Şəfəqə Doğru » Manşet » Ermənilər bölmələrimizi atəşə tutdu, sülhməramlılar isə "atəşkəs pozulmayıb" deyir

Ermənilər bölmələrimizi atəşə tutdu, sülhməramlılar isə "atəşkəs pozulmayıb" deyir

Ermənilər bölmələrimizi atəşə tutdu, sülhməramlılar isə "atəşkəs pozulmayıb" deyir
"Rusiya sülhməramlı kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir".

Shafaqadogru.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) Azərbaycanın Qarabağ bölgəsindəki Rusiya sülhməramlı kontingentinin 6 iyul tarixinə olan fəaliyyəti ilə bağlı məlumatında deyilir.

"İyirmi yeddi müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edirlər.

Bütün təmas xəttində atəşkəs müşahidə olunur" - Rusiya MN-dən bildirilib.

Məlumata görə, rus sülhməramlıları vətəndaşların təhlükəsiz hərəkətini təmin edirlər:

"Rusiya sülhməramlı kontingentinin mühəndis qrupları Dağlıq Qarabağ ərazisinin minalardan təmizlənməsi üçün işə davam edirlər. Gün ərzində 3 hektar ərazi təmizlənib.

Ümumilikdə, 23 noyabr 2020-ci ildən bəri 2165 hektar ərazi, 657,3 km yol, 1892 bina (30 sosial əhəmiyyətli obyekt daxil olmaqla) partlamamış hərbi sursatlardan təmizlənib, 25 640 partlayıcı maddə aşkar edilərək zərərsizləşdirilib".
 
Sonda bildirilib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasında baş verə biləcək hadisələrin qarşısını almaq, səyləri əlaqələndirmək üçün Azərbaycan və Ermənistan silahlı qüvvələrinin baş qərargahları ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, iyulun 6-da saat 17:50 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonunun Əliağalı kəndi istiqamətində yerləşən bölmələri atəşə tutulub.

Atəş nəticəsində yol təkmilləşdirmə işlərinə cəlb olunan hərbi qulluqçumuz baş gizir Dadaşov Sakit Əhliman oğlu yaralanıb. Yaralıya ilkin tibbi yardım göstərilib və o, hərbi hospitala təxliyə olunub.

Baş vermiş insidentin araşdırılması üçün Rusiya sülhməramlı qüvvələrinin komandalığına və Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinə məlumat verilib.

Maraqlıdır ki, Rusiya Müdafiə Nazirliyinin bu axşam Bakı vaxtı ilə saat 20:00-da yaydığı məlumatda atəşkəs pozuntusu olmadığı qeyd olunub.