Şəfəqə Doğru » Gündəm » Deputatlığa namizəd Rəna Qafarova.

Deputatlığa namizəd Rəna Qafarova.

Deputatlığa namizəd Rəna Qafarova.

Rəna Əbülfəz qızı Qəfərova 1989-cu il aprel ayının 23-də Bakı şəhərində sahibkar ailəsində anadan olmuşdur. 1995-2006-cı illərdə Bakı şəhəri, 42 saylı orta məktəbdə təhsil almışdır. 2006-cı ildə Azərbaycan Dövlət Neft Akademiyasının Biznesin İdarə edilməsi: Maliyyə fakültəsinə daxil olmuşdur. 2010-cu ildə bakalavr təhsilini uğurla başa vurmuşdur. 2010-2012-ci illərdə Dövlət İqtisad Universitetində ingilis dilində Biznesin İdarə edilməsi (MBA) üzrə magistratura təhsili almış və magistr dərəcəsini fərqlənmə diplomu ilə bitirmişdir.

Hazırda Azərbaycan Kooperasiya Universitetində "Azərbaycan iqtisadiyyatının inkişafında beynəlxalq ticarətin rolu və tənzimlənməsi xüsusiyyətləri” mövzusunda doktorantura araşdırması üzərində işləyir.

2019-cu il aprel ayında Almaniyanın,Hamburq şəhərində keçirilən "Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya – Azərbaycan birgə Proqramı”nı uğurla bitirmişdir.

Azərbaycan, rus, ingilis dillərini bilir.

 

                                                                 Əmək fəaliyyəti

 

Rəna Qəfərova əmək fəaliyyətinə 2007-ci ildə "Karvan L” şirkətində mühasib vəzifəsində çalışmaqla başlamışdır.

2007-ci və 2015-ci illər ərzində mühasib və maliyyə departamentlərində müxtəlif vəzifələrdə çalışmışdır.

2015-ci ildən etibarən layihələr üzrə şirkət prezidentinin müşaviri vəzifəsində çalışmışdır.

2016-cı ildə isə yeni təsis olunan "Karvan-L Eko” MMC–də audit vəzifəsində işləmişdir.

2016-cı ildən etibarən "Karvan L” MMC –də icraçı direktor vəzifəsində çalışmağa davam edir.

"Karvan L” şirkətini müxtəlif illərdə Bakı, Dubay, Batumi, Moskva şəhərlərində keçirilən sərgilərdə təmsil etmiş və və bu tədbirlərdə uğurlu iştirakına görə müxtəlif mükafat və sertifikatlarla təltif olunmuşdur.

 

 

 

 

 

 

 

 

                                                               İctimai Fəaliyyəti


 

Rəna Qəfərova Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) Aqrar və Sənaye Komissiyanın rəhbəri vəzifəsini icra edir. 2018-ci il 12-18 noyabr tarixlərində Qlobal Sahibkarlıq Həftəsi çərçivəsində "Üfüqdə yeni fürsətlər: qadın sahibkarlar üçün yaşıl işıq” mövzusunda təşkil edilən konfransda təşkilat komitəsinin üzvü kimi iştirak etmişdir. 2019-cu ilin noyabr ayının 18-də baş tutan 2-ci "Üfüqdə yeni fürsətlər: Qadın sahibkarlara yaşıl işıq” forumunda "Uğura aparan yol” mövzusunda çıxış etmişdir. Rəna Qəfərova AQSİA-dakı fəaliyyəti dövründə kiçik və orta sahibkarlıqla məşğul olan sahibkar qadınları bir araya gətirilməsi, onların inkişafı, yerli və beynəlxalq arenaya çıxmaları istiqamətində onların dəstəklənməsində fəal iştirak etmişdir.

Hal-hazırda Rəna Qəfərova Türkdilli Dövlətlərin Sənaye və Ticarət Palatasının Azərbaycandan seçilən 5 üzvündən biri olaraq, Türkdilli ölkələr arasında potensial iqtisadi əməkdaşlığın inkişafı istiqamətində çalışır. Bu palata tərəfindən İstanbul, Daşkənd və Bakı şəhərlərində təşkil edilən iqtisadi forumların işində fəal iştirak etmişdir.

2019-cu il 22-23 noyabr tarixlərində Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Rusiyanın paytaxtı Moskva şəhərində keçirilmiş "X Azərbaycan - Rusiya Regionlararası Forumunda” iştirak etmişdir.

2019-cu il dekabr ayının 17-də Azərbaycan Sahibkarlar Konfederasiyası və BMT-nin təşkilatçılığı ilə keçirilən "Ərzaq və Kənd Təsərrüfatında DİM-lərin yerinə yetirilməsində özəl sektorun cəlb olunması və investisiya fəallığının təmin edilməsi” mövzusunda beynəlxalq seminarda iştirak etmiş, iqlim dəyişikliyi və dayanıqlılıq mövzusunda çıxış etmişdir.

2016-cı ildən etibarən fəaliyyətə başlayan "Karvan-L Eko” MMC-nin rəhbər vəzifəli şəxsi olaraq Ağstafa rayonu ərazisində korporativ sosial layihələrin hazırlanmasında və icra olunmasında, 300 nəfərlik iş yerinin açılması, işsizliyin aradan qaldırılması üçün əməli tədbirlər görülməsində, regionun iqtisadi inkişafının təmin olunması istiqamətində çalışmışdır.

2019-cu il 25 dekabr tarixində İmadəddin Nəsiminin 650 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunan "Şəms” milli mükafatına layiq görülmüşdür. Rəna Qəfərova biznes dünyasında "Made in Azerbaijan" brendini dünyanın inkişaf etmiş ölkələrində tanıdılması sahəsində həyata keçirdiyi fəaliyyətlərə görə ictimai xadim nominasiyası üzrə mükafatla təltif olunmuşdur.


                                                                      Seçki platformam:


• Məşğulluq: Ağstafa rayonu ərazisində işsizlik faizinin minimuma endirilməsi, yeni iş yerlərinin açılması, məhdud əmək fəaliyyətli şəxslərin, eləcə də əlillərin işə cəlb edilməsi, əhalinin həssas qruplarına aid edilən şəxslərin, o cümlədən müharibə əlilləri, şəhid ailələri və bununla yanaşı tələbələrin iş yerləri ilə təmin edilməsi istiqamətində diqqətçəkən tədbirlərin görülməsi, kadr bazasının (bankının) yaradılması və rayon ərazisində fəaliyyət göstərən aidiyyəti dövlət qurumları və maraqlı tərəflər arasında bu məlumatların bölüşdürülməsi, qabaqcıl ölkələrin təcrübəsinə istinadən qadınların evlərində oturaraq biznes fəaliyyətlərinə dəstəyin göstərilməsi, həmçinin rayon əhalisinin istehsal etdikləri məhsullarının müasir tələblər uyğun yetişdirilərək brendləşməsinə və beynəlxalq bazara çıxışına imkanların yaradılması üçün səylərin səfərbər edilməsi.


• Sosial müdafiə: Sosial yardım almaq istəyən şəxslərin siyahısının dəqiqləşdirilməsi, ilkin dəyərləndirmənin aparılması, onlara hüquqi və təşkilati yardımların, həmçinin aztəminatlı ailələrə dövlət tərəfindən dəstək və maddi yardım göstərilməsi üçün müvafiq iş planının hazırlanması və həyata keçirilməsi məsələlərində zəruri dəstəyin göstərilməsi, yaşlı və aztəminatlı ailələrdən olan şəxslərin sanatoriya və kurort yerlərində müalicə almaları üçün yerli sahibkarların imkanlarının səfərbər olunması.


 

• Təhsil: Yüksək nəticə əldə edərək ali təhsil müəssisələrinə daxil olmuş, eləcə də xarici ölkələrin təhsil müəssisələrində hazırlıq və təhsil səviyyəsinə görə xüsusilə fərqlənən tələbələrin həvəsləndirilməsi üçün maddi dəstəyin göstərilməsi, orta məktəblərdə təhsil səviyyəsinin yüksəldilməsi üçün fərqlənən şagirdlərin əlavə dil kurslarına və xarici ölkələrdə tədris proqramlarına cəlb edilməsi, rayon ərazisində təhsilin səviyyəsinin yüksəldilməsi üçün müəllimlər arasında təlimlərin təşkil edilməsi, xarici ölkə təcrübəsi və müsbət milli təcrübə ilə bağlı məlumatlandırma işinin təşkil edilməsi, əlaqədar qurumlara rayon ərazisində mövcud olan orta məktəblərin və uşaq bağçalarının şəraitinin yaxşılaşdırılması, təhsil müəssisələrinin tədris ləvazimatları ilə təmin edilməsi üçün müraciətlərin hazırlanması və bununla bağlı əməli yardımların göstərilməsi, müasir tələblərə cavab verən təhsil komplekslərinin yaradılması, bağça və məktəb binalarının inşa olunması və mövcud binaların təmir edilməsi istiqamətində zəruri addımların

atılması, aztəminatlı ailələrdən olan uşaqların ödənişsiz qaydada hazırlıq kurslarından yararlanmaq imkanlarının təşkili üçün səylərin səfərbər olunması


Səhiyyə: Rayon kəndlərində aptek şəbəkəsinin artırılması, böyük kəndlərdə tibb məntəqələrinin yaradılması, təcili tibbi yardım xidmətinin təkmilləşdirilməsi, müasir tələblərə cavab verən peşəkar həkim qrupunun rayona cəlb edilməsi, təxirəsalınmaz zəruri tibbi müdaxilələr üçün texniki şəraitin yaradılması, həkimlərin həvəsləndirilməsi, rayon həkimlərinin ixtisaslaşması və təcrübə mübadiləsi aparması üçün zəruri şəraitin yaradılması üçün müvafiq işlərin görülməsi, aztəminatlı ailələrin ödənişsiz tibbi müayinəsi və müalicəsi üçün imkanların yaradılması istiqamətində tədbirlərin həyata keçirilməsi.

 

• Mədəniyyət: Mədəniyyət ocaqlarının, teatrların, kinoteatrların yaradılması, festivalların təşkili, kənd yerlərində qadın və uşaq klublarının yaradılması, müasir standartlara cavab verən ticarət mərkəzlərinin yaradılması, milli adət-ənənələrə uyğun olaraq sərgi satışların təşkil edilməsi, dərnəklərin sayının artırılması və əhalinin cəlb edilməsi üçün tədbirlər planının hazırlanması və həyata keçirilməsinin təşkili, qadınların mədəni istirahətinin təşkil edilməsi, uşaq əyləncə mərkəzlərinin, həmçinin tarixi abidələrin bərpası və qorunması istiqamətində işlərin təşkil olunması, rayon ərazisində mədəni istirahətin və dövlət əhəmiyyətli tədbirlərin təşkili istiqamətində təşəbbüslərin həyata keçirilməsi.

• İdman: Rayon ərazisində vaxtilə mövcud olmuş futbol ənənəsinin bərpa edilməsi və bu müstəvidə peşəkar oyunçuların hazırlanması, bununla yanaşı digər idman sahələrinin təkmilləşdirilməsi, beynəlxalq səviyyədə yarışlara çıxa biləcək potensial uşaq və gənclərin müəyyən edilməsi və idman yarışlarında onların iştirakının təmin olunması ilə əlaqədar təşkilati dəstək məsələlərinə yerli sahibkarların cəlb edilməsi.

 

• Sənaye: Rayonda toxuculuq, tekstil, baramaçılıq, üzümçülük, xalçaçılığın inkişaf etdirilməsi sahəsində əməli tədbirlərin görülməsi, xüsusi ideyası olan gənclərin, o cümlədən startapçıların işlərinə dəstək məqsədilə biznes inkubasiya və texnoloji parklarda fəaliyyətlərinin təşkili ilə yanaşı xarici təcrübələrin öyrənilməsi üçün şəraitin yaradılması

 

• Kənd təsərrüfatı: Rayon sakinlərinin marketinq və kənd təsərrüfatı sahəsində maarifləndirilməsi, susuzluqdan əziyyət çəkən kəndlərdə

artezian quyularının qazılması, suvarma sistemlərinin yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsində subsidiyaların ayrılması üçün müraciətlərin edilməsi və təşkili, kənd təsərrüfatı və ənənəvi qida məhsullarının festivallarının təşkili, bu sahədə maarifləndirmə işlərinin aparılması.

 

• Turizm: Rayonda turizmin müxtəlif sahələrinin, həmçinin kənd və kulinariya turizminin inkişaf etdirilməsi üçün tədbirlər planının hazırlanması, bu sahəyə sahibkarların, həmçinin yerli və xarici sərmayələrin cəlb edilməsi, rayon ərazisində tarixi yerlərin abadlaşdırılması və turistlərin marağına səbəb olacaq səviyyəyə çatdırılması, turizm infrastrukturunun yaxşılaşdırılması və imkanlarının artırılması və bu əsasda rayona ərazisinə gələcək turistlərin sayının ildən ilə artırılması.

 

• Hüquqi məsələlər: Qadın və uşaq hüquqlarının təmin edilməsi, bu kateqoriyadan olan şəxslərin hüquqlarının pozulmasının qarşısının alınması və profilaktikası, müxtəlif sahə və müstəvilərdə hüquqları pozulmuş rayon sakinlərinə ödənişsiz hüquqi yardımların göstərilməsi.

 

• Nəqliyyat: Rayon ərazisində magistral və digər yolların müasir tələblərə cavab verən səviyyəyə qaldırılması istiqamətində təşəbbüslərin həyata keçirilməsi və dövlət proqramların icrasına dair təkliflərin irəli sürülməsi, ictimai daşınma xidmətinin bərpa edilməsi, rayon mərkəzi ilə kəndlər arasında ictimai daşınma xidmətinin əlaqələndirilməsi və təşkili, yerli və beynəlxalq yükdaşımalar müstəvisində rayonun təchizar imkanlarının artırılması.