Azərbaycanda son günlər koronavirusa yoluxma sayı iki mindən də yüksək rəqəmə qalxıb. Ən pisi isə ölüm hallarının artmasıdır.
Son günlər uşaqlar arasında da virusa yoluxanların vəziyyətində ağırlaşmaların olduğu bildirilir. Bir sözlə, ölkəmiz sərt karantin rejiminin bir addımlığındadır desək, yanılmarıq. Doğru yol hansıdır? Qapanmalar olarsa, virusdan nə qədər yayınmaq mümlün olacaq?
Mövzu ilə bağlı "Yeni Müsavat”a Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının assistenti, həkim-infeksionist Nilufər Məmmədova danışıb: "Hər zaman bir infeksiya mənbəyi olur, ötürülmə yolu olur, həssas orqanizm olur. Hazırda bizim infeksiya ilə mübarizə aparacağımız ciddi bir vasitə yoxdur. İnsanları vaksinasiya edə bilirik, pandemiyanın tez bir zamanda qarşısını almaq üçün bacardığımız qədər bu prosesi sürətləndirməliyik. Əhalinin 70-80 faizindən çoxu vaksinasiya olunarsa, paralel olaraq infeksiyanın ötürülmə mənbəyinin də qarşısını ala bilsək, pandemiya sonlanacaq. Ötürülmə mənbəyinin əsas faktorları isə uşaqlardır. Həm xəstələnirlər, həm də ötürülmə mənbəyi kimi böyük rol oynayırlar. Ona görə də düşünürəm ki, məktəb və bağçaların fəaliyyəti bu ilin sentyabrına kimi dayandırılmalıdır. Universitetlərdə isə mərhələli şəkildə (qapanma-açılma ) təhsil davam etdirilə bilər.
Təhsil müəssisələri açıq olduğu müddətdə istər-istəməz ictimai nəqliyyat yüklənmiş vəziyyətdə çalışır. Hazırda mövcud şəraitlə bağlı olaraq metro da açıla bilməz. Metroların açılması pandemiya vəziyyətinə uyğun deyil. Avtobusların yüklənmiş vəziyyətdə çalışması sosial məsafənin tamamilə pozulması deməkdir. Sosial məsafə gözlənilməyən yerdə digər qorunma tədbirlərindən danışa bilmərik. Məktəblər, bağçalarda uşaqlardan əl gigiyenası, sosial məsafə, maskanın taxılması tələb oluna bilmir. Üstəlik, uşaqlar vaksinasiya olunmadığı üçün beş qızıl qaydadan dördü pozulur. Yəni əl gigiyenası, sosial məsafə saxlanmalıdır, maska taxılmalı, vaksinasiya olunmalıdır, otaqlar havalandırılmalıdır. Direktorlar, müəllimlərin nəzarəti ilə otaqlar havalandırılır. Amma bu yetərincə deyil. Yoluxmanın qarşısını ala bilmir. Bu baxımdan düşünürəm ki, hazırkı dövrdə məktəblər, məktəbəqədər hazırlıq kursları, bağçalar bağlanmalıdır".
İnfeksionist son günlər uşaqlar arasında ağırlaşmaların olması məsələsinə də münasibət bildirib: "Ümumiyyətlə, Britaniya ştammı yayılandan sonra uşaqlar və böyüklər arasında pandemiyanın birinci, ikinci mərhələlərindən fərqli olaraq ağırlaşmalar görürük. Xüsusən ürək əzələsinin zədələnməsini daha çox müşahidə edirik. Uşaqlar arasında eyni zamanda postcovid sindromları görməyə başlamışıq. Xəstəxanaya müraciət edən uşaqlarda hər hansı patologiyanın araşdırılması zamanı məlum olub ki, bir ay ərzində virusa yoluxma olub. COVİD xəstəsi ilə təmas olub. Bu baxımdan düşünürük ki, uşaqlar da mütləq qorunmalıdır”.
İnfeksionist Vüqar Cavadzadə də bizimlə söhbətdə bildirib ki, koronavirusa yoluxmuş aktiv xəstə sayı ciddi rəqəmlərdir və bu, məcbur edir ki, qapanmalara gedilsin: "Gündəlik yoluxma sayı epidemik alovlanmanın göstəricisidir. Koronavirusa gündəlik yoluxma sayının 2000 nəfər civarında olması epidemik alovlanma deməkdir. Bu, rəqəmlərin daha yüksək səviyyəyə qalxacağından xəbər verir. Hazırkı vəziyyət əvvəlkindən tamamilə fərqlənir. Yəni virusa yoluxan cavanlar və uşaqlar arasında əvvəllər ağır hallar müşahidə olmurdu, amma indi bunun əksini görürük”.
Bununla belə, ölkəmizdə vaksinasiya prosesi davam etdirilir. Elə iki gün öncə COVAX platforması vasitəsilə Koreya Respublikasından ölkəmizə COVİD-19 vaksinlərinin ilk partiyası gətirilib. Səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib ki, "AstraZeneca” şirkətinə məxsus 432 000 doza COVİD-19 vaksin dərman vasitəsinin mayın sonunadək Azərbaycana idxalı nəzərdə tutulub: "Xəstəliklə mübarizədə effektiv üsul peyvəndləmədir və bunun üçün ölkəyə peyvənd gətirilməlidir. Buna nail olmaq üçün Azərbaycanda həm ikitərəfli, həm də multiplatforma çərçivələrində addımlar atılıb. Artıq Çin istehsalı olan peyvəndlər ölkəyə gətirilib. Bu gün isə COVAX platforması çərçivəsində ”AstraZeneca" şirkətinə məxsus 84 000 doza COVİD-19 vaksin dərman vasitəsi gətirilib. Bu, ilk partiyadır. Əhalimiz nə qədər tez peyvənd olunsa, kollektiv immunitet yaransa, biz bu COVİD-19 bəlasından o qədər tez xilas olacağıq".
V.Qasımov həmçinin qeyd edib ki, Azərbaycanın ehtiyatda 1 milyon doza vaksini var və ölkədə gün ərzində 30-35 min insan peyvənd olunur: "Bildiyiniz kimi, yanvarın 18-dən etibarən Azərbaycanda vaksinasiya prosesinə start verilib. Birinci dozadan 600 min şəxs, ikinci dozadan isə 300 min şəxs peyvənd olunub. Bu prosesdə məqsədimiz ölkə əhalisinin 60-70 faizini peyvəndləməkdir”.