Ermənistanın baş naziri Nikol Paşinyan şəxsi təhlükəsizliyini dəfələrlə gücləndirib. İndi Paşinyanı Şimali Koreya lideri Kim Çen Indan daha çox adam qoruyur. "Yeni Müsavat” xəbər verir ki, bu barədə Ermənistanın "Hraparak” qəzeti yazıb.
Nəşr qeyd edir ki, vaxtilə işə velosipedlə gedən Paşinyan bu gün öz xalqından qorxur, get-gedə daha çox təcrid olunur və təhlükəsizliyini artırır. "İndi isə Nikol Paşinyan qanuna dəyişiklik etmək və Dövlət Nəzarəti Xidmətini özünə tabe etmək qərarına gəlib. Beləliklə, təhlükəsizliyini təmin edən quruma təsirini daha da gücləndirmək istəyir. Yəni o, DTX və onun direktoruna güvənmir”, - qəzet belə yazıb. Ermənistan baş nazirinin şəxsi müdafiəsini dəfələrlə gücləndirdiyi barədə məlumatı Ermənistanın "İravunk” qəzeti də təsdiq edir. Nəşr onu da qeyd edir ki, Paşinyan nədənsə çox qorxur, amma onun səbəbləri hələ ki məlum deyil. O halda ortaya təbii bir sual çıxır: Paşinyan kimdən qorxur?
Əlbəttə, ermənilərin təkcə "ASALA” ilə deyil, bir çox terror təşkilatları ilə yaxınlığı məlumdur. Paşinyan da ehtiyat etməkdə haqlıdır. Bəzi şərhçilərin fikrincə, Paşinyanı aradan götürməkdə erməni lobbisi də maraqlı ola bilər. Çünki onun hakimiyyəti illərində erməni işğalında olan torpaqlar azad edildi və erməni lobbisinin qazanc mənbələrinə də, nüfuzuna da ciddi zərbə dəydi. Paşinyanı xarici qüvvələr də aradan götürməkdə maraqlı ola bilər ki, bu sırada hətta bəzi maraqlı dövlətlər "ehtimal şübhəlilər” siyahısındadır.
Çünki Azərbaycanın qələbəsi ilə yekunlaşmış Qarabağ müharibəsindən sonra başlamış çoxtərəfli prosesi ləngitmək mümkün olsa da, birdəfəlik durdurmaq imkansızdır. Ola bilsin, o qüvvələr düşünür ki, 10 noyabr sənədində imzası olan Paşinyanı aradan götürməklə buna nail ola bilərlər. Bəs onun fiziki məhvi hansı nəticələr verə bilər? Baş nazir kimdən və hansı qüvvələrdən ehtiyat edir? Sərkisyan-Köçəryan cütlüyünün bu teraktı həyata keçirmək imkanları varmı?
Təhlükəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl "Yeni Müsavat”a bildirdi ki, erməni mediasında bu sayaq məlumatlara özü də rast gəlib: "Hətta yazmışdılar ki, Paşinyan yenə də qorxurmu? Amma təbii olaraq, onun öz təhlükəsizliyini gücləndirməsinin səbəbləri var. Çünki Ermənistanda müxalif qüvvələr Rusiyaya bağlıdır və onun bütün çıxışlarını tənqid edirlər. Paşinyan isə yeri gələndə addımlar atır - Türkiyə ilə münasibətləri yaxşılaşdırmaq təklifi irəli sürür, delimitasiya ilə bağlı düşüncələrini açıqlayır, bu da yerli müxalifətin fikirləri ilə üst-üstə düşmür”.
İ.İsmayılın sözlərinə görə, Paşinyanı seçkidə yıxa bilmədilər, ona görə fiziki cəhətdən aradan götürülməsi versiyası hər zaman aktualdır: "Ermənistan tarixən göstərib ki, terrora əl ata bilir. 1999-cu ildə parlament binasına silahlılar daxil oldular, əks mövqe göstərən Karen Dəmirçiyanı və Vazgen Sərkisyanı, başqalarını öldürdülər. Paşinyanın fiziki cəhətdən aradan götürülməsi təhlükəsi haqda iddialar bəzi KİV-lərdə də yayılıb. Ona görə belə bir hal mümkündür, bu səbəbdən Paşinyan təhlükəsizliyi gücləndirib. Bilir ki, Rusiya, həm də daxildə olan rəqibləri buna əl ata bilər. Mitinqlə və seçki ilə devirə bilmədilər, yeganə yol kimi terroru görə bilərlər. Çünki terrorda ad çıxarmış millətdir”.
"Yeni Müsavat”