"Məncə, təşəbbüskar Brüsseldir. Bu günlərdə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi. Qənaətimə görə, Brüsseldə bu təklif irəli sürülüb ki, siz öz aranızda birbaşa da danışın, fikir mübadiləsi aparın. Məncə, Brüsseldə bununla bağlı razılıq əldə olunub. Təsadüfi deyil ki, xarici işlər nazirlərinin telefon danışığından dərhal sonra Brüsseldə açıqlama gəldi. Açıqlamada bu hadisə müsbət qiymətləndirildi”.
Politoloq Elxan Şahinoğlunun Teleqraf.com-a müsahibəsini təqdim edirik.
- Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilk dəfə olaraq, üçüncü tərəfin iştirakı olmadan telefonda danışdılar. Bu gəlişmə haqda fikriniz necədir: davamlı olacaqmı, bundan sonra Azərbaycan və Ermənistan heç bir vasitəçi olmadan yola davam edə biləcəkmi?
- Birbaşa təmaslar hər iki tərəf üçün faydalıdır. Müharibədən dərhal sonra da bu məsələni davamlı gündəmə gətirirdim ki, vasitəçiyə ehtiyac yoxdur. Ermənistanla üç məsələ həll olunmalıdır: sərhədlərin müəyyənləşməsi (delimitasiya və demarkasiya), dəhlizin açılması və sülh müqaviləsinin imzalanması. Bu məsələləri müzakirə etmək üçün bizim vasitəçilərə ehtiyacımız yoxdur, oturaq, birbaşa müzakirə edək.
Bəli, işğaldan qabaq biz Minsk qrupunun vasitəçiliyi ilə danışıqlar aparırdıq, boş-boş gəlib-gedirdilər. İndi Minsk qrupuna da ehtiyacımız yoxdur. İndi Rusiya və Brüsseldə də görüşlər keçirilir. Brüssel görüşlərini daha faydalı hesab edirəm ki, danışıqlar prosesində Rusiyanın inhisarını azaltmaq lazımdır. Çünki Rusiya müxtəlif gedişlər edir, biz bunu Qarabağda da görürük. Buna görə də, biz vasitəçi olmadan oturub danışmalıyıq. Hətta iki dövlət arasında daimi komissiyanın yaradılmasını da təklif edərdim. Bu komissiyada hər iki tərəfdən diplomatlar, Müdafiə Nazirliyi sistemində çalışanlar, hərbi ekspertlər ola bilər. Komissiya ayda və ya həftədə bir dəfə Tiflis, yaxud Avropanın hansısa şəhərində görüşüb, bütün bu məsələləri müzakirə edə bilər.
Bir sözlə, bu ikili formatı faydalı hesab edirəm. Münaqişə tarixində ilk dəfədir ki, Azərbaycan və Ermənistan arasında birbaşa telefon danışığı olur. İndi bunu davam etdirmək lazımdır.
- Telefon danışığında kimin təşəbbüskar olduğu açıqlanmadı. Sizin bununla bağlı ehtimalınız necədir?
- Məncə, təşəbbüskar Brüsseldir. Bu günlərdə Azərbaycan və Ermənistan liderləri arasında görüş keçirildi. Qənaətimə görə, Brüsseldə bu təklif irəli sürülüb ki, siz öz aranızda birbaşa da danışın, fikir mübadiləsi aparın. Məncə, Brüsseldə bununla bağlı razılıq əldə olunub. Təsadüfi deyil ki, xarici işlər nazirlərinin telefon danışığından dərhal sonra Brüsseldə açıqlama gəldi. Açıqlamada bu hadisə müsbət qiymətləndirildi.
Beləliklə, təşəbbüskarın Brüssel olduğu qənaətindəyəm, amma kimin birinci zəng etdiyinin bir əhəmiyyəti yoxdur. Əgər Brüsseldə şifahi olaraq razılaşdırılıbsa ki, birbaşa – vasitəçi olmadan təmaslar qurulsun, buna görə də, kimin birinci dəstəyə əl atmasının önəmli olmamalıdır. Önəmli olan hər iki tərəfin razılığıdır ki, gəlin, birbaşa danışaq.
- Sizcə, Brüsseldəki şifahi anlaşma işlək olacaqmı?
- Məncə, işlək olacaq. Amma Rusiya da pozuculuq fəaliyyətini davam etdirə bilər. Təsadüfi deyil ki, Brüsseldəki görüşdən dərhal sonra Ermənistan Xarici işlər naziri Ararat Mirzoyanı Moskvaya çağırdılar, ondan bu görüşün hesabatını tələb etdilər. Üstəgəl, Nikol Paşinyanı da Rusiyanın paytaxtına çağırıblar. Bundan başqa, Rusiya prezidenti Bakı və İrəvana zəng etdi. Bunu da təzyiq kimi anlayıram. Çünki Rusiyada Avropa Birliyinin vasitəçiliyinə paxıllıq hissi də var.
Əgər Moskva Ukraynadakı işğaldan əvvəl Avropa Birliyinin təşəbbüsünə seyirçi qalırdısa, indi vəziyyət dəyişib. Avropa Birliyi Ukraynadakı işğala görə, Rusiyaya sərt sanksiyalar tətbiq edir. Bu baxımdan, Moskva Brüsselin təşəbbüsünə qısqanc yanaşır. Yəni Rusiya prosesi pozmağa çalışacaq. İndi önəmli olan bu pozuculuğu dəf etməkdir. Bizim xoş niyyətimiz var, Ermənistan da bu xoş niyyəti davam etdirsə, mənə elə gəlir ki, Rusiyanı burada müəyyən mənada neytrallaşdırmaq olar. İndi Rusiyanın başı Ukraynada müharibəyə qarışıb, o qədər enerjisi yoxdur ki, hər iki tərəfdə fəallığını artıra bilsin.
- Bəs Rusiya prosesi pozmaq üçün nə kimi addımlar ata bilər?
- Müxtəlif vasitələrə əl ata bilər. İndi də pozmağa çalışır. Görürsünüz ki, Fərrxuda postlarının sayını artırmaq istəyir, bu kənddə bayraqlarını qaldırırlar, gah da deyir ki, gəlin, kameralar quraşdıraq və s. Bunların hamısı təxribatların davamıdır, separatçılarla da birləşiblər. Artıq Paşinyana qarşı müxtəlif qüvvələrin birləşməsini görürük. Brüssel prosesinə qısqanc yanaşan təkcə Rusiya hakimiyyəti deyil. Ermənistan müxalifəti, "Qarabağ klanı” və separatçılar da Brüsselin fəal olmasını istəmirlər, yola Rusiya ilə birgə davam etmək istəyirlər. Bunun özü elə, Rusiyanın pozuculuq fəaliyyətidir.
Üstəgəl, bir neçə gündür, Rusiyanın Ermənistandakı səfiri Kopırkin İrəvanda erməni müxalifətinin liderləri ilə görüşlər keçirir. Bunun özü də, Rusiyanın öz səfiri vasitəsilə Paşinyana təzyiqi artırmasıdır.
- ABŞ-ın fəallığı da diqqətdən qaçmır. Ağ Ev Brüsseldən başlayan prosesə dəstəyini ifadə etdi. Maraqlıdır, Amerika bu gəlişmələrə nə kimi töhfə verə bilər?
- ABŞ kənarda qalsa, daha yaxşı olar. Çünki Amerikadakı ermənipərəst qüvvələr də suyu bulandırmağa çalışırlar. Onsuz da biz ATƏT-in Minsk qrupunun fəaliyyətindən imtina etmişik. Artıq Amerika da anlayır ki, Minsk qrupu bundan sonra fəaliyyət göstərə bilməyəcək. ABŞ-ın Qarabağ prosesindəki varlığını təmin edən yeganə vasitə Minsk qrupu idi. Artıq bu format da yoxdur, yoxa çıxıb. Amma Azərbaycanın ABŞ-la sıx tərəfdaşlıq münasibətləri var. Bu münasibətəri də davam etdirməliyik, bunu istəyirik. Bununla belə, Amerikanın bu prosesə müdaxiləsi maraqlarımıza cavab vermir.
Əlbəttə, istəyirik ki, Rusiyanın bölgədəki inhisarı azalsın. Hesab edirəm ki, bunu Avropa Birliyinin vasitəçiliyi ilə etsək, daha uğurlu olar. Çünki həm Azərbaycanın, həm də Ermənistanın Avropa Birliyi ilə sıx əməkdaşlığı var. Avropa Birliyi bölgədə ortaq layihələrin reallaşdırılmasını və sülhün təmin olunmasını istəyir. Eyni zamanda, Avropa Birliyi Azərbaycan və Ermənistana kreditlər də verir.
- Ermənistan parlamentinin spikeri Alen Simonyan müxalifət nümayəndələrinin Qarabağa səfərinə etiraz etdi. Bu etiraza Nikol Paşinyanın partiyasından olan deputatlar da qoşulub, üstəgəl, onlar sabiq müdafiə naziri, deputat Seyran Ohanyanın separatçıların qondarma bayrağını parlamentin tribunasından asmasına etirazlarını bildirdilər. Paşinyan və komandasının bu ehtiyatlılığı nədən irəli gəlir və bunda ermənilərə ünvanlanmış hansı mesajlar ola bilər?
- Nikol Paşinyan və onun komandasının üzvləri artıq reallığı anlamağa, dərk etməyə başlayıblar. Buna görə də, Azərbaycanla birbaşa dialoqa gedirlər, Brüsselə səfər edirlər. Reallığı anlayırlar və Qarabağ yükündən qurtulmaq istəyirlər. Əlbəttə, indi bunu açıq dilə gətirə bilmirlər, çünki radikal müxalifət, Moskva və xaricdəki erməni lobbisinin təzyiqlərindən çəkinirlər. Amma başa düşürlər ki, Qarabağ məsələsindən birdəfəlik əl çəkmək lazımdır. Əgər Azərbaycan və Türkiyə ilə sülh – barışıq, əməkdaşlıq və sərhədlərin müəyyənləşməsini istəyirlərsə, təxribatların miqyasını azaltmaq, sonra bunu tamamilə dayandırmaq lazımdır. Onu da anlayırlar ki, Ermənistanın radikal müxalifəti bu yöndə təxribatla məşğuldur, indi də Paşinyan və komandası bunun qarşısını almağa çalışır.