngül zərər vurma və ya onu döymə), 331.2-ci (hərbi xidmət üzrə vəzifələrin yerinə yetirilməsi zamanı və ya belə vəzifələrin yerinə yetirilməsi ilə əlaqədar rəisin öz tabeliyində olan şəxsi, habelə tabelikdə olan şəxsin öz rəisini təhqir etmə), 332.2.1-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında təkrar qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) və 332.2.2-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında iki və ya daha çox şəxs barəsində qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə ittiham edilib.
Bir əsgərə iki dəfə zorakılıq
Şahin Nabatzadə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində, əsgər hərbi rütbəsində xidmətdə olarkən tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozub. O, eyni taborda xidmətdə olan əsgər Amil Həsənzadəyə qarşı zorakılıq göstərib.
Şahin Nabatzadə 5 oktyabr 2013-cü il tarixdə, təxminən saat 15.30 radələrində həmin hərbi hissənin Naftalan şəhəri yaxınlığında yerləşən 1-ci taborunun qərargah bölüyünün əsgər yataqxanasında Amil Həsənzadə ilə guya zarafat edib. O, bu məqsədlə Amili iki dəfə yumruqla vurub. Daha sonra onun ünvanına nalayiq ifadələr işlədib.
Bundan başqa, Şahin Nabatzadə oktyabrın 7-də Amil Həsənzadəyə qarşı növbəti dəfə zorakılıq göstərib. O, həmin günü, təxminən saat 19.00-da Amil Həsənzadəni döyərək, ona xəsarət yetirib.
Gizirə müqavimət
Şahin Nabatzadə noyabrın 27-də, saat təqribən 21.00 radələrində bölüyünün 3-cü tağım komandirinin müavini vəzifəsində, gizir hərbi rütbəsində xidmət edən İlkin İsmayılova müqavimət göstərib. İlkin İsmayılov xidməti vəzifəli ilə bağlı Şahin Nabatzadənin qulağından tutaraq dartıb.
Bu zaman Şahin Nabatzadə İlkin İsmayılovun baldır nahiyəsindən təpik zərbəsi vuraraq onu döyüb. O, həmçinin, gizir rütbəsində xidmət edən hərbiçinin ünvanına nalayiq ifadələr işlədərək, onun şərəf və ləyaqətini alçaldıb.
Əsgərin intihara cəhdi
Bu hadisədən 15 dəqiqə sonra Şahin Nabatzadə qayçı ilə özünə xəsarət yetirmək istəyib. Hərbi hissənin 1-ci taborunun, 1-ci bölüyünün, 1-ci tağımının komandiri, leytenant Hətəmxan Quliyev əsgərin intihara cəhd etməsinin qarşısını almaq istəyib. Bu zaman Şahin Nabatzadə Hətəmxan Quliyevi təpiklə vuraraq onun da ünvanına nalayiq ifadələr işlədib.
Ertəsi gün Şahin Nabatzadə hərbi hissənin 1-ci taborunun əsgər yataqxanasında taborunun qərargah bölüyünün komandiri, baş leytenant Sahib Dadaşovun ünvanına nalayiq ifadələr işlədib.
Sahib Dadaşov onun barəsində nizamnamədən kənar hərəkətləri barədə yuxarı komandanlığa raport təqdim edəcəyini bildirib. Bundan əsəbləşən Şahin Nabatzadə tağım komandirinin şərəf və ləyaqətini alçaldan hərəkətlərə yol verib.
Cəza alsa da, yenə də cinayət əməlində çəkinmədi
Şahin Nabatzadə hərbi hissədə nizamnamə qaydalarını pozduğu üçün hərbi-inzibati qaydada cəzalandırılıb. Cəzasını başa vuran Şahin Nabatzadə yenidən hərbi hissəyə qaytarılıb.
2014-cü ilin fevralın 12-də Şahin Nabatzadə yenidən hərbi hissədə nizamnamə qaydalarını pozub. O, həmin gün, saat 17.15 radələrində həmin hərbi hissənin Naftalan şəhərinin yaxınlığında yerləşən əsgər yeməkxanasında aralarında yaranmış mübahisə zəminində əsgər Seymur Eyvazovun üz nahiyəsinə iki dəfə sillə ilə vurub və daha sonra ona qarşı zorakılıq göstərib.
Bundan başqa, Şahin Nabatzadə həmin gün saat 18:00 radələrində həmin hərbi hissənin əsgər yataqxanasında Seymur Eyvazovu döyərək, ona ağır bədən xəsarəti yetirib.
3 il 6 ay həbs
Bundan sonra Şahin Nabatzadənin barəsində cinayət işi başlanıb və cinayət işi üzrə materiallar Tərtər Hərbi Məhkəməsində araşdırılıb. Hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə Şahin Nabatzadəyə qarşı hökm elan edilib. Məhkəmənin hökmü ilə Şahin Nabatzadə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan Şahin Nabatzadənin vəkili Fuad İskəndərov apelyasiya şikayəti verib. Vəkil qeyd edib ki, Şahin Nabatzadə özünün təqsirli olduğunu etiraf edib, törətdiyi cinayət əməlindən peşmançılıq çəkib.
Şərti cəza istəyi
Vəkilin qeyd etdiyinə görə, Şahin Nabatzadə birinci dəfədir məhkum olunur, ona qarşı şikayət və hər hansı iddia tələbi yoxdur. Şahin Nabatzadənin ailə vəziyyətinin ağırdır, yəni atası 2-ci qrup əlildir.
Onun azyaşlı bacısı var, həmçinin yaşayış yerindən müsbət xasiyyətnamə ilə xarakterizə olunub. Vəkil Şahin Nabatzadənin ilk dəfə böyük ictimai təhlükə törətməyən və az ağır cinayət törətməsini nəzərə alnmasını, ona Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi əsasında şərti cəza təyin edilməsini xahiş edib.
Cəza dəyişdirildi
Bu şikayətə Gəncə Apelyasiya Məhkəməsində baxılıb və məhkəmənin 5 fevral 2015-ci il tarixli qərarı ilə apelyasiya şikayəti təmin edilməyib. Şahin Nabatzadənin vəkili Ali Məhkəməyə kasasiya şikayəti verib.
Ali Məhkəmədə işə baxan hakim heyəti müdafiəçinin kasasiya şikayətini təmin edib və işin yenidən apelyasiya instansiyasında araşdırılması barədə qərar qəbul edilib.
Bu dəfə apelyasiya şikayətinə hakim Teyyub Muxtarovun sədrlik etdiyi kollegiyada baxılıb. Apelyasiya şikayətinin dəlillərini araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, Şahin Nabatzadənin vəkilinin apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 1 il 10 ay 2 gün müddətinə endirilib.