Şəfəqə Doğru » Manşet » Virusa yoluxan telejurnalist səhiyyə sistemini tənqid edib

Virusa yoluxan telejurnalist səhiyyə sistemini tənqid edib

Virusa yoluxan telejurnalist  səhiyyə sistemini tənqid  edib

Əgər bu gün poliklinikalarda elementar növbə mexanizmini qaydaya salmayıblarsa, demək, idarəetmə bərbaddır

"İlk növbədə "TƏBİB və Səhiyyə Nazirliyinin səlahiyyətləri harda başlayır və harda bitir" sualına cavab verilməlidir"

Telejurnalist Asəf Quliyev koronavirusa yoluxması barədə məlumatı sosial şəbəkədə paylaşdı. Təkcə məlumat paylaşmaqla da qalmadı, evdə necə müalicə olunduğunu da yazdı, məsləhətlər verdi. Məhz peyvənd məsələsində gecikmədiyi üçün xəstəliyi yüngül keçirdiyini vurğuladı. Əsas isə jurnalistin "qorxmayın, hər xəstəliyin dərmanı var”, çağırışı idi. Hansı ki, cəmiyyət belə çağırışlara, demək olar, "acdır”. Ardınca isə xəstəlik müddəti, simptomlar, özünü müalicə, vaksinləşmə ilə bağlı fikirlərini daha geniş yazdı. Və bu da növbəti çağırış oldu - "Vaksin vurdurun!” çağırışı.  Maraqlı fikirlər var Asəf bəyin yazısında; 

"4 ay əvvəl vaksinləşmə üçün yaş həddim imkan verən kimi ləngimədən vaksin vurdurdum. Hər iki dozanı. Bəzi dostlarımızın kospiroloji nəzəriyyələrin yaratdığı cahillik burulğanına düşüb hələ də vaksindən yayınmaq cəhdini heç anlamıram və hesab edirəm ki, bunda Azərbaycan səhiyyəsinin iki mühüm təşkilatı – Səhiyyə Nazirliyi və TƏBİB-in informasiya siyasətinin düzgün qurulmamasının da təsiri var. Bu təşkilatların informasiya siyasətinə məsul insanlar hələ də kütləvi inam yaratmağa nail ola bilməyiblər. Ümumiyyətlə, COVID bəlasına qarşı aparılan informasiya siyasətində hər iki təşkilatın işi sıfır. Görünür, onların bir-biri ilə pərdəarxası savaşı bu şəraitin əsas səbəbidir... Beləliklə, 4 ay əvvəl vaksin vurdurdum. Ötən şənbə günü hərarət 38-i keçəndə artıq yoluxduğuma əmin idim. Amma bu əminlik vay-şivən üçün yox adekvat tədbirlər üçün motivasiya yaradırdı. Ənənəvi qriplə hansı formada mübarizə aparırdımsa, bu dəfə də həmin üsulla başladım. Çoxlu çay və yaxşıca tərləyənə qədər idman. Təbii ki, ev şəraitində. Maraqlısı o oldu ki, iy və dad reseptorlarım sıradan çıxmadı. Lakin hər iki əlimin şəhadət barmaqlarının birinci buğumunda olan uyuşmanı qanın qatılaşmağa meyillənməsinin əlaməti kimi qəbul elədim. Beləliklə hərarət, əzələ ağrısı və şəhadət barmağımda uyuşmadan başqa heç nə hiss etmədim. İdman, çoxlu maye, vitamin C (Gündə bir tablet) və Kardiomaqnil (Gündə bir tablet) adlı dərmanla cəmi iki günə virusu nəzarətə aldığımı anladım. Sözsüz ki, bu, 4 ay əvvəl vurdurduğum vaksinin sayəsində mümkün olmuşdu. Və cəmi bir həftə keçməmiş özümü çox normal hiss etməyə başladım. 6-cı günün tamamında nə hərarət, nə əzələ ağrısı qalmışdı. Bu xəstəliyə yoluxduqdan sonra mənə bir daha aydın oldu ki, Azərbaycan cəmiyyətində COVİD 19 barədə olan məlumatlar çox bəsitdir. Və bunun nəticəsidir ki, yoluxma və ölüm çoxaldı. Halbuki, Azərbaycanda olan şəraitlə yoluxmanı da, yoluxanlar arasında ölüm sayını da minimal həddə saxlamaq olardı. 

Jurnalist qeyd edir ki, COVİD haqda, belə baxanda KİV-in gecə-gündüz bu haqda danışdığı görünür, amma əslində heç nə deyilmir: 

- Əgər gecə-gündüz COVİD barədə danışanlar özləri "inkubasiya dövrü”nün nə demək olduğunu, yeni ştamların ilkin ştamdan necə fərqləndirildiyini, dünyada qəbul olunmuş 5 vaksinin fərqlərini və bu kimi ilk baxışda bəsit görünən məlumatları bilmirlərsə, onlar auditoriyanı necə maarifləndirə bilərlər. Əgər kütlə qarşısındakının nə olduğunu bilmirsə, onunla necə rəftar edəcək? Çox bəsit bir misal: Az-çox tibbi və bioloji bilgisi olanlar bilir ki, antibiotik viruslar üçün əks göstəricidir. Amma mən yoluxandan sonra bir xeyli adam mənə "Tez antibiotikə başla” məsləhətini verdi. Təbii ki, mən bunu etmədim. Və əminəm ki, yoluxub özünü müalicə ilə məşğul olub vəziyyəti pisləşənlərin çoxu məhz buna görə kritik duruma düşüb. Doğrudur, sonuncu mərhələdə virusun yaratdığı fəsadları aradan qaldırmaq üçün antibiotikdən istifadə olunması mümkündür, amma virus bədənə düşən kimi onu antibiotiklə həyəcanlandırıb vəziyyəti qəlizləşdirmək olmaz...

Sonra A.Quliyev qeyd edir: "Sözüm odur ki, gec də olsa insanları inandırmaq və maarifləndirmək lazımdır. Əks təqdirdə hələ bu COVİD-lə çox vaxt itirməli olacağıq”.

Telejurnalist maarifləndirmə və insanları inandırmaq üçün nə təklif edir? Dəyərli həmkarımızın yazdığı da "gecə-gündüz danışılan, amma ortada heç nə olmayan”ların siyahısına düşməsin deyə, bunu özündən soruşduq; Siz nə təklif edirsiniz? Cavab gecikmədi:  

- İlk növbədə "TƏBİB və Səhiyyə Nazirliyinin səlahiyyətləri harda başlayır və harda bitir" sualına cavab verilməlidir. İnsanlar bu iki orqan arasında qalıb. Köhnə iş mexanizminə malik Səhiyyə Nazirliyi yaranmış böhranlı vəziyyətdə günahı TƏBİB-in üzərinə atır, halbuki, hazırda TƏBİB nəinki hansısa səlahiyyətə malikdir, heç maliyyə mənbələri də bəlli olmayan bir təşkilatdır. Keçək sizin sualınıza. Birincisi, ilk növbədə vaksinləşdirilmədə müvafiq qayda yaradılmalıdır. Əgər bu gün poliklinikalarda elementar növbə mexanizmini qaydaya salmayıblarsa, demək, idarəetmə bərbaddır. Onlayn randevu alınması və yerlərdə növbə sistemi dərhal mükəmməlləşdirilməlidir. Vaksin almış və yoluxmuş xəstələrin statistikası ayrıca çıxarılmalı və həm də statistika deyil, onların yoluxduqdan sonra yaşadıqları fiksə olunmalı və ictimailəşdirilməlidir. İkincisi, virusa yoluxmuş insanlara yanaşma fərdi olmalıdır. Vahid protokol tətbiqi effektli deyil. Müalicə üsulu isə ancaq və ancaq orqanizmin qüvvətləndirilməsidir. Deyə bilərsiz ki, hər bir xəstəyə fərdi yanaşma üçün imkanlar məhduddur. Amma Azərbaycan Səhiyyə Sistemi ekstremal şəraitdə işləməlidir: 7/24. Amma vaksinləşmədən başqa bütün sistem adi rejimdə işləyir. Poliklinikalar, sahə həkimləri "yatmamalı”dır. 44 günlük müharibədə Azərbaycan ordusu hansı rejimdə işləyirdi, səhiyyəmiz də elə işləməlidir. Amma bu görünmür. 

Üçüncüsü, yaxşı olar ki, İTV-də "Kovid" saatı adlı və yaxud başqa bir adla interaktiv proqram yaradılsın. Bu proqramda mövcud durum təhlil olunmalı (həm xəstəliklə bağlı, həm də vaksinləşmə ilə bağlı), eyni zamanda bir çox suallar var ki, onlar barədə insanlara məlumat verilməlidir (COVİD barədə ilkin biliklər deyək). 

Bir daha təkrar edirəm ki, Azərbaycanda COVİD-19-la daha effektiv mübarizə imkanları mövcuddur. Amma idarəetmədə və informasiya siyasətinin qurulmasında ciddi nöqsanlar var // sherg.az