"Böyük Britaniya, Dağlıq Qarabağdakı son silahlı münaqişə zonasında olan ərazilərin minalardan təmizlənməsi üçün 500 min funt sterlinq məbləğində yardım ayırıb.
Shafaqadogru.com xəbər verir ki, bu, həmin ölkənin Xarici İşlər Nazirliyinin yaydığı məlumatdandır.
"Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramına bağışlanan vəsait minaların aşkarlanması və təmizlənməsi üzrə mütəxəssislərin hazırlanmasına kömək edəcək.Böyük Britaniyanın Avropa və Amerika Məsələləri üzrə Dövlət Katibi Vendi Mortonun sözlərinə görə, ianələr BMT -nin təcrübəsindən istifadə etmək və mina təmizləmə işlərində təlim və texniki dəstək verməklə mülki vətəndaşlar üçün riski azaltmaq üçün istifadə olunacaq” – məlumatda daha sonra deyilir.
Xatırladaq ki, 2021-ci il iyunun 8-də Böyük Britaniya Müdafiə Nazirliyinin Partlayıcı Maddələrə qarşı Mübarizə İdarəsinin (CEDE) nümayəndəsi ANAMA-ya münaqişənin bu ölümcül qalıqları ilə mübarizədə necə kömək edə biləcəyini araşdırmaq məqsədi ilə Azərbaycana səfər edib. İ
İyunun 10-da isə Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri Ceyms Şarpı qəbul edərkən ona bu ölkənin Azərbaycanın azad edilmiş ərazilərin minadan təmizlənməsi sahəsində fəaliyyətinə verdiyi dəstəyə görə təşəkkür ifadə edib.