Üç il yarıma pensiyaçıların faktiki sayı 96,2 min nəfər və ya 7,2% azalıb. DSK-nın rəsmi məlumatlarına görə pensiyaçıların sayı əgər 2017-ci il iyul ayının əvvəlinə olan tarixə 1 milyon 328,4 min nəfər olubsa, 2021-ci ilin əvvəlinə 1 milyon 232,2 min nəfər olub.
2014-2017-ci illərin faktiki say dinamikasına istinadən aparılan proqnoz hesablamalar göstərir ki, hökumət pensiya yaş həddinin artırılması haqqında qərar çıxarmasaydı, bu gün dövlətin pensiya təminat sistemindən yararlanan pensiyaçıların sayı 1 milyon 380 min nəfərə qədər artmalıydı. Halbuki onların bu günə olan sayı 1 milyon 232 min nəfərə düşüb. Bu hesabla, hökumətin bir qərarı ilə 148 min (1380 -1232 =148) insan pensiya almaq hüququndan məhrum edilib. Ötən il orta aylıq pensiya məbləğinin 300 manat olmasını burada nəzərə alıb sadə hesablamaları davam etdirsək, belə məlum olar ki, pensiyaçıların sayını qayçılamaq hesabına hökumət yalnız 2020-ci ildə 530 milyon manat (300x148x12) vəsaitə "qənaət” edib. Pensiya almalı yaşlı insanların boğazından kəsilən vəsaitin məbləği 2019-cu ildə 280 milyon manat, 2018-ci ildə 170 milyon manat, 2017-ci ilin son 6 ayında isə 25 milyon manat təşkil edib. 3 il yarıma "qənaət edilən” vəsaitin həcmi 1 milyard manatdan çoxdur.
Buradan belə nəticə hasil olur ki, pensiya yaş həddinin qaldırılması istiqamətində hökumət fəaliyyəti milyarddan yuxarı maliyyə vəsaitini qayçılamağa imkan yaratsa da, faktiki olaraq 150 minə yaxın insanın sosial təminat sistemindən kənara atılması ilə nəticələnib. Odur ki, bu cür qərar və tədbirlərə islahat donu geyindirmək və bu yöndəki istənilən fəaliyyəti "sosial islahat” adı ilə uzlaşdırmaq cəhdləri çox yersiz və çox mənasızdır.
Nemət Əliyev, iqtisadçı ekspert, AXCP iqtisadi siyasət komissiyasının sədri
Anaxeber.info