Şəfəqə Doğru » Gündəm » Sığorta şirkətləri ticarət mərkəzlərini sığortalamaqdan qorxur - SƏBƏBLƏR

Sığorta şirkətləri ticarət mərkəzlərini sığortalamaqdan qorxur - SƏBƏBLƏR

Sığorta şirkətləri ticarət mərkəzlərini sığortalamaqdan qorxur - SƏBƏBLƏR
Martın 26-da Bakı şəhərinin Nizami rayonu ərazisində ticarət və digər təyinatlı obyektlərin yerləşdiyi "Diqlas" ticarət mərkəzində baş verən yanğın buradakı sahibkarların öz obyektlərini sığortalatdırmadığı meydana çıxdı. Dünya ölkələrindəki insanlar bdənlərinin müxtəlif nahiyyələrini, daşınmaz əmlaklarını, hətta ən kiçik hesab etdiyimiz əşyasını belə sığortalatdırarkən, bizimkilərin bu laqeydliyinin səbəbi nədir? Nədən hər şey külə döndükdən sonra "kaş ki” deyirlər?

Modern.az-ın bu qəbildən olan suallarını sığorta üzrə ekspert Xəyal Məmmədxanlı cavablandırıb.

X.Məmmədxanlı Modern.az-a deyib ki, bu kimi məsələlər "İcbari sığortalar haqqında” Qanunla tənzimlənməlidir:

"Daşınmaz əmlakın icbari sığortası "İcbari sığortalar haqqında” Qanunun Xüsusi bölməsinin 2-ci fəslində öz əksini tapıb. Daşınmaz əmlakın icbari sığortası daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı formada itkisi ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi məqsədi ilə tətbiq edilir.

Bu məqsədlər üçün hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir.

Böyük ehtimalla "Diqlas” Ticarət Mərkəzinin özünün sığortası olub. Amma bu sığorta bina və onun konstruksiyalarına aid olan sığortadır. Problem ondadır ki, həmin sığorta aşağı məbləğə yazılmış sığorta müqaviləsidir. Çünki sığorta haqqının çox alınması səbəbindən heç bir şəxs real bazar dəyərilə sığorta etdirmək istəmir. Sığorta haqqını azaltmaq üçün sığorta məbləğini də aşağı göstərirlər. Məsələn, 10 milyon manatlıq obyekti 300-500 min manata sığortalayırlar, 15 min manat əvəzinə, 1000-1500 manat ödəyirlər. Bu da Fövqəladə Hallar Nazirliyinə "bizim sığortamız var” deməyə xidmət edən bir sənədə çevrilir. Amma belə hadisələrin başvermə ehtimalını nəzərə almırlar”.

Ekspert bildirib ki, daşınmaz əmlakın sığortası olsa belə, bu, heç bir halda binanın içərisindəki əmlaklara, o cümlədən orada satılan mallara şamil edilmir:

"Onlar yalnız və yalnız könüllü şəkildə mağazalardakı malları sığortalatdıra bilərdilər. Amma bu zaman da başqa problemlər çıxır ortaya. Sığorta şirkətləri o malları sığortalamaqda maraqlı olacaqdımı? Məncə olmayacaqdı. Səbəblərdən biri ondan ibarətdir ki, belə ticarət mərkəzləri yanğın, evakuasiya, yanğınsöndürmə, elekrtik naqillərinin qoşulması və s. bu kimi təhlükəsizlik standartlarına cavab vermir. Onların heç birində işçilər arasında fövqəladə hallarla bağlı təlimatlar aparılmır. Ümumiyyətlə bazarlarda o qədər xaotik fəaliyyət qurulub ki, hər hansı yanğın baş versə, onun qarşısını almaq olduqca çətindir. Necə ki, bunu "Diqlas”dakı yanğın zamanı müşahidə etdik. Qısa müddət ərzində kiçik ərazidə başlayan yanğını saatlarla söndürə bilmədilər. Nəticədə yanğının əhatəsi genişləndi. Bütün bunlar sığorta şirkətlərini qorxudur. Bundan əlavə, ən ciddi problem ondan ibarətdir ki, binanı, mənzili sığortalatdırmaq asandır. Şirkət gəlir, baxır və standart qiymətlərə uyğun olaraq o evi sığortalayır. Amma dükanların sığortalanması zamanı şirkətlərin bir tələbi var: mağazadakı malların hamısının rəsmi uçot sistemi yaradılmalıdır. Yəni sığorta şirkəti sahibkardan hansı mallarının olmasına dair rəsmi sənəd istəyir. Bu mallar rəsmi uçotda olmadığına və rəsmi qiymətləri müəyyən edilmədiyinə görə, şirkətlər həmin malları sığortalamaqdan imtinz edirlər. Çünki sabah hansısa hadisə baş verəndə zərərin müəyyənləşdirilməsi mübahisə predmetinə çevrilir. Ona görə də sığorta şitkərləri onları sığortalamaqda maraqlı deyillər. Problemlər çoxtərəflidir. Bunların hamısı şəffaflaşmalıdır ki, sığorta məqamında problem yaşanmasın. Amma hər şeyin şəffaf təşkil edildiyi obyektdə bu cür problemlər meydana çıxmır”.