"İlham Əliyev öz müxalifətini "FETÖ”çu adı ilə zərərsizləşdirməklə həm özü qazanmaq, həm də Tayyib Ərdoğanı aldatmaq istəyir”
Azərbaycan hakimiyyəti AXCP lideri Əli Kərimlinin Türkiyədə hərbi çevriliş cəhdinin arxasında durmaqda ittiham edilən Fətullah Gülənlə əlaqələrdə olduğuna dair şərləməsini ciddi-cəhdlə xarici mediaya çıxarmağa çalışır. Muzdlu mirzələrindən birinə öz saytında öz imzası ilə dərc etdirdikləri şər-böhtanı daha sonra yaxşı əlaqələrdə olduqları Rusiyanın "İnterfax” agentliyinin xəbəri kimi Türkiyəyə də ötürüblər. Türkiyənin "yeniakit.com.tr” saytı həmin uydurmaya yer verib. Lakin "Azadlıq” qəzetinin baş redaktoru və "Azərbaycan saatı” televiziya proqramının müəllifi Qənimət Zahid sayta bununla bağlı təkzib göndərib və sayt onu da dərc edib. Qənimət Zahid təkzib yazısında hakimiyyətin məkri təxribatını detallı şəkildə ifşa edib:
"İlham Əliyev öz müxalifətini "FETÖ”çu adı ilə zərərsizləşdirməklə həm özü qazanmaq, həm də Tayyib Ərdoğanı aldatmaq istəyir. İndi onun yazarlarının israrla Azərbaycan və Türkiyə mətbuatına çıxarmaqda olduğu xəbərlərdə bu cizgi görünməkdədir. Amma əslində nə baş verib və bu hadisələr necə cərəyan edib?
Türkiyədə 15 iyul axşamı başlayan hərbi çevriliş cəhdi Azərbaycanda sosial mediaya anında sıçradı. Sosial media istifadəçiləri, saytlar, onlayn media quruluşları çevriliş cəhdinin ilk dəqiqələrindən Türkiyədəki qədər həssaslıqla xəbər yayıb paylaşımlar etdilər, öz fikirlərini bölüşdülər.
Türkiyədə o gecə yaşananlar dünya mediasının da mərkəzində yer aldı. Hadisələrin ilk anından etibarən AB, ABŞ və Rusiyanın rəsmi yetkililəri bu mövzuda açıqlamalar verdilər.
Bütün bu olayların yaşandığı vaxtda Azərbaycan hökuməti qəribə "soyuqqanlılıq” sərgilədi. Oysa, hadisələrin gedişində Azərbaycan hökuməti tərəfindən çevriliş cəhdini pisləyən açıqlama verilməli idi. Ancaq Azərbaycan hökuməti son ana qədər susdu. Azərbaycan hökuməti yalnız iyulun 16-ı saat 12 radələrində açıqlama verdi.
Əliyev hökuməti gözləməklə öz gələcəyini təhlükə altında qoymamağı hədəfləmişdi.
Hadisələrin baş verdiyi anda Azərbaycan müxalifətindən Əli Kərimli açıqlamalar verərək çevriliş cəhdini pislədi. Facebbok səhifəsində yaydığı açıqlamada Kərimli "Bizlər demokrat olaraq, xüsusilə də indiki müasir dövrdə ordunun hakimiyyəti ələ almaq istəyini təqdir etmirik. Biz cümhuriyyətdən, demokratiyadan yanayıq. Biz qardaş olaraq Türk millətinin iradəsinə hörmət edirik. Rəcəb Tayyib Ərdoğan seçki yolu ilə hakimiyyətə gəlib və kimin istəyib-istəmədiyindən asılı olmayaraq hakimiyyətdən də bir gün yalnız millətin seçkidə ifadə olunan iradəsilə gedəcək. Qardaşlarımızı vətəndaş müharibəsindən çəkinməyə çağırıram. Vətəndaş müharibəsi Türkiyə üçün ən pis seçim olar. Dualarımız Türkiyə ilədir!”, – deyə qeyd etdi. Bu açıqlama Türkiyə vaxtı ilə iyulun 15-də (Bakı vaxtı ilə 16 iyul, saat 00.57) yayıldı.
Əli Kərimli bu açıqlamanı verəndə Türkiyənin paytaxtı Ankarada və İstanbulda qiyamçılar inzibati binaları bombalayır, TRT-də öz bildirişlərini oxutdururdular. Əli Kərimli qiyamçıların uğur qazanıb-qazanmayacağını gözləmədən bu açıqlamanı verib və olayı göründütü kimi, pisləyib. Bu mövqe Əli Kərimlinin demokratiyaya inam və sədaqətinə görədir. O açıqlamanı yazdığı zaman Əli Kərimli "qiyamçılar qalib gəlsə nə olacaq?” düşüncəsinə tərəddüd etmədən qarşı çıxdı və mövqeyini ortaya qoydu.
16 iyul səhər saat 09.18-də isə Əli Kərimli ikinci açıqlaması ilə Türkiyə xalqını qazandığı zəfərə görə təbrik etdi, çevrilişin baş tutmadığının altını cızaraq, demokratiyanın vazkeçilməz olduğunu bildirdi:
«Türkiyə qalib gəldi! Xalqın ən böyük güc olduğu növbəti dəfə sübut olundu. Demokratiyasına sahib çıxan əliyalın, mübariz xalq Türkiyə bayraqları ilə tankların üstünə çıxdı, azad mətbuatın, yetkin, oturuşmuş siyasi partiyaların, konstitusiyaya sadiq qalan dövlət qurumlarının da gücü ilə dövlət çevrilişinə cəhdin qarşısını ala bildi. Türkiyə hakimiyyəti qərarlı və tədbirli davrandı, dövlət qurumları və xalqı, iqtidarı və müxalifətilə bu demokratiya sınağından da uğurla çıxdı. Hazırda yenidən qalib olan Türkiyə iqtidarı da vacib mesaj aldı. Ən çətin məqamda dövlətinə sahib çıxan azad mətbuatı, azad interneti, siyasi müxalifəti, demokratik təsisatları sıxışdırmaq olmaz. Ən çətin sınaq məqamında həmin demokratik təsisatlar xalqın, demokratiyanın, iqtidarın yanında oldu. Türkiyənin daha da demokratikləşməsi, güclənməsi və dünyadakı nüfuzunu daha da artırması arzusu ilə. Haydı Türkiyə!».
Şübhəsiz ki, Türkiyə Cümhuriyyəti 15 iyul çevriliş cəhdi zamanı müxtəlif dövlətlərin tutum və açıqlamalarını diqqətə alacaq və bilinməyənləri də öyrənəcək. Əliyev hökumətinin öz adını demokratiyaya qarşı tutumu ilə tarixin qaracdəftərinə yazdırması təəssüf doöğurur. Əliyevin səbatsız mövqeyinin "gələnə qardaş, gedənə yoldaş” prinsipinə dayandığı ortadadır. Onun çevriliş cəhdinin bitməsini gözləməsi və yalnız 16 iyul saat 12-dən sonra qınama qeydi paylaşması arxadan atılan daşdan başqa bir şey deyildi.
Azərbaycan hökumətinin bu davranışı bir şeyi tam isbat etdi. O da siyasət və dövlət ənənəsindən məhrum olduğudur.
Sonuc olaraq Azərbaycan hökuməti demokratiya imtahanından keçə bilmədi. Bunun isə bir çox səbəbləri var və onlardan öndə gələni budur ki, Azərbaycan hökumətinin içində və yanında "FETÖ”nun kadr və quruluşları qalmaqdadır. İlham Əliyev onları kənarlaşdırmaq istəmir. Məsələn, Azərbaycanın başlıca maddi qaynaqlarından biri olan SOCAR-ın Türkiyədə böyük projesi olan Petkim-də baş verənlərə diqqət yetirək. Petkim-də "FETÖ” qrupuna daxil olan 19 nəfər həbs edildi. Bu olaydan dolayı Əli Kərimli dərhal açıqlama yaydı: "Bu artıq beynəlxalq skandaldır. Türkiyədən Azərbaycanın dövlət şirkəti SOCAR-a ağır ittihamlar irəli sürüldü və bu səhər də Azərbaycana məxsus PETKİM-də işləyən 19 nəfər həbs olundu. Türkiyə tərəfi iddia edir ki, SOCAR-ın milyardlarla dollara satın aldığı PETKİM 2011-ci ildən Fətullah Gülənin nəzarətinə keçib və onun təşkilatının əsas maliyyə qaynağı olub. Ölkəmizin özünün sərmayəyə böyük ehtiyacı olduğu halda hökumət son illərdə həmin PETKİM-ə milyardlarla dollar sərmayə qoymuşdu və indi məlum olur ki, PETKİM-in də, SOCAR-ın da adı bizim, dadı özgələrinin olub. Məsələ artıq çox ciddiləşdi. Azərbaycan hakimiyyəti izahat verməlidir. İzahat verməlidir ki, niyə SOCAR-ın var-dövlətindən azərbaycanlılardan başqa hamı faydalana bilir?”.
İndi Əliyev hökumətinin israrla müxalifət daxilində "FETÖ”çu axtarmaq və onları Türkiyəyə göstərmək istəyinin arxasında nələrin durduğu aydındır, məncə”.