Problem niyə həll olunmur və necə həll olunmalıdır?
İyunun 2-də bir qrup qazi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) qarşısına toplaşaraq əlillik dərəcəsinin verilməsi ilə bağlı yaşadıqları problemə etiraz etdi. Onlar nazir Sahib Babayevlə və Dövlət Tibbi Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramovla görüşmək istədiklərini bəyan etdilər. Bildirdilər ki, bir neçə dəfə tibbi-sosial ekspertiza müayinəsindən keçməklərinə baxmayaraq, əlillik dərəcələrinin təyin edilməsi ilə bağlı ciddi problem yaşayırlar. Belə ki, əlillik dərəcələri təyin edilmir, bir çox hallarda isə imtina cavabı gəlir.
Qazilərin narazılığı, etiraz zamanı yaşanan xoşagəlməz hallar müharibə iştirakçıları, onların ailələri, yaxınları ilə yanaşı cəmiyyətdə müəyyən qıcıq yaradır, qınaqla qarşılanır. Az qala hər kəsi düşündürən bir sual var: Bu problem niyə həll olunmur və ya necə həll olunmalıdır?
Milli Məclisin sabiq üzvü, Ümid Partiyasının sədri, Qarabağ qazisi İqbal Ağazadə AYNA-ya deyib ki, bu cür problemlərin yaşanmasına səbəb bu istiqamətdə aparılan işlərin sistemsiz həyata keçirilməsinə görədir: "Mən müharibədən dərhal sonra təklif etmişdim ki, iştirakçılarla bağlı siyahı dəqiqləşdirilsin, elektron baza yaradılsın. Yerli icra hakimiyyəti nümayəndələri və yaxud mənzil təsərrüfatı şöbəsinin işçiləri bu işi həyata keçirə bilərdilər. Müəyyən bir siyahı hazırlanmalı, siyahıdakılar kateqoriyalara ayrılmalı və kimin hansı problemi varsa, qeyd edilməli idi. Bu zaman müəyyən olunmalı idi ki, hansı problemi dövlət həll edəcək, hansı məsələdə isə dövlət tərəfindən hansısa imtiyaz nəzərdə tutulmayıb. Yalnız o zaman – dövlət tərəfindən hansısa imtiyaz nəzərdə tutulmadığı halda problem hansısa fond və ya şəxslərin köməyi ilə həll oluna bilərdi. İş sistemli qurulacağı təqdirdə hər bir qazinin əlillik dərəcəsinə görə əldə etməli və ya dövlətin verməli olduğu nələr varsa, tarixi ilə bərabər elektron bazada öz əksini tapacaqdı”.
"Məsələn, qazi var ki, 3-cü qrup əlildir, işləmək imkanı var. Onunla dövlət özü əlaqə qurmalıdır ki, qazinin durub nazirliyin qarşısına getməyinə ehtiyac qalmasın. Yaxud kimsə 1-ci qrup əlildir, mənzilə ehtiyacı var. Yaşayış yerinin olmadığına, yoxsa yaşayış yerinin yaxşılaşdırılmasına ehtiyac var və s. bilindikdən sonra buna uyğun atılmalı olacaq addımlar da bəlli olacaqdı. Eyni zamanda həmin işin nə zaman icra ediləcəyi bildirilməli idi. Yəni dövlət müharibə iştirakçılarından hansılar üçün nələr nəzərdə tutubsa, onu tarixi ilə birlikdə qeyd etməli, bildirməli idi. Qazilər də sistemə daxil olaraq onlara nəyin hansı tarixdə veriləcəyinə baxa bilərdilər. Lakin hər qazini bir icra hakimiyyətinə, rayonda hansısa vəzifəli şəxsə tapşırmağa və yaxud "Yaşat” Fonduna həvalə etməyə ehtiyac yox idi. Dövlət verməli olduğunu verməli idi və bundan sonra kimlər və ya hansısa fond nə edirdisə, edərdi. Dövlət nəyi edəcəyini göstərdikdən sonra müharibə iştirakçısı üçün hər şey bəlli olacaqdı”, – deyə həmsöhbətimiz bildirib.
Əlavə edib ki, dövlət hansısa problemləri həll etdiyi zaman insanların layiqli həyat şəraiti yaşamalı olduqlarını da nəzərə almalıdır: "Ən başlıcası insanların layiqli həyat yaşamasıdır. Bunun da ən başlıca səbəblərindən biri müasir bazar şəraitləri çərçivəsində insanların ehtiyaclarına – təkcə minimum istehlak zənbili deyil, normal yaşayış həddini müəyyən edən əməkhaqqı, güzəştlər olmalıdır”.
"İndi hansısa qazinin səsi bərk çıxacaqsa, hansısa haqqını tələb edə biləcəksə, ona haqqını verəcəklər, evində oturanın heç nəyi olmayacaq?! Niyə məcbur edirlər ki, kimsə haqqını istəsin, haqqını istəməyən də bərbad şəkildə yaşasın?! Təəssüf ki, hökumət bu işi düzgün qura bilmir. Pərakəndə şəkildə – birinin könlünü almaqla, birini birinə tapşırmaqla və s. formada işin aparılmasına yanaşma düzgün deyil”, – deyə Ağazadə vurğulayıb.
Qarabağ qazisi, Qarabağ Qaziləri Birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu mövzu ilə bağlı söyləyib ki, problem qanunvericilikdə və sistemdə gecikmənin olması ilə bağlıdır: "Azərbaycanda bütün əlillərə əlillik dərəcəsi bir qanunla verilir. Yəni müharibədə sağlamlığını itirənlərlə mülki həyatda sağlamlığında problem yarananlar arasında fərq qoyulmur. İkinci Qarabağ müharibəsində döyüşən və yaralananlara da əlillik eyni qanun əsasında verilir. 2015-ci ildə əlillərin əlillik dərəcəsini müəyyən edən qanuna dəyişiklik edildi. Prezident 2015-ci ildə Fərman imzalamışdı ki, 6 ay müddətinə əlilliyin müəyyənləşdirilməsi, verilməsi proseduru elektronlaşdırılsın. Onunla bağlı proses başladı. Azərbaycanda əlilliyə səbəb olan xəstəliklərin və bu xəstəliklərin hədlərinin sayı 1657 idi. Lakin sonradan 90 faiz azaldıldı. 2015-ci ilə qədər əlillik almış bir çox insan 2020-ci ildə yenidən komissiyaya müraciət etdiyində ona əlillik düşmədiyi bildirildi. 2015-ci ildə qanuna edilmiş dəyişikliyə qədər ömürlük əlillik dərəcəsi almış şəxslər olsa da, 2020-ci ildən bu yana həmin xəstəliklə əlillik ala bilməyən şəxslər var. Bu zaman da sual yaranır ki, niyə ona həmin xəstəliklə əlillik düşür, amma bu birisinə yox. Yaxud ayağı dizdən bir qarış aşağıdan kəsilmiş şəxsə 1995-ci ildə ikinci qrup əlillik veriblər, amma başqasına indi üçüncü qrup verilir? Bu zaman da haqlı olaraq narazılıqlar, etirazlar olur”.
Müsahibimizin sözlərinə görə, bu problemlər dəfələrlə nazir Sahil Babayevlə müzakirələrdə qaldırılıb: "Qarabağ Qaziləri Birliyin sədri Asəf Əliyev, Vətən Müharibəsi Veteranları Birliyinin sədri Füzuli Rzaquliyev, Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Mehti Mehtiyev və digərləri Sahil Babayevlə görüşlərdə, müzakirələrdə bu məsələni qaldırıblar, bildiriblər ki, düzgün deyil. Qazilər Birliyinin mətbuat xidmətinin rəhbəri olaraq özüm şəxsən sosial şəbəkələrdə, televiziya kanallarında bu məsələləri dəfələrlə qaldırmışam ki, həll olunmalıdır, lakin həll oluna bilmir. İndi ƏƏSMN qanunvericilik çərçivəsində müəyyən işlər gördü, amma görülən işlər çox azdır”.
Sistemdəki gecikmə ilə bağlı problemə toxunan qazi qeyd edib ki, texniki problemlər qaziləri bezdirib: "Sistem elektronlaşdırılıb, lakin gecikmələr var. Qazi müayinədən keçib, 14 iş günü müddətində cavab veriləcəyi deyilsə də, 4 ay keçməsinə baxmayaraq cavab gəlmir. Lakin araşdırıldıqdan sonra əlilliyin verilib-verilməməsi bəlli olur. Nazirlik isə deyir ki, texniki problemdir. Bu texniki problemlər də qazilərin canını boğazına yığıb”.
Kərimoğlu vurğulayıb ki, qazilərin bu gün əlillik dərəcəsinin alınması ilə bağlı yaşanan problemlərdə günahkar 2015-ci ildə mövcud qərarı qəbul edənlərdir: "Qazilərin əlillik dərəcələrinin müəyyənləşdirilməsi, verilməsi ilə bağlı problem üç istiqamətdədir. Birincisi, elektronlaşdırma aparılıb, amma burada ciddi qüsurlar var. İkincisi, əlillik meyarlarının müəyyənləşdirilməsi ilə bağlı 2015-ci ildə Nazirlər Kabineti tərəfindən qəbul edilmiş 413 saylı qərar bərbad vəziyyətdədir. Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin mətbuata açıqlaması var, o da təsdiqləyir ki qanunla bağlı narazılıqda haqlıyıq. O bildirib ki, o vaxt qanun Milli Məclisə göndəriləndə Səlim Müslümov deyib ki, Prezident tapşırıb və qanun müzakirə edilmədən qəbul edilsin. Nazirlər Kabineti də Milli Məclisdəki səsvermədən sonra 413 saylı saxta bir qərar qəbul edib. Bu gün istər 44 günlük müharibə, istərsə də əvvəlki döyüşlərdə iştirak etmiş qazilərin incidilməsində birbaşa günahkar Milli Məclisdə qərara gözüyumlu səs verənlər və Nazirlər Kabinetidir. ƏƏSMN əlilliyin meyarları ilə bağlı yeni qanun layihəsi hazırlayıb. Bu layihədə 2015-ci ildə çıxarılmış 1500 xəstəlikdən 800-ü qaytarılıb. Həmin qanun da 2022-ci il iyulun 1-də qüvvəyə minəcək. Həmin qanun qüvvəyə minəndə bu problemlərin bir qismi həll olunacaq. Lakin başqa bir problem ola bilər. Bu da əlillik dərəcələrinin müəyyənləşdirilməsinin faizlə olması ilə bağlıdır. Ümid edək ki, bununla bağlı problem yaşanmasın”.
Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin üzvü Bəhruz Məhərrəmov isə açıqlamasında deyib ki, müharibə iştirakçılarının problemlərinin həlli istiqamətində müəyyən işlər aparılsa da, əlilliyin təyin edilməsi ilə bağlı məsələdə problemin hələ də qalması hər iki tərəfdən olan problemlərə bağlıdır: "Azərbaycanda mövcud siyasi iradə şəhid ailələri və qazilər başda olmaqla, bütün müharibə iştirakçılarına diqqət və qayğını prioritet kimi müəyyən edib. Bilirsiniz ki, ötən ilin yanvarın 25-də cənab İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilədək bütün şəhid ailələri və əlilliyi təyin olunmuş qazilərin ev və mənzillə təmin olunması qərara alınıb və artıq bu prosesin icrasına başlanıb. Eyni zamanda müharibənin bitməsindən qısa müddət keçməsinə baxmayaraq, veteran statuslarının verilməsi prosesi də yekunlaşmaq üzrədir. Habelə yerlərdə məşğulluq və özünüməşğulluq proqramlarında bu həssas kateqoriyadan olan insanlara ciddi üstünlük tanınır”.
"Lakin təbii ki, problemlər də var. Xüsusən, əllilliyin qiymətləndirilməsi sahəsində hər iki tərəfdən qaynaqlanan problemlər var. Nazirlikdən doğan problemlərin kökündə əlilliyin bir orqana yox, bir neçə dövlət strukturuna həvalə olunması ilə bağlıdır. Məsələn, qazilərin sağlamlığı barədə Müdafiə Nazirliyinin tibb müəssisəsi rəy verir, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi qiymətləndirir. Hesab edirəm ki, bu təcrübəyə son qoyulmalıdır. Digər tərəfdən isə, hər bir yaralanmış şəxs əlillik almaq istəyir, baxmayaraq ki, sağalan xəstəliklər və yaralar əlillik üçün əsas vermir. Düyün nöqtələri də bunlardır”, – deyə deputat bildirib.
Onun fikrincə, dövlət orqanları qazilərin problemlərinə münasibətdə onların psixoloji həssaslıqlarını nəzərə almalı, eyni zamanda da həmin şəxslərin siyasi məqsədlərə alət edilməsinə sədd çəkməlidir: "Qazilərimizin səbirsizliyinə, bəzən qeyri-adekvat davranışlarına gəlincə, biz anlayışla yanaşmalıyıq ki, qazilərin çoxu travmalı insanlardır, tibbi səbəblərdən əsəblərinə sahib çıxa bilmirlər. Dövlət orqanları da məhz bunu nəzərə alaraq davranmalıdır. İnsafən deməliyik ki, əksər hallarda strukturlarımız lazımi hörmət və təmkini kifayət qədər yüksək səviyyədə qoruya bilir. Amma təəssüf ki, bəzən digər tərəfdən sui-istifadə hallarının şahidi oluruq ki, bu barədə çoxsaylı faktlar, videolar, görüntülər var. Digər tərəfdən, kənardan da çoxsaylı qüvvələr var ki, bu həssas təbəqədən siyasi məqsədlərlə istifadə etməyə çalışırlar. Savaşda erməninin nəfəsini kəsən qazilərimiz də gərək bu gün imkan verməsinlər ki, ermənipərəstlər dinc dövrdə onları alətə çevirsin”.
"Başqa bir məsələ: məlum insidenti yerində işıqlandıran media qurumlarına baxın, aralarında bir dənə də olsun media orqanı yoxdur ki, hər hansı qazinin xoş gününü işıqlandırmağa meyilli olsun. Evlə, işlə təmin olunan qazinin xoş günü ətrafında siyasi şou düzəltmək mümkün olmadığı üçün Sorosun Azərbaycandakı cib mediası bu məsələləri göstərməkdə maraqlı deyil. Niyə? Çünki, Azərbaycanda qaziyə diqqət və qayğını göstərmək Ermənistanda ruh düşkünlüyü yaradar. Əksinə, insidentləri qabartmaqla yaradılan şou isə Ermənistan və havadarları üçün anti-Azərbaycan kampaniyasında çox gözəl fürsətdir”, – deyə Məhərrəmov fikrini davam etdirib.
Deputatın sözlərinə görə, dövlət problemlərin həlli istiqamətində nə lazımdırsa, edəcək: "Aydındır ki, bütün müharibə iştirakçıları döyüşə vətən, torpaq və ailələri naminə qatılıb. Kimi çağırıblarsa, kimi aparıblarsa, müharibəyə o gedib, kimi çağıracaqdılarsa o da gedəcəkdi. Hamı bir nəfər kimi hazır olub. 44 günlük savaşda da bu şərəfli missiya hazırkı qazilərin üzərinə düşüb və dövlət də onların bütün sosial-məişət problemlərini həll etməyi öhdəsinə götürüb. Amma nəzərə alaq ki, biz müharibədən cəmi il yarımdır çıxmışıq. İl yarım müharibənin nəticələrini sosial müdafiə baxımından əhatələmək üçün çox kiçik bir müddətdir. Amma hər kəs əmin olsun ki, dövlət nə tədbirlər lazımdırsa, görəcək. İndi hansısa məmur, yaxud dövlət orqanı işini vicdanla görmürsə, yaxud hansısa qanunsuz tələbdə bulunursa, bunun üçün şikayət metodları var, məhkəmə var. Qazilərimiz də bilsin ki, kimin qanuni haqqı gecikdirilibsə, gecikən müddət üzrə də haqqını alacaq, bu, qanunun tələbidir və şəxsən cənab Prezidentin özünün qəti mövqeyi də bu yöndədir. Bütün bunların fonunda qapı sındırmaq çıxış yolu deyil. Bu qazilər ona görə yaralanıblar ki, erməni gəlib Bakıda qapıları qırmasın. Qazilərimiz gərək öz ideallarını yüksək tutsun. Bu mənada əslində bu qaziləri təşkilatlandıraraq həmin hadisəni törətməyə şövq edənlər Nazirliyin qapısını yox, milli birliyimizi hədəfə almışdılar. Amma polislər də, elə qazilərimizin çoxu da çox adekvat davranaraq prosesin şişməsinə yol vermədilər”.
"Qazilərimizin 99 faizi xalqını, dövlətini sevən və bunu sübut etmiş insanlardır. Ona görə də hesab edirəm ki, baş vermiş hadisə bizə yaraşmadı. Eyni zamanda baş verənlər aidiyyəti strukturlarda vəzifə öhdəliklərini layiqincə yerinə yetirə bilməyənlərə də göstərdi ki, dövlət rəhbərinin qoyduğu tələblərdən, xətdən kənara çıxmaq olmaz. Ölkə Prezidentinin qaziyə, şəhid ailəsinə münasibəti nədirsə, məmurun da davranışı bu çərçivədə olmalıdır”, – deyə həmsöhbətimiz fikrini yekunlaşdırıb.