Bu yaxınlarda Sosial Tədqiqatlar Mərkəzinin (STM) keçirdiyi rəy sorğusu əhalinin yerli icra hakimiyyəti orqanlarına inamının gözlənildiyindən də aşağı olduğunu göstərdi. Sorğunun nəticələrinə əsasən, respondentlərin 22,7%-i yerli icra hakimiyyəti orqanlarına tam, 22,8%-i əsasən etibar etdiyini bildirib. 14,1% respondent icra orqanlarına etibar etmədiyini, 37,3% isə heç etibar etmədiyini qeyd edib. İştirakçılardan 3,2%-i qərarsız mövqe nümayiş etdirib.
Təqdim olunan nəticələr icra hakimiyyətlərinin fəaliyyətinin sakinləri qane etməməsi kimi şərh edilir. Bu mənada hesab olunur ki, icra strukturunda dəyişikliklər edilməli, ilk olaraq Qarabağda tətbiq olunan yeni idarəetmə modeli ölkənin digər bölgələrini də əhatə etməlidir.
İndiki durumda əhalinin etibar etmədiyi icra hakimiyyətlərinin ləğvi mümkündürmü?
Bu barədə Modern.az-a danışan Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bildirib ki, burada icra hakimiyyətlərinin ləğvindən çox səmərəliliyin artırılması məsələsi önə çıxmalıdır:
"Qurumlar adını dəyişə bilər. Başqa yeniliklər də ola bilər. Ancaq söhbət təşkilati strukturun səmərəliliyinin artırılmasından gedir. Cənab Prezident əhalinin problemlərinin həllinə daha çox diqqət etməyi, insanlarla sıx işləməyi, sahibkarlara geniş şərait yaratmağı bir vəzifə kimi vaxtaşırı rayon və şəhər icra hakimiyyətlərinin rəhbərlərinə tapşırır. Hazırda işini günün tələbləri səviyyəsində quran şəhər-rayon icra hakimiyyətləri var. Bununla belə rəy sorğusunun nəticəsi göstərir ki, müəyyən problemlər hələ də qalır”.
Deputatın sözlərinə görə, bəzi icra orqanları öz fəaliyyətlərində yenilik etməyi bacarmalıdır:
"İcra başçıları kabinetlərdən çıxıb insanların yanında olmağı bacarmalıdır. Problemləri qruplaşdıraraq hakimiyyət qarşısında ciddi şəkildə qaldırmalıdırlar. Düzdür, bu, bütün icra hakimiyyətlərinə aid deyil. Ancaq ümumi rəy sorğusunda faiz bir o qədər yüksək deyilsə, bu, o deməkdir ki, artıq hər kəs yenilik etməlidir. Məmurlar insanlarla işləməyi özünə əsas vəzifə hesab etməlidir. Vətəndaşların istəyi onlara diqqət göstərilməsi, iş yerlərinin olması, problemlərin dinlənilməsi mexanizminin şəffaf və operativ işləməsidir. Bu məsələlər yerlərdə həll olunmaldır.
Hesab edirəm ki, cənab Prezidentin tələblərinə düzgün əməl edənlər, onun tövsiyələrini yerinə yetirənlər uğur qazanacaqlar. Əhalinin hakimiyyət orqanlarına münasibəti göstərir ki, onlar daha çox diqqət tələb edirlər”.
Qarabağda yaradılan idarəetmə sisteminin digər rayonlarda tətbiqinə gəlincə, deputat bu sistemin özünü doğrultduğunu söyləyib:
"Prezidentin Qarabağdakı xüsusi nümayəndəliyi özünü doğruldur. Onların əsas məqsədi hələlik təhlükəsizliyin təmin edilməsidir. Bundan sonra yerli əhali ilə işləmə mexanizmi nəzərdən keçirilə bilər və istənilən yenilik tətbiq oluna bilər. Amma həmin yeniliyi gözləmədən hazırda daha yaxşı işləmək üçün çalışmaq lazımdır”.