Azərbaycan Dövlət Statistika Komitəsi ( DSK ) bildirib ki, 2021-ci ilin yanvar-aprel aylarında inflyasiya 2020-ci ilin yanvar-aprel aylarına nisbətən cəmi 4 faiz olub.
Qurum həmin dövr ərzaq məhsullarının isə cəmi 4,7 faiz bahalaşdığını açıqlayıb. Bəs bu rəqəmlər reallığı nə dərəcədə əks etdir?
Həmin məlumatları AzadliqRadiosuna şərh edən iqtisadçı Nemət Əliyev deyib ki, Dövlət Statistika Komitəsi yenə də köhnə ənənəsinə sadiq qalaraq ictimaiyyəti aldadıb. Nemət Əliyev fikrini isbatlamaq üçün qeyd edib ki, idxal olunan malların Azərbaycanın daxili bazarlarında 55-60 faiz payı var:
"Dövlət Statistika Komitəsi özü açıqlama verib ki, idxal olunan malların qiymətlərində 27-30 faiz civarında bahalaşma olub. Əgər 60 faiz çəkisi olan idxal mallarının qiymətlərində 27-30 faiz aralığında bahalaşma yaşanıbsa, necə ola bilər ki, 40-45 faiz çəkisi olan məhsulların qiymətlərin səviyyəsi 4-6 faiz həddində bahalaşsın? ”.
Onun fikrincə, bu, absurddur : "Eləcə idxal mallarının qiymət təsiri nəzərə alınsa, daxili bazarlarda 30 faiz qiymət artımıyla götürsək, bu, 15-17 faiz bahalaşma deməkdir. Məgər, 60 faiz çəkisi olan idxal mallarının qiymətləri bahalaşanda 40 faiz çəkisi olan yerli malların qiymətləri yerində sayır, yoxsa aşağı düşür? Əgər bunlarda da qiymət artımı baş verirsə, deməli, Azərbaycanda bahalaşma səviyyəsi 15-17 faiz civarındadır”.
İqtisadçı komitənin təqdim etdiyi rəqəmlərin inandırıcı olmadığını hesab edir: "Dəfələrlə tanınmış mütəxəssislər bu barədə xəbərdarlıqlar etsə də, komitə özünü eşitməməzliyə qoyub. Yaxşı olardı, komitə açıqladığı rəsmi rəqəmlərə hörmət etsin”.
Nemət Əliyev ərzaq mallarının daha sürətlə bahalaşdığı qənaətindədir: "Marketlərdəki qiymətləri bir il əvvəlki qiymətlərlə müqayisə edin, o zaman bahalaşma səviyyəsinin nə qədər sürətlə davamlı olduğunu müşahidə edərdiniz. Onsuz da istehlakçılar qiymət səviyyəsinin necə sürətlə artdığını yaxşı bilirlər. Bu baxımdan komitənin məlumatları reallığı əks etdirmir, yalnız ictimaiyyətin gözünə kül üfürmək məqsədi daşıyır”.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov isə rəsmi statistikanın təhlili zamanı iki məqama diqqət ayırmağı əsas götürür: "Birincisi, həmin dövrdə ərzaq məhsullarının qiyməti qeyri-ərzaq məhsullarının qiyməti ilə müqayisədə daha çox artıb. Ərzaq məhsullarında artım 4.8, qeyri-ərzaq məhsulları isə 3.6 faizdir. Bu, ondan xəbər verir ki, bütövlükdə inflyasiyanın strukturunda ərzaq məhsullarındakı artıma ümumi qiymət artımları daha çox təsir göstərib”.
Deputatın fikrincə, ikincisi, bu ilin martında əvvəlki ilin eyni ayına nisbətən qiymətlərin 4.1 faiz artmasına baxmayaraq, fevrala nisbətən 9 faiz artmasıdır: "Xüsusən əvvəlki ayla müqayisədə qiymət artımları 2020-ci ilin martına nisbətən daha yüksək artıb. Bütövlükdə aylıq nisbətdə fərq iki dəfəyə yaxındır. Digər tərəfdən tütün məhsullarının qiymətlərində artımlar müşahidə olunub, 99 faiz artım qeydə alınıb, bu daha çox xaricdən idxal olunan məhsulların artmasıyla bağlıdır”.
Vüqar Bayramov hesab edir ki, istehlak bazarında qiymətlərin əsasən mövcud qanunvericilik, eləcə də liberal iqtisadiyyatın şərtləri daxilində monitorinqin davam etdirilməsinə ehtiyac var: "Məqsədəuyğun olardı ki, xüsusən ərzaq məhsullarının qiymətlərinin monitorinqi həyata keçirilsin. Əsasən də rayondan gətirib paytaxtda satan fermerlər üçün nəqliyyat xərclərinin bir hissəsinin qarşılanması, xüsusi satış bazarlarının təşkilinə ehtiyac var. Bunlar ərzaq məhsullarının qiymətlərinin optimallaşdırılması, xüsusən kənd təsərrüfatı məhsullarının qiymətlərinin azaldılmasıyla nəticələnə bilər”.
Tənqidə, hələlik, Azərbaycan Dövlət Statistika Komitəsindən münasibət almaq mümkün olmayib.