Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva "Qafqazinfo”ya müsahibə verib.
Shafaqadogru.com həmin müsahibəni təqdim edir:
- Təhsil naziri kollegiya iclasında mozaikaların sökülməsi ilə bağlı sizə ciddi xəbərdarlıq edib. Həmin xəbərdarlığa münasibətinizi öyrənmək istəyirik.
- Kollegiyaya məni də dəvət etmişdilər. Söhbət universitetin fasadında qurulmuş mozaikanın sökülməsindən gedirdi. Bu mozaika barəsində nazir məlumat verdikdən sonra mənim məlumatım dinlənildi. Bildirdim ki, bu məsələ universitetdə təhsil nazirimizin razılığı ilə aparılacaq əsaslı təmir işləri ilə birgə başlayıb. Bu təmir işləri əsaslıdır. Çünki universitetin əsaslı təmirə ehtiyacı çox böyük idi.
Bu universitetə rektor təyin olunduğum birinci gündən etibarən proqram tutulub. Plan üzrə işləməyə başlamışıq. Lap ilk günlərdə universitetin həyətində 50 tonluq su anbarı inşa etməyə başladıq. Bu ondan irəli gəlirdi ki, universitetin su təchizatı yox idi. Saatla su gəlir və o da yuxarı mərtəbələrə qalxmırdı. Kimsə qəzalardan sığortalanmayıb. Təhlükənin qarşısını almaq üçün su anbarın quraşdırılması böyük əhəmiyyət kəsb edirdi. Bir də təəccüblənirəm ki, niyə görəsən, indiyə kimi Fövqəladə Hallar Nazirliyi suyun təchizatı məsələsinə belə etinasız yanaşıb? Hazırda su anbarı tikilib, kollektorlar da qoyulub. Anbarın üstündə tələbələrin istirahət etməsi üçün "bisedka" yaradırıq.
Universitetin kitabxanası, arxivi yarıya qədər rütubətin içində idi. Çünki birinci mərtəbədə yerləşirdi və ventelyasiya sistemi yoxdur. Təcili şəkildə kitabxanaya, arxivə, yeməkxanaya, akt zalına, foyeyə havalandırma sistemi qoyduq. Bu boyda universitetdə yeməkxananın havalanadırma sistemi yox idi. Nəfəs almaq mümkün deyildi. Yarım saat gedib kitabxanada işlədim, gördüm ki, koftamdan kəskin kif iyisi gəlir.
Həmçinin universitetdə internet sistemi yox idi. 50 km uzunluğunda bütün otaqlara wi fi sistemi çəkmişik. İstilik sistemi yox idi. Camaat qışda soyuqda tir-tir əsirmiş. Onu yaratdıq. Kanalizasiya sistemi 5-ci və 6-cı mərtəbələrdə çürümüşdü. Zirzəmiyə tökülürdü. Sistemi kökündən dəyişdirdik.
Bu gün təhsil sistemimiz möhtərəm prezidentimizin insan kapitalı siyasətini həyata keçirir. Hər yerdə elektron universitet yaradılır. İnnovativ proqramları mənimsəmək üçün keyfiyyətli dərs tələb olunur. Təsəvvür edin ki, bu universitetin bir auditoriyasında bircə dənə də kompüter yoxdur. Buna inanmaq çox çətindir. Mən bunu gözlərimlə görəndən sonra inandım ki, bu universitet ümumiyyətlə texniki təchizatdan məhrum edilib. Biz universitetə ağıllı lövhələr, kompüterlər, noutbuklar, planşetlər, kondisionerlər almışıq. İlin sonuna qədər universiteti tam texnoloji avadanlıqlarla təchiz edəcəyik. Burada 90-cı illərdən qalmış, paslanmış partalar var idi. Yeni partalar almışıq. 200 nəfərlik yeməkxana yenidən qurulur. 16 ədəd yanğına qarşı şitlər quraşdırılıb. 116 ədəd müşahidə kamerası, 7 turniket quraşdırılıb. Bundan sonra yad adamlar universitetə daxil ola bilməyəcəklər. Əslində, burada inzibati təsərrüfat şöbəsinin içində yad adamlar çoxdur. Hansı ki onlar ştat cədvəlinə düşüblər, amma üzlərini heç kim tanımır. Tualetlərin hamısı başdan-başa təzələnib.
Universitetə daxil olanda bilmirdin ki, bura universitetdir, yoxsa supermarket? Biri sim-sim kartı satırdı, biri printer qoyub kağız çıxarırdı. Heydər Əliyevin büstünün yanında kafe açmışdılar. Şou- biznesin adamlarının portretləri asılmışdı. Məsələn Röyanın. Mənim Röyanın səsinə çox böyük hörmətim var. Ədəbiyyatımızı, musiqimizi ürəkdən sevən insanam. Milləti də tanıdan bunlardır.
Universitetin giriş qapısı nə gündə idi. Bu universitetin qarderobu yox idi. Bu o demək idi ki, hamı paltolu, plaşlı yuxarı qalxırmış. Mədəniyyət bundan irəli gəlir. Heydər Əliyevin büstü sintetik materialdan idi. İndi mərmərdən sifariş etmişik. Bir akt zalı var idi ki, kəndlərdə olan mədəniyyət klublarına bənzəyirdi. Oturacaqlar, pərdələr, pəncərələr pis gündə idi. Bütün otaqlar hamısı təmir olundu. Kimin əlinə nə keçirdisə gətirib divara yapışdırırmış. İndi isə hər yerdə təbliğat lövhələri quraşdırılacaq.
- Yenidən mozaika məsələsinə qayıdaq. Onların sökülməsi ictimaiyyət arasında etiraza səbəb oldu. Bu hansısa zərurətdən irəli gəldi, yoxsa necə?
- O mozaikaya görə mənim başım çox ağrıdı. Mozaikaya bizim dünya ədəbiyyatına daxil olan 6 şəxsiyyətin şəkli həkk olumuşdu. Nizami Gəncəvi, Nəsimi, Mirzə Fətəli Axundzadə, Hüseyn Cavid, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov. Bu şəxsiyyətlərə nəinki etinasız yanaşmaq, o sözü dilə gətirmək belə günahdır. Onlar bizim millətin sərvətidir. Onlar millətin yaratdıqlarının fövqündə duran şəxsiyyətlərdir. Mən bunların hamısının fərqinə varıram və gözəl anlayıram. O şəxsiyyətlərin yaradıcılığını da 95 faiz əzbər bilirəm. Milli sərvətlərimizə hörmət insanın daxilində, beynində yaşamalıdır. Amma vaxtilə hər hansı sənətkarın çox böyük əziyyətlər bahasına, həm də universitetin xərci bahasına tikdirdiyi o mozaika artıq 46 il idi ki, o divara həkk olunmuşdu. Bu 46 ildə ultrabənövşəyi şüalar, yağış, qar, isti, soyuq hamısı onun üstünə vurmuşdu. Onun görünmə səviyyəsi solğunlaşmışdı, əhəmiyyətini itirmişdi. Hətta bizim dəvətimizlə Mədəniyyət Nazirliyinin Tarixi abidələrin bərpası, qorunması Xidmətindən gəlmiş mütəxəssislər dedilər ki, onun arxasındakı kərpicin içi boşaldılmış kərpicdir. Nə yaxşı ki, uzun illər bu mozaikanı saxlaya bilib. Çox təəccüblüdür. Şəkillərini də çəkmişik.
- Bərpa etmək mümkün deyildi?
- Onu təzədən bərpa etmək o demək idi ki, orada drellə işlər getməli idi. Halbuki dreli bir dəfə ora vuran kimi hamısı yerə töküləcəkdi. Bir dəfə tələbəmizin başına ordan qəlpə də düşüb.
Yenisini quraşdırmaq da mümkün deyildi. İndi göstərdiyim kimi universitetin fasadı şərq üslubunda olacaq. Mozaikalar XX əsrdə dəbdə idi. Uşaq bağçalarına, avtobus dayanacaqlarına, lagerlərə vururdular. O vaxt dəbdə idi. Bu gün bu mozaikanı bu qədər şişirtməyin ona görə mənası yoxdur ki, nə bu bina tarixi abidədir, nə də mozaika bədii əhəmiyyət kəsb edirdi. O mozaika ona görə qiymətli idi ki, orada dühaların şəkli var idi. Mozaikanın özünün isə bir sənət əsəri kimi böyük əhəmiyyət kəsb etdiyini deyə bilmərik. Mədəniyyət Nazirliyinin yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətinə ünvanladığımız məktuba gələn cavabı oxuyum:
"Hörmətli Nurlana xanım, məktubunuza baxıldı. Bildiririk ki, Nəsimi rayonu Süleyman Rüstəm küçəsində yerləşən Bakı Slavyan Universitetinin binası daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülməyib.”
İkinci məktubda isə yazılır ki, "Bakı Slavyan Universitetinin fasadında quraşdırılmış mozaika panosunun dəyərləndirilməsi məqsədilə mütəxəssis rəyinin verilməsi haqqında məktubunuza Mədəniyyət və Turizm Nazirliyinin yanında Mədəni irsin qorunması, inkişafı və bərpası üzrə dövlət xidmətində baxıldı. Məktubda qaldırılmış məsələ ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasına müraciət etməyiniz məqsədəuyğundur”. Yəni Xidmət rəy verdi, indi akademiyaya müraciət olunmalıdır. Akademiyadan gələn cavab məktubunda bildirilir ki , "Qeyd edilən ünvanda yerləşən BSU-nun üzərində olan 1972- ci ilə aid pano mozaikası ilə bağlı məktuba akademiyada baxılmışdır.
1972-ci ilə aid olan pano mozaikası daşınmaz tarix və mədəniyyət abidəsi kimi dövlət qeydiyyatına götürülməmişdir”. Və nəhayət Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığımız məktuba gələn cavabda bildirilir ki, "Universitet binasının fasadında olan mozaikanın sökülüb yerində yeni fasadın qurulmasına etiraz etmirik”. Daha bundan başqa nə ola bilər ? Bütün icazələr alınandan sonra sökülmə prosesinə başlanılıb.
- Belə olan halda, bəs niyə nazir sizə ciddi xəbərdarlıq etdi?
- Ona görə ki əvvəl mozaika söküldü, sonra yarıda saxlanıldı. Təhsil nazirinə məktub yazdıq. Fasadın dizaynını da göndərdik. Təhsil Nazirliyində məktuba baxıldı, ancaq bizə cavab gəlmədi. Sözün düzü, mən belə başa düşdüm ki, yəqin, razıdılar və ona görə cavab vermirlər. Razı olmasaydılar zəng vurub deyərdilər ki, sökülmə prosesini dayandırın. Təhsil Nazirliyi də yəqin ondan rəncidə düşüb ki, biz yarıdan sonra niyə işimizi dayandırmayıb davam etdirdik. Mən belə düşünürəm. Əslində mən bu işi görməmişdən əvvəl bir məqsədim olub. Bakı Slavyan Universiteti qapısından tutmuş ta sonuncu mərtəbəyə qədər müasir tələbləri özündə ehtiva edən təhsil müəssisəsinə çevrilsin. Yəni əgər mənim mozaikanı sökəndən sonra onun yerində planlaşdırdığımız və dizaynerin verdiyi təsdiq olunmuş fasad ətrafda insanların zövqünə oxşayacaq bir şəkildə olacaqsa, mən burada hər hansı problem görmürəm.
- Təhsil naziri sizə irad bildirəndə nə cavab verdiniz?
- Burada sizə hansı cavabları verdimsə, orada da o cür cavablar verdim.
- Nə dedilər?
- Nə deyəcəklər. Heç nə. Burada məsələ Kütləvi İnformasiya Vasitələrinin şərhindən gedir. Mən bu gün KİV-lər içərisində az sayda media tanıyıram ki, onlar həqiqəti deyirlər. Bu mozaikanı bəhanə edib mənim haqqımda nələr demədilər ki.
- Belə bir söhbət yayıldı ki, universitetdə rus dilini qadağan etmisiniz...
- Əvvəla, bu söhbəti edən sayt, ya da qəzet özünə hörmət etmir. Bu o deməkdir ki, ağzına gələni danışır. Nə öz saytına, nə də qəzetinə hörmətlə yanaşır. Bir ağıllı insanın beyninə gələsi məsələ deyil ki, Bakı Slavyan Universitetninin rektoru desin ki, rus dilini qadağan edirəm. Mənim ailəmdə beş alim yaşayır. Hamısı da rus dillidir. Anam və qardaşım rus dili müəllimi olub. Mən gözümü açandan evimizdə Puşkinin, Tolstoyun, Dostoyevskinin, Lermontovun, Derjavinin, Karantinin kitablarını görmüşəm. Bu absurd şeyləri gündəmə necə gətirirlər? Yazdılar ki, "Nurlana Əliyeva adına qocalar evi”. Bu nə deməkdir? Sənə kim icazə verib ki, Nurlana Əliyevanı bu tərzdə təhqir edirsən. Sən respublikada aparıcı qüvvə olan Yeni Azərbaycan Partiyasının Qadınlar Şurasını, partiyanın İdarə Heyətini, 26 il təhsil müəssisəsində təşkilatçı kimi işləyən insanı, böyük təltiflərin sahibini, prezidentin sərəncamı ilə "Şöhrət” ordeni, əməkdar müəllim adını almış insanı ağzın hardan cırılıb ki, o tərzdə təhqir edirsən? Qocalar evi nə deməkdir? Qocalar olmasaydı, sənin kimi cavanlar dünyayı dağıdardı. Burada cavanlar işləyirdi, niyə işləmədilər axıra kimi? Bakı Slavyan Universitetinin bircə adı qalıb. Buranın ən gözəl mütəxəssisləri hamısı dağılıb gedib orda- burda işləyir. Bakı Slavyan Universitetində bu gün 110 nəfər "ölü can” yaşayır. Universitetdə bu gün şişirdilmiş elə ştat cədvəli var ki, adam baxanda başının tükləri ayağa durur. Nədən danışırsan? Bəli, Nurlana Əliyeva qocalıb. Amma sənin kimi riyakarlıqla deyil, şərəflə, millətə xidmətlə qocalıb. Gözəl nəslin, ailənin nümayəndəsidir. Amma bilmirik ki, sən haranın dələduzusan. Sonra da deyirlər ki, Nurlana xanım KİV-lərə müsahibə vermir. Əlbəttə, vermərəm. O mozaika məsələsi ilə bağlı yazan adam kimdir ki, mənim haqqımda ağzına gələni danışdı . O "professor” hələ də bilmir ki, XVI əsrdə Braziliyada yaranıb mozaika. Nə olsun? Bu saat hansı dövrdə yaşayırıq. İnternetin qabağında oturub mən bu saat dünya haqqında elə məlumatlar təqdim edərəm ki. Amma bunlar internet yaranandan sonra yenilik deyil. Kimisə təhqir etmək, onun haqqında mədəniyyətsiz danışmaq elə ən böyük şərəfsizlikdir.
Milli sərvətlərə arxa çevirmək olmaz. Mən yenə də təkrar edirəm ki, o fasada həkk olunan şəxsiyyətlərin yaradıcılığını əzbər bilirəm. "Hop hopnaməni” əzbər bilirəm. Sənin isə bəlkə heç xəbərin də yoxdur. Mozaikadan yapışıb qalmısan. Yeniləşdiririk də, neynirik. Deyir, "lazımsa cəhalətlə güləşmək, bir çarə var, ancaq yeniləşmək”. Biz də yeniləşdiririk, təmir edirik, təchiz edirik. Buna görə sizin çox sağolunuz mənə lazım deyil. Bu, mənim borcumdur. Mən bu yaşda bura gəlmişəm ki, ömrünün vəfa etdiyi qədər təhsilimizin inkişafına xidmət edim. Bəs sən neynirsən? Oturub kimisə güdürsən. Kiminsə nöqsanı oldusa, başlayırsan ağzına gələni yazmağa, özü də təhqirlə. Sən millətin övladı deyilsən. Çünki sən təhqir edəndə başa düşmürsən ki, bu Nurlana xanımın bəlkə evində gəlinləri, övladları, azman-azman kişiləri var. Mənim bu yaşda əldə etdikərimin fövqündə dura övladlarımın mənəviyyatıdır. Onların əsl vətəndaşlığıdır. Mənim övladlarım hər hansı bir insan haqqında fikir yürüdəndə təkcə onu yox, ətrafını da fikirləşirlər. Sən isə gözünü yumub ağzını açırsan. Sənin kimi ağız açanlar çoxdur. Və o ağız açanlara qalsa, mən gərək burada işləməzdim. Məni də bura sənin kimilər deyil, ölkəmizin rəhbəri, təhsilimizin başında duran insanlar rəva bilib.
- Yuxarıda sadaladığınız bir çox yeniləşmə işlərini görürsünüz. Biz də bunların canlı şahidi olduq. Ancaq bunlarla deyil, tək mozaika məsələsinə görə günlərcə müzakirə mövzusuna çevrildiniz. Necə düşünürsünüz, bəlkə KİV-lərə açıq olmadığınıza, gördüyünüz işlər barəsində məlumat vermədiyinizə görə bu mövzuyla gündəmdə qaldınız...
- İş haqqında o vaxt məlumat verərlər ki, o işin heç olmasa 70-80 faizi görülüb qurtarsın. Mən o işi görməmiş bağ belə, bostan belə deyə bilmərəm. Hələ iki aydır ki, bura təyin olumuşam. Bir oturun, gözləyin Baxın görün ki, bu təyinatın axırı nə ilə bitir. Yeni tədris ili gəlsin. Mən elə bura çatan kimi deyim ki, bunu belə eləyəcəm. Bəlkə, heç edə bilməyəcəm? Bəlkə, ömür vəfa etməyəcək, bəlkə vəsait çatmayacaq. Buranın bir qara qəpik pulu yox idi. Sağolsun dövlətimiz, müraciət etdik, bizə müsbət cavab verdilər. Bu saat universitetin 300 min manat borcu var. Müxtəlif dövlət qurumlarına, suya, işığa, gəlir vergisinə, telefon qovşağına, dizenfeksiya idarəsinə, kommunal xidmətlər idarəsinə, "Azəristiliktəchizat” a və.s qurumlara ümumilikdə 318 min 962 min manat borcu var.
- İndi bu borcun aqibəti necə olacaq? Kim ödəyəcək?
- Bunlar universitetin üstündə qalan borclardır. Bunları biz verməliyik, bəs kim ödəməlidir?
- Universitetdə vahid geyim forması tətbiq edəcəyiniz barədə məlumatlar yayıldı. Bununla bağlı nə deyə bilərsiniz?
- Mən Azərbaycan Pedaqoji Kollecində 26 il direktor işləmişəm. Hələ yetkinlik yaşına çatmamış bizim qızlarımız göbəyini açıb bayırda qoyurdu. Hər insanın geyim tərzi olmalıdır, yerinə görə. Sən bu koftanla dram teatrının tamaşasına baxmağa gedərsən? Mən bura brilliantlar taxım gəlim, zər -zibanın içində olum, mənə necə baxarsız? Ümumiyyətlə, mən toya da heç elə geyinmirəm. Elə geyinsəm, bu tələbələr məndən nə götürərlər?
Azərbaycandan xarici ölkələrə qapılar açıldı. Cürbəcür şou-biznes adamları açıq geyimlər gətirdilər Bunlar gənclərə qeyri-adi təsir etdi. Başladılar, onlar tərzdə geyinməyə. Çox boyanmağa, əşhədü dərəcədə mental dəyərlərimizə arxa çevriməyə. Mən də buna stop dedim. Dedim ki, kollecə forma geyinin gəlin. Evinizdə hansı tərzdə geyinirsinizsə, valideynləriniz bilər. Məktəbə isə qara ətək, ağ köynəkdə gələcəksiniz. Korporativ geyim formasını da Təhsil Nazirliyi göndərdi. Müəllim çox yüksək kablokda gəzə bilməz, sinəsi, qolu çox açıq paltarlar geyinə bilməz. Daş-qaş taxıb gələ bilməz.
Bu universitetdə isə tələbələrə forma geyindirmək fikrində deyiləm. Çünki bunlar ali təhsil almağa gəlmiş, yetkinlik yaşına çatmış vətəndaşlardır. Mən onlara geyim öyrədə bilmərəm. Hər kəsin özünün zövqü olmalıdır. Universitetin borcu odur ki, müxtəlif tədbirlərlə tələbələrə sağlam zövq aşılasın. Mən burda ağzımı açıq geyim haqqında danışmamışam. Amma hamı yazır ki Nurlana xanım orda forma qoyub. Nə bilim saqqallı kişiləri, şortikdə gəzən adamları universitetə buraxmır. Yüz dənə söz yazdılar. Belə də KİV olar? Mən ümumiyyətlə bu universitetin tələbələri ilə görüşməmişəm. Üzümü hələ tələbələr görməyiblər. Bundan sonra tədbirlərdə görəcəklər.
Universitetə lift quraşdırmağa görə mənə nələr dedilər? Birinci mərtəbəyə lift nəyə lazım idi? Əvvəla, onu deyim ki, biz XXI əsrdə yaşayırıq. Bu gün dünyanın inkişaf etmiş şəhərlərinə küçələrə eskalatorlar qoyurlar. Bunu mən gözümlə görmüşəm. Burada nə qədər yaşlı müəllim-professor heyəti var. Pismi olar düyməcəyi basıb 6-cı mərtəbəyə qalxsalar?! Bu yaxşıdı, yoxsa ləhləyə-ləhləyə pilləkən qalxmaları? Sonra da auditoriyada 15 dəqiqə nəfəslərini dərirlər. Hansı yaxşıdır? Təqdir olunmalı şeyləri təhqir edirlər.
- Bəs haqqınızda dediyiniz şayiələrin yayılmasının səbəbi nədir?
- Baxın bütün bunların səbəbi odur ki, həmin bütün bunları yazan şəxs mənə belə bir sms göndərdi. "Nurlana xanım salam. Sizdən yazı çıxır, onunla bağlı danışmaq istəyirdim. Ş-hərfinə də dollar işarəsi qoyub”. (Həmin mesajı rektor bizə göstərir-red) İndi başa düşdünüz ? Mən əgər ana olmasaydım, qarşımdakının oğlum səviyyəsində olmasını beynimdə götür-qoy etməsəydim, bunu elə beləcə də mətbuatda yayardım. Məhkəməyə verərdim.
- Həmin şəxsin adını açıqlaya bilərsinizmi?
- Adını açıqlamaq istəmirəm. Ona görə ki ailəsi gəlib gözümün qabağında durur. Gənc ailəsi , körpə uşaqları, ağbirçək anası var. O adam xislətini dəyişməlidir. Mənim borcum onun xislətini dəyişmək deyil. Məni cəmiyyət tanıyır. İllər uzunu seçki təbliğatlarında rolum olub. Mən həmişə Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin seçkilərdə səlahiyyətli nümayəndəsi olmuşam. Bu gün mən sizi niyə qəbul elədim? Səhərdən nə qədər jurnalist zəng vurur. Çünki "Qafqazinfo” mənim hörmət bəslədiyim saytdır ki, mən orada həqiqətləri oxumuşam. Hərçənd ki siz də təhriflə mənim haqqımda yazılanları vermisiniz. İki aydır ki, 40 dərəcə istidə hər gün burdayam. Burada həm molyaram, həm məntəqə sədriyəm, redaktor, korrektor, rektoram. Bura canımı qoymuşam ki, tələbələr dərsə gəldiyi gün buranı tamamilə dəyişmiş görsünlər.
Göstəriş vermişəm ki, müəllim-professor heyətinin məvacibi artırılsın. Bu ilki qəbul 12 il ərzində bu universitetdə heç vaxt olmayıb. Niyə? Ona görə ki mən 4 kanalda universitetin reklamını vermişəm. O saat da öz təsirini göstərdi. Deməli, il boyu burada peşə yönümlü təbliğat işlərini aparmaq lazımdır. Açıq qapılar keçirilməli, valdeynlərlə görüşülməli, müxtəlif tədbirlər keçirilməlidir.
- Maaşları nə qədər artıracaqsız?
- Qədərini hələ müəyyənləşdirə bilməmişik. Reytinq cədvəli tərtib etmişik. Hansı professorun neçə dərsliyi, kitabı var kimi məsələlərə baxacağıq. Onun nəşr olunmuş məqalələri nəzərə alınaraq reytinq cədvəlinə əsasən məvacibi müəyyənləşəcək.
- Köhnə kollektivi işdən çıxarmısınız?
- Heç hələ bir nəfər də olsun bura işçi götürməmişəm. Amma 4 nəfər işçini çıxarmışam. Bir bu cür xaotik məsələləri bu universitetə qara hərflərlə həkk edən kadrlar şöbəsinin müdirini işdən çıxartmışam. Çünki o burada 110 "ölü can” saxlayıb. Bir onun bu əməllərinə rəvac verən, çiynini onun çiyninə söykəyib hərəkət edən baş mühasibi çıxartmışam. O bu 300 min borcu universitetə rəva bilib. İki nəfəri də oğurluq üstündə çıxarmışam.
- Şirməmməd Hüseynovun kürəkənini bəs necə?
- Fərəh xanımın həyat yoldaşı burada mətbuat xidmətində işləyir. Hazırda məzuniyyətdədir. Mən bir həftədir ki, işə gəlmişdim. Bir də gördüm xəbər çıxdı ki, Adil müəllim buradan uzaqlaşdırılıb. Belə bir şey yoxdur. Adil müəllimə dedim ki, deyəsən, məni qabaqlayırsız, özünüz haqqında belə yazdırırsınız ki, sizi işdən çıxardan olmasın? Güldü və dedi ki xəbəri yoxdur. Yaşlı adamdır. Özü məzuniyyətə getməmişdən qabaq mənə gəlib dedi ki, bu tələblərlə burada işləyə bilməyəcək. Canında qəlpə gəzdirir, müharibə veteranı, yaşlı adamdır. Mən gərək sizin yanınıza gündə neçə dəfə gəlib gedim. Nə qədər saytlar var. Hamısı ilə əlaqə qurmaq lazımdır. Bunu bacarmayacam, məni işdən azad edin. Dedim, məzuniyyətə gedin gəlin baxarıq.