Ermənilər Naxçıvanı istəyir, ordumuz Xankəndiyə niyə girmədi? — Çingiz Qənizadə CANLI yayında
- Tarix: 18-mar-2021, 13:32 - Bölmə: Manşet / Müsahibə - Baxış sayı: 36
Ermənilər ağlını itirib, indi də "Moskva müqaviləsinə” qarşı çıxırlar. Erməni siyasətçilər RSFSR və Türkiyə arasında Moskva müqaviləsinin "hüquqi qüvvəsinin qüvvədən düşməsi” tarixini açıqlayıblar - 16 mart 2021-ci il.

Belə ki, Türkiyə, Azərbaycan, Gürcüstan və Ermənistan arasında indiki sərhədlər bu müqaviləyə əsasən müəyyən edilib.

Ermənistan mətbuatında ölkə rəhbərliyini Azərbaycan və Türkiyə ilə sərhəddən imtina etməyin vacibliyi barədə bəyanatlar yayılır.

Ermənistanda iddia edirlər ki, əgər bu, baş verərsə "Naxçıvan və Qarabağ erməni dövlətinin hüquqi çərçivəsində olacaq, Türkiyənin Qars əyaləti və Ararat dağı Ermənistana keçəcək”.

Ermənistanda sarsaqcasına iddia edirlər ki, Moskva müqaviləsinə əsasən, Naxçıvan və Qarabağ "müvəqqəti olaraq Azərbaycanın idarəçiliyinə verilib”.

Bu cür fikirlərlə zaman-zaman Ermənistanın rəsmi rəhbərliyi də çıxış edib. 13 oktyabr 1921-ci il tarixli Qars müqaviləsi və həmin ilin 16 mart tarixli Moskva müqaviləsi Türkiyənin indiyədək mövcud olan şimal-şərq sərhəddini müəyyən edib.


Erməni mediasında bu barədə belə yazır: "Martın 16-da Moskva müqaviləsinin imzalanmasının 100 ili tamam olur. Həmin müqaviləyə əsasən, Qars 100 il müddətinə Türkiyəyə verilib. Sənədi Leninin rəhbərliyilə Sovet Rusiyası hökuməti və Kamal Atatürkün rəhbərliyilə Türkiyə imzalayıb".

Beynəlxalq ekspertlər isə deyir ki, çətin ki, bu gün Rusiyada elə siyasətçi tapılsın ki, həqiqətən Qars müqaviləsinin ləğvini və Zaqafqaziyaya sərhəd məsələsinin yenidən gündəmə gətirilməsini istəsin.

Üstəlik həm də o səbəbdən ki, həmin tarixi sənədlərə əsasən, Rusiya Aralıq dənizinə çıxmaq üçün Bosfor və Dardanel boğazlarından maneəsiz istifadə hüququ əldə edib.

Bu arada isə ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin xarici işlər naziri Ann Lindenin Qarabağdakı separatçı rejimin qalıqlarından olan qondarma "xarici işlər naziri” David Babayanla görüşüb.

Xatırladaq ki, ötən ilin dekabrında bölgəyə səfər edən Minsk Qrupu həmsədrləri separatçı rejimin nümayəndələrilə görüşməmişdilər və bunun səbəblərindən biri də Bakıda gördükləri münasibət, "yedikləri diplomatik şapalaq” idi.


Ancaq qurumun hazırkı sədri xanım Linde "cəsarət göstərərək”, özünü qondarma, heç kimin tanımadığı rejimin nümayəndəsilə görüşəcək səviyyəyə endirdi.

Aydındır ki, həm Rusiya, həm Ermənistan "münaqişənin qalıqları”nın ATƏT-in Minsk Qrupu çərçivəsində "həllinə” hələ də cəhdlər edilər. ATƏT sədrinin bu cür davranışı isə tərəflər arasında sülh prosesinə ciddi zərbə ola bilər.

Azərbaycanın daxilində hələ də separatçılığa, revanişmz hislərini alovlandıran bir qanunsuz qurumun "naziri” ilə görüşmək nə deməkdir? Azərbaycanın reaksiyası necə olmalıdır?

Bundan əlavə, minalanmış ərazilərin xəritəsini sülhməramlılar niyə İrəvandan istəmir? Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov deyib ki, Ermənistan minalanmış ərazilərin xəritələrini hələ də vermək istəmir.

Nazir bildirib ki, mina xəritələrinin verilməməsi Ermənistanın hərbi cinayətlərini davam etdirməsi, beynəlxalq humanitar hüququn pozulmasıdır.

Prezident İlham Əliyev media nümayəndələri üçün 26 fevralda keçirdiyi geniş mətbuat konfransında Ermənistanı mina xəritələrini Azərbaycana verməməkdə ittiham etmişdi.

Əvəzində isə Rusiya qazı Ermənistana növbəti üç həftə ərzində Azərbaycan vasitəsilə çatdırılacaq: səbəb "Şimali Qafqaz - Cənubi Qafqaz” kəmərində təmir işlərinin aparılmasıdır.


Bakı Moskvanın bu xahişini nəzərə alır, həm də regional əməkdaşlıqda maraqlı olduğunu göstərir. Bu jestə cavab olaraq Ermənistan tərəfi hansı addımı atacaq?

Geopolitik savaşlarda da gərginlik müşahidə olunur və bunun Qarabağ məsələsinə təsirini göstərəcəyi şübhə doğurmur.

Belə ki, ABŞ-Rusiya münasibətləri Baydenin Putinin ünvanına dediyi sərt ittihamdan sonra qırılma həddindək kəskinləşib.



İki superdövlətin qarşı-qarşıya gəlməsi dünyaya yaxşı heç nə vəd etmir, ən yaxşı halda yenidən "soyuq müharibə” dövrünə qayıdış başlayır. Gərginlik dünyaya və Rusiyanın yaxın qonşusu olan Azərbaycana nə vəd edir?

Yada salaq ki, Rusiyanın Qarabağ məsələsində həlledici mövqeyi Vaşinqtonu razı sala bilməz, üstəlik sülhməramlıların Qarabağda olması da Ağ Evin maraqları çərçivəsində deyil.

Habelə, müxalifətdən və cəmiyyətdən Xankəndi, Xocalı, Əsgəran və digər ərazilərdə suverenliyimizin təmin olunması ilə bağlı suallar səngimir. Ordumuz niyə Xankəndiyə girmədi deyə soruşurlar.

Bütün bu sualları MusavatTV-də canlı yayımlanan "Həftə içi” verilişində Demokratiya və İnsan Hüquqlar Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə cavablandırır.
 

Oxşar xəbərlər