İyunun 21-də günün ikinci yarısında öz işini davam etdirən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Estoniyanı xarici işlər naziri Marina Kalyurand rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə hesabat verib.
M.Kalyurand yaz sessiyasından sonrakı dövrdə görülmüş işlər və perspektivlər barədə deputatları məlumatlandırıb, ənənəvi olaraq siyasi qrupların, ayrı-ayrı deputatların suallarını cavablandırıb.
Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Ermənistanın işğalçı mahiyyətini ifşa edən daha bir məsələni qaldıraraq Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Marina Kalyuranda belə bir sualla müraciət edib: "Ermənistan son dövrlərdə ardıcıl olaraq Azərbaycanı nüvə hücumu ilə hədələyir və belə bir silaha çoxdan sahib olduğunu bəyan edir. Avropa Şurasının bu xəbərdarlıqları qeyri-ciddi hesab edərək qulaqardına vurması anlaşılmazdır. Ermənistanı qeyri-ciddi sayırsınızsa, niyə sıranızda saxlamısınız, ciddi dövlət kimi qiymətləndirirsinizsə, nə üçün belə dəhşətli bəyanata dərhal münasibət bildirmirsiniz? Ermənistanın Azərbaycana qarşı ardıcıl nüvə silahı hədələri ilə bağlı Nazirlər Komitəsi öz imkanları çərçivəsində hansı tədbirləri görə bilər?”
Azərbaycanlı deputatın sualının cavabında Avropa Şurası Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri əvvəlcə deyib ki, Ermənistanın Azərbaycanı nüvə silahı ilə hədələməsi məsələsi hələ Nazirlər Komitəsində müzakirə edilməsə də, bu, çox narahatedici məqamdır. Ermənistan Avropa Şurasının üzvüdür və bu quruma qəbul edilərkən öhdəliklər götürüb. Bu öhdəliklərin ən önəmlilərindən biri Azərbaycanla arasında olan münaqişəni sülh yolu ilə həll etməkdir. Avropa Şurasının mövqeyinə gəldikdə, bu qəbildən olan bütün hədələr yolverilməzdir və problemin diplomatik vasitələrlə həllinin bütün mümkün vasitələrindən istifadə edilməlidir