Hazırda insanları narahat edən əsas məsələlərdən biri koronavirusun uzun illər davam edəcəyi haqqında fikirlərdir. Ötən gün Ümumdünya Səhiyyə Təşkilatının sədri Tedros Qebreyesu da bu istiqamətdə bədbin proqnoz vermiş, "pandemiyanın sonu hələ çox uzaqdır", - deyə bildirmişdi.
Shafaqadogru.com-un məlumatına görə, bununla bağlı tibb elmləri doktoru, professor Musa Qəniyev bildirib ki, səsləndirilən fikirlərin heç bir elmi əsası yoxdur:
"Antik dövrdən günümüzə qədər baş verən və tarixin yaddaşına əbədi həkk olunmuş 60 epidemiya və pandemiyanın yalnız bir neçəsində, onun ümumi davam etmə müddəti 2 il göstərilir. Bu müddətin özü də, infeksiyanın başlanması və nisbi lokallaşması halı kimi dəyərləndirilir, yəni mütləq yoluxduruculuq tarixinin davamı müddəti kimi yox. Ən ağır virus infeksiyasının aktiv yoluxdurma və "pik letallıq” dövrü, ilin xronoloji fəsli dəyişikliklərinə görə, 12 ay, yəni ardıcıl növbələşən dörd fəsildən artıq ola bilməz. Orqanizmdə ciddi keyfiyyət dəyişiklikləri, yalnız payız və yaz fəslində baş verdiyindən, viral infeksiyaların fəsli artımı, yalnız bu dövrlərdə baş verməlidir. Burada ziddiyyətli məqam, mövcud problemə qeyri-düzgün yanaşmadır”.
Mütəxəssis qeyd edib ki, pandemiyadan əvvəlki illərdə olduğu kimi, viral infeksiyaların fəsli artımı olmalıdır və bunu COVİD-19-un alovlanması və ya növbəti dalğası kimi tədqim etmək düzgün deyil:
"O cümlədən, fəsli artımı peyvəndin effektiv olmaması və ya bu infeksiyanın hələ sonu görünməyən, uzun illər davam edəcəyi kimi təqdim edib insanları qorxu altında saxlamaq olmaz. Bunlar heç bir elmi məntiqə istinad etməyən yanaşmadır. Hazırda koronavirusla bağlı qorxuya, təlaşa əsas yoxdur. COVİD-19-un həyatı öz macərasından çıxara bilməsini düşünmək belə mənasızdır. Pandemiya ilə bağlı istər sosial şəbəkələrdə, istərsə də digər təbliğat vasitələrində, fikir bildirən şəxslər, işlətdiyi hər bir sözün məsuliyyətini və törədəcəyi fəsadları qabaqcadan və çox ciddi şəkildə düşünməlidir”.
Günay Rəsulqızı