"Rusiya Ukraynaya hücumdan sonra baş verəcək bütün hallara hazırlaşıb...”
"Belə görürəm ki, Baydenin Putinə qarşı sərt danışıqları boş şeylərdir. O, Ukrayna ilə bağlı Putinlə gizli şəkildə razılaşıb. Putinə ilk növbədə hakimiyyətini qorumaq lazım idi. Bunun üçün xalqı hansısa vasitə ilə öz ətrafında birləşməyə məcbur etməli və daxili problemləri gündəmdən çıxarmalı idi”.
Bu fikirləri Moderator.az-a açıqlamasında politoloq Cümşüd Nuriyev ifadə edib.
"Qərbin sanksiyaları altında isə Rusiya öz iqtisadiyyatını inkişaf etdirməyə məcbur olacaq. İran da 43 ildir ABŞ və Avropanın sanksiyaları altındadır. Amma, nə olsun, müəyyən yollar tapıb dövlətçiliyini qoruya bilir.... Bir sözlə, Yeni Dünya Düzənini hal-hazırda ABŞ-la Rusiyanın, yəni Putinlə Baydenin gizli sövdələşməsi formalaşdırır. ABŞ özünün istədiyini əldə edir. Öz qazını almağa Avropanı razı saldı. Eyni zamanda Rusiyanın Ukraynaya hücum etməsi vasitəsilə Avropanı öz silah və texnikasını almağa vadar etdi. Necə ki, quzuya canavar göstərirlər. Avropaya da Rusiyanı göstərdilər... Odur ki, Avropa ölkələrini müdafiə xərclərini ümumi daxili məhsulun 2 faizinə qaldırdı. Bundan sonra ABŞ Avropaya hər il orta hesabla 350 milyardlıq silah satacaq...
ABŞ-da da hərbi sənaye kompleksi və silah tacirləri güclü nüfuza malikdir. Və əsasən demokratları himayə edirlər. Baydeni də hakimiyyətə onlar gətirib. Hər dəfə demokratlar hakimiyyətə gələn kimi ABŞ silah ticarətinin coğrafiyasını genişləndirməkdən ötrü haradasa bir müharibə törətməyə çalışır. Bu dəfə də Putin onların bu oyunu ilə razılaşdı və Ukraynaya hücum etdi”- deyə politoloq açıqlamasının davamında bildirib.
"Bəs axı Rusiyanın iqtisadiyyatı da kəskin sanksiyalar altında çökür. O, bu durumdan necə çıxacaq?” sualını isə həmsöhbətimiz belə cavablandırıb.
"Düzdür, Putin beynəlxalq səviyyədə siyasi cəhətdən ölü sayılır. Hazırda Rusiyanı xilas edən yeganə amil bu dövlətin BMT Təhlükəsizllik Şurasının üzvü olmasıdır. Çünki Moskva bundan həmin qurumun Rusiya əleyhinə qərarlarına veto qoymaq üçün istifadə edir. Bununla belə, Rusiya Ukraynaya hücumdan sonra baş verəcək bütün hallara hazırlaşıb. Çoxlarına elə gəlir ki, Rusiya tezliklə çökəcək. Mən Rusiyanın tərəfdarı deyiləm. Amma hesab edirəm ki, yaxın ən azı 2-3 il ərzində bu ölkə çökməyəcək... Çünki BRİKS təşkilatı var. Çin və Hindistan da həmin təşkilatın üzvüdür. Bunlar Rusiya ilə birlikdə dünya iqtisadiyyatında yeni favorit dövlətlərdir. Rusiya öz neft və qazını BRİKS dövlətlərinə satmağa başlayıb”.
"Artıq Hindistan Rusiya neftini 55 dollara alır. Çin isə daha çevik oyun qurub: Rusiya neftini cəmi 45 dollara istəyir. Moskvanın da bununla razılaşmamağa imkanı yoxdur. Çünki o boyda nefti yığıb saxlamayacaq ki... Kreml Avropaya qazın hər min kubmetrini 4 min dollara satır. Amma Çin eyni qazı Rusiyadan 1200 dollara istəyir. Və Moskva qazını da belə ucuz qiymətə satmağa məcburdur. Bu müddət ərzində ən çox qazanan dövlətlər arasında Çin və Hindistan da olacaq. Onlar ABŞ-ı da, Avropa İttifaqını da dövriyyədən çıxaracaqlar” –deyə politoloq vurğulayıb.