Bu gün Şəmkir rayonunda səhiyyə sisteminin vəziyyəti arzuolunan səviyyədə deyil. Bunun əsas səbəbkarı isə Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nurəddin Əhmədovdur. Belə ki, onun üzərinə düşən işin öhdəsindən layiqincə gəlmədiyini iddia edən məlumatlı şəxsin Gundelik-Baku.com-la paylaşdığı informasiyada deyilir ki, Şəmkir səhiyyəsində ən çox neqativ hallara yol verilən sahələrdən biri yalançı xəstəliklər səbəbindən vətəndaşlara əlillik dərəcəsi verilməsi və rayon mərkəzi xəstəxanasının dərman təminatı ilə bağlıdır. Əldə etdiyimiz bilgilərdə deyilir ki, Səhiyyə Nazirliyi tərəfindən Nurəddin Əhmədovun rəhbərlik etdiyi tibb müəssisəsinə verilən dərman pereparatları baş həkimə, eləcə də onun yaxın adamlarına məxsus olan apteklərdə satışa çıxarılır. Halbuki həmin dərmanların dövlət tərəfindən şəmkirlilər üçün tam təmənnasız verildiyini vurğulayan mənbənin sözlərinə görə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin adı müxtəlif vaxtlarda bir sıra xoşagəlməz məqamlarda hallanıb: «Deyilənlərə görə, Şəmkir Rayon Xəstəxanasında pasiyentlərə normal tibbi xidmət göstərilmir, çünki tibb ocağının personalının bilik və bacarıq səviyyəsi yetərli deyil. Məhz elə bu səbəbdən də adıçəkilən xəstəxanada ciddi nöqsanlar, çatışmazlıqlar mövcuddur. Belə ki, Nurəddin Əhmədovun rəhbərlik etdiyi tibb müəssisəsi dövlət büdcəsindən maliyyələşsə də, burada xəstələrə göstərilən «tibbi xidmət»lərə görə müəyyən edilmiş qiymətlər özəl klinikalarda olduğundan demək olar ki, bir o qədər də fərqlənmir. Deyilənlərə görə, tibb müəssisəsində müxtəlif dərman preparatları, antibiotiklər, qanəvəzedicilər, hətta narkoz üçün dərmanlar belə, xəstə yaxınlarına təmənnasız verilmir. Bir sözlə, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında xəstələrə baxımsızlıq və biganəlik izaholunmaz həddə çatıb. Rayon camaatı adıçəkilən tibb ocağında yaşanan neqativ hallarla bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsələr də, nədənsə müvafiq dövlət orqanları Nurəddin Əhmədov barəsində lazamı tədbir görməkdən çəkinirlər». Bu arada, Şəmkir Rayon Mərkəzi Xəstəxanasında «ölü can»ların mövcud olduğunu qeyd edən məlumatlı şəxs bildirir ki, adıçəkilən tibb ocağında saxta «xəstəlik tarixləri» açılır, bu yolla da xəstələr üçün ayrılmış ərzaq və dərmanlar mənimsənilir: «Əgər bu gün rayon səhiyyəsinə alınan dərmanların silinmə sənədləri araşdırılsa məlum olar ki, kənd xəstəxana və məntəqələrində dərmanlardan əldə olunan qazanc mərkəzi xəstəxanadan əldə olunandan daha çoxdur. Hamıya məlumdur ki, hələ bir neçə il öncə dövlət xəstəxanalarının, eləcə də poliklinikaların pulsuz tibbi xidmətə keçilməsi haqqında qanun qəbul olunub. Lakin hazırda bu qanun Şəmkir rayonunda yalnız kağız üzərində qaldığından, həmin qanunun tələblərinə əməl olunmur. Nəticədə əhali Nurəddin Əhmədovun rəhbərlik etdiyi tibb ocağına müraciət edərkən göstərilən qeyri-kafi xidmətin müqabilində xeyli pul ödəmək məcburiyyətində qalır. Onu da nəzərinizə çatdırım ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi rayon mərkəzində fəaliyyət göstərən uşaq xəstəxanası, şəhər poliklinikası, uşaq poliklinikası və rayonun doğum evini hər ay «nəzarət»də saxlayır. Deyilənlərə görə, uşaq xəstəxanasında hər hansı tibbi xidmətə görə vətəndaşların qarşısına müəyyən «tələb» irəli sürülür. Bütün bunlar onu deməyə əsas verir ki, Şəmkir Rayon Mərkəzi Xəstəxanasının durumu həqiqətən də arzuolunan səviyyədə deyil». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.